Məhkəmə qərarları › İş №e-2-2(115)-863/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-863/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-863/2025 24.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 15194 manat 52 qəpik məbləğində krеdit bоrcu, 1274 manat 31 qəpik məbləğində faiz bоrcu və 379 manat 87 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16848 manat 70 qəpik məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat 55 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001L**********25 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4805 manat 48 qəpik ödəmiş, onun 15194 manat 52 qəpik məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 126 gün üçün hesablanmış faiz borcu 1274 manat 31 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 126 gün üçün hеsablanmış cərimə 379 manat 87 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçı tərəfndən faiz və cərimə borcu artıq hesablanmışdır. Maliyyə vəziyyətində baş vermis ciddi maddi ziyanlar səbəbindən vaxtında ödənişləri tam həyata keçirməkdə çətinliklər yaşamışdır. Buna baxmayaraq borcun əsas məbləğini maddi vəziyyəti yaxşı olduğu təqdirdə ödəməyə hazırdır. xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 27 dekabr 2023-cü il tarixdə İddiaçı QSC ilə müqavilə bağlamışdır. Bankdan pul götürəndə taksi fəaliyyəti ilə məşğul olurdu, imkanı yaxşı idi. Götürdüyü kreditlə şirniyyat mağazası açmış, ancaq kredit kifayət etmədiyi üçün taksilərini satmış, digər borclarını ödəmişdir. Banka olan borcunu 4 ay müddətində vaxtıvaxtında ödəmişdir. Sonra dəyişikliklər olduğu üçün ona işləməyə icazə verməşlər. Zaminlər Cavabdeh3 dayısı oğludur, Cavabdeh2 isə sinif yoldaşıdır. Sonuncu dəfə 30 may 2024-cü ildə tarixdə ödəniş etmişdir. Vaxt verilsə sentyabr ayından etibarən ödəniş edə bilər. xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş digər Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə zamin durmuşdur, borcu qəbul edir. İddiaçının nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və X1 izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001L**********25 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli OUT-2024/11/05-46 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə 15194 manat 52 qəpik əsas borc, 1274 manat 31 qəpik faiz borcu, 379 manat 87 qəpik cərimə olmaqla cəmi 16848 manat 70 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-dən 20000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 001L**********25 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 140 manat 55 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə 15194 manat 52 qəpik əsas borc, 1274 manat 31 qəpik faiz borcu, 379 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 16848 manat 70 qəpik məbləğində borc və ödənilmiş 140 manat 55 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə 15194 manat 52 qəpik əsas borc, 1274 manat 31 qəpik faiz borcu, 379 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 16848 manat 70 qəpik məbləğində borc və ödənilmiş 140 manat 55 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar