Məhkəmə qərarları › İş №e-2-2(115)-85/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-85/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-85/2025 18.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 7647,14 manat əsas, 85,07 manat faiz, 45,55 manat cərimə borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 51 manat dövlət rusumu və dövlət rüsumu kimi ödənilən 98 manat olmaqla, ümumilikdə 7777,76 manat borcun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Kəpəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 307 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi İddiaçı ASC-nin “Kəpəz” filialı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 322 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM121901166 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 8109,15 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli LM121901166 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2024-cü il tarixli **********560 saylı, xx.xx.2024-cü il tarixli **********992 saylı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2025-ci il tarixli e-2-2(115)-85/2025 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbin əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi issəsinə xitam verilmiş, əmlaklar satıldıqdan sonra cavabdehin ipoteka predmeti olan əmlakdan çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması ilə bağlı icra qurumuna müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Məhkəmənin əvvəli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddiaçı ilə aralarında belə razılıq oldu ki, aybaay borcunu ödəsin. Bu səbəbdən ödəniş qəbzini məhkəməyə gətirməsə də 1000 manat ödəniş etmişdir. İddianın geri qaytarılması barədə niyə görə ərizə vermədiklərinin səbəbini bilmir. Aybaay nəyə gücü çatır borcundan ödəyəcək. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin iddiaçı da məhkəmə iclasında nümayəndəsini iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 307 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 6% оlmaqla 36 ay müddətinə 13000 məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 322 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 30000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli LM121901166 nömrəli restrukturizsiya müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, borcalanın illik 1% dərəcəsi ilə 8109,15 manat borcu xx.xx.2019-cu ilədək restrukturizsiya olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli LM121901166 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.2-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 30000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli LM121901166 nömrəli restrukturizsiya müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 7647,14 manat əsas bоrcu, 85 manat faiz bоrcu, 45,55 manat cərimə borcu olmaqla, cəmi 7777,76 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Göygöl küçəsi, ev 4, 2 nömrəli mənzilin bazar qiyməti 45000 manat, likvid qiyməti 36000 manat təşkil edir. Xidmət haqqı ümumilidə 350 manat qeyd edilmişdir. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Göygöl küçəsi, ev 4, 2 nömrəli mənzil bazar dəyəri 84000 manat, likvid dəyəri isə 75600 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manat təşkil edir. . İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə restrukturizsiya müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcalanın illik 1% dərəcəsi ilə 8109,15 manat borcu xx.xx.2019-cu ilədək restrukturizsiya olunmuşdur. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 7647 manat 14 qəpik əsas borcu, 85 manat 07 qəpik faiz borcu, 45 manat 55 qəpik cərimə borcu vardır. Odur ki, 7647 manat 14 qəpik əsas borc, 85 manat 07 qəpik faiz borcu, 45 manat 55 qəpik cərimə borcu olmaqla 7777 manat 76 qəpik borc Cavabdeh2 tutularaq ləğv ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 75600 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat rüsum, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 98 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat rüsum, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 98 manat dövlət rüsumu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 manat ekspertiza xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına, 500 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli LM121901166 saylı kredit müqaviləsi üzrə 7647 manat 14 qəpik əsas borc, 85 manat 07 qəpik faiz borcu, 45 manat 55 qəpik cərimə borcu olmaqla 7777 (yeddi min yeddi yüz yetmiş yeddi) manat 76 (yetmiş altı) qəpik borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat və ödənilmiş 98 (doxsan səkkiz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın, mənzilin ilkin satış qiyməti 75600 (yetmiş beş min altı yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod: 805539, VÖEN: **********, S.W.İ.F.T.BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (M/h:AZ61NABZ********************, "xxxx" ASC, Kod:502155, VÖEN: **********, SWİFT kod: RBTAAZ22, H/h: AZ26RBTA********************, VÖEN: **********) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar