Məhkəmə qərarları › İş №e-2-2(115)-84/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-84/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-84/2025 05.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 1535,27 manat əsas borc, 315,37 manat faiz borcu, cəmi 1850,64 manat borc məbləğinin və ödənilmiş 38,50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X6 arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 639/1 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 12 ay müddətinə qaytarılması şərtilə illik 15%-lə, cəmi 3200 manat kredit verilmişdir. Cavabdehlər kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, əsas borcdan 1664,73 manat, faiz borcundan 230,88 manat ödəniş etmiş, əsas borcu üzrə 1535,27 manat, faiz borcu üzrə 315,37 manat borcları qalmışdır. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərinin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-344/2024 saylı qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlər xx.xx.2024-cü il tarixdə 40 manat ödəniş etmişlər, həmin məbləğ əsas borc məbləğindən silinmişdir. Həmin halın nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X6 arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 686/1 saylı kredit müqaviləsindən görünür ki, əkinçiliyin inkişafı və becərmə işləri məqsədilə 12 ay müddətinə, illik 15% faiz dərəcəsi ilə 3200 manat (Cavabdeh3 1000 manat, Cavabdeh4 800 manat, Cavabdeh1 700 manat, X4 700 manat) məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmişdir ki, bu müqavilənin şərtləri əsasında kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupun hər biri alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz üzərlərinə götürür. Birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan birgə borcluların üzərinə keçir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli 9/1983 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X3 iddiaçıya xx.xx.2024-cü il tarixə 1645,28 manat əsas, 2191,91 manat faiz borcu təşkil edir. Xidmət haqqı 100 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X6 arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 686/1 saylı kredit müqaviləsinə əsasən əkinçiliyin inkişafı və becərmə işləri məqsədilə 12 ay müddətinə, illik 15% faiz dərəcəsi ilə birgə borclular Cavabdeh3 1000 manat, Cavabdeh4 800 manat, Cavabdeh1 700 manat, X4 700 manat, cəmi 3200 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehlərə vermiş, cavabdehlər isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşlar. Cavabdehlərin 1535,27 manat əsas borc, 315,37 manat faiz borcu olmaqla 1850,64 manat borcu qalmışdır. Cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixdə 40 manat ödəniş edilmiş, həmin məbləğ əsas borcdan çıxılmışdır. Ödənilmiş məbləğ də nəzərə alınmaqla cavabdehlərin 1495,27 manat əsas borc, 315,37 manat faiz borcu olmaqla 1810,64 manat borc mövcuddur. Ona görə də 1495,27 manat əsas borc, 315,37 manat faiz borcu olmaqla 1810,64 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 38,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 38,50 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X6 arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 686/1 saylı kredit müqaviləsinə əsasən 1495 manat 27 qəpik əsas borc, 315 manat 37 qəpik faiz borcu olmaqla, cəmi 1810 (bir min səkkiz yüz on) manat 64 (altmış dörd) qəpik borc və 38 (otuz səkkiz) manat 50 (əlli) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar