Məhkəmə qərarları › İş №e-2-2(115)-886/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-886/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-886/2025 04.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəymiş ziyan) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 57495,53 (əlli yeddi min dörd yüz doxsan beş manat əlli üç qəpik) manat məbləğində pulun və ödənilmiş 262,49 (iki yüz altmış iki manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) 14 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi əsasında cəmiyyətə məxsus mağazalarda elektrik naqillərinin çəkilməsi xidmətlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cəmiyyətin audit departamenti tərəfindən 18-28 iyul 2022-ci il tarixlərdə Cavabdeh gördüyü işlər yoxlanılarkən müəyyən edilmişdir ki o, tələb ediləndən artıq miqdarda elektrik naqilləri sifariş etmiş, daha sonra həmin naqilləri istifadə etdikdən sonra artıq qalan böyük hissələrini öz mənafeyi üçün gizli olaraq götürmüş və bununla da müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək cəmiyyətə ümumilikdə 57495,53 (əlli yeddi min dörd yüz doxsan beş manat əlli üç qəpik) manat maddi ziyan vurmuşdur. Bununla bağlı cəmiyyət tərəfindən aktlar tərtib edilmiş, həmin aktlar Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd edilən faktla bağlı DİN-nin Binəqədi RPİ-yə, Binəqədi rayon prokurorluğuna müraciət edilmişdir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin təhqiqatçısı Aslan Haqverdiyevin 10 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh ilə aralarında olan müqavilə tələbləri əsas gətirilməklə ona qarşı mülki qaydada məhkəməyə müraciət dilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh təhqiqat orqanına verdiyi izahatında etdiyi əməli etiraf etmişdir. Bundan başqa cəmiyyət tərəfindən də ondan 28 iyul 2022-ci il tarixdə izahat alınmış və izahatında o, etdiyi əməli etiraf etmişdir. Təhqiqatçının bu qərarından Binəqədi rayon prokurorluğuna, Daxili İşlər Nazirliyinə və məhkəmə nəzarəti qaydasında dəfələrlə şikayətlər edilməsinə baxmayaraq qeyd edilən qərar ləğv edilməmiş, bununla bağlı göstərilən orqanların səlahiyyətli şəxsləri tərəfindən qəbul edilən zaman onlara təkrarən mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi bildirilmişdir. Bu səbəbdən də Cavabdeh qarşı mülki qaydada iddia verilməsi qərara alınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ACH-25/25 saylı bildiriş (pretenziya) cavabdehin qeydiyyatda və yaşadığı ünvanına göndərilmişdir. Bundan başqa Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, hər dəfə borcun ödənişini qısa müddət ərzində həyata keçirəcəyini bildirsə də, onun tərəfindən bu günədək hər hansı ödəniş olmamışdır.

II. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görülməsinə (poçt bildirişləri, sms xəbərdarlıq və nümayəndəliyə məktub göndərilməsinə) baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, E14/2020 nömrəli müqavilədən görünür ki, Sifarişçi bu Müqaviləyə əlavə olunmuş, tərəflər arasında öncədən razılaşdırılmış xidməti sifariş verməyi və "İcraçıya razılaşdırılmış xidmət haqqı məbləğini ödəməyi, "icraçı" isə müqavilədə müəyyən olunmuş qaydada xidmətlər göstərməyi öhdəsinə götürmüşdür.

7. 10 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış X1 izahatında "xxxx" MMC-yə məxsus naqilləri istifadə etdikdən sonra artıq qalıq qalmış naqilləri ayrı-ayrı mağazalara sataraq əldə etdiyi pullara borcunu vermiş və buna görə də etdiyi həmin əməllərə görə peşman olduğunu bildirmişdir.

8. Cədvəldən, çıxarışlardan və elektrik mallarının çıxış qaimələrindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə ümumilikdə 57495,53 manat maddi ziyan vurulmuşdur.

9. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, vurulmuş 57495,53 manat məbləğində maddi ziyanın 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir.

IV. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

V.Məhkəmənin mövqeyi

a) müqavilə üzrə dəymiş ziyanın tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 sentyabr 2020-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Sifarişçi bu Müqaviləyə əlavə olunmuş, tərəflər arasında öncədən razılaşdırılmış xidməti sifariş verməyi və "İcraçıya razılaşdırılmış xidmət haqqı məbləğini ödəməyi, "icraçı" isə müqavilədə müəyyən olunmuş qaydada xidmətlər göstərməyi öhdəsinə götürmüşdür.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

15. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

17. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

18. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və göstərilən xidmətlər və işlərin ümümi dəyəri həmin müqaviləyə əsasın müəyyən olunur.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. İş materiallarından görünür ki, Cavabdeh 14 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi əsasında İddiaçı MMC-nə məxsus mağazalarda elektrik naqillərinin çəkilməsi xidmətlərini həyata keçirməyi öz öhdəsinə götürmüş, lakin yoxlama nəticəsində müəyyən edilmişdir ki o, tələb ediləndən artıq miqdarda elektrik naqilləri sifariş etmiş, daha sonra həmin naqilləri istifadə etdikdən sonra artıq qalan böyük hissələrini öz mənafeyi üçün gizli olaraq götürmüş və bununla da müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək cəmiyyətə ümumilikdə 57495,53 manat maddi ziyan vurmuşdur. X1 polis idarəsində verdiyi izahatında "xxxx" MMC-yə məxsus naqilləri istifadə etdikdən sonra artıq qalıq qalmış naqilləri ayrı-ayrı mağazalara sataraq əldə etdiyi pullara borcunu vermiş və buna görə də etdiyi həmin əməllərə görə peşman olduğunu bildirmişdir.

21. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 57495,53 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

22. İddiaçı eləcə də 262,49 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 262,49 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 262,49 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

Vİ.Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 57495,53 manat pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

28. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 57495,53 (əlli yeddi min dörd yüz doxsan beş manat əlli üç qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 262,49 (iki yüz altmış iki manat qırx doqquz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar