Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-895/2025 17.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSCnin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 3371,15 manat məbləğində krеdit bоrcu, 1890 manat məbləğində faiz bоrcu və 732,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5993 (beş min doqquz yüz doxsan üç) manat 56 (əlli altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 79,94 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Həsənov Kərəm Qara oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 34L000000328 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 34L000000328S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Kərəm Qara oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həsənov Kərəm Qara oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Kərəm Qara oğlu götürdüyü krеdit bоrcundan 6628.85 manat ödəmiş, onun 3371,15 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Həsənov Kərəm Qara oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 849 gün üçün hesablanmış faiz borcu 1890 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 849 gün üçün hеsablanmış cərimə 732,41 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Kərəm Qara oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənov Kərəm Qara oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Həsənov Kərəm Qara oğlunun vəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda qeyd olunmuşdur ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.1076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Həsənov Kərəm Qara oğlunun adına ümumbirgə mülkiyyət hüququ ilə xx.xx.2018-ci ildə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğularının cavab məktublarından məlum olmuşdur ki, Həsənov Kərəm Qara oğlunun təsərrüfatında arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 yaşayır. Belə ki, faktiki vərəsələr- Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh3 və Cavabdeh4 mərhum Həsənov Kərəm Qara oğlunun faktiki vərəsəsi hesab edilir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktubundan məlum olmuşdur ki, CH1012LC markalı, 2008 istehsal illi, 57CA264 nömrə nişanlı nəqliyyat vasitəsi üzrə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli şəhadətnamə ilə Həsənov Kərəm Qara oğluna verilmişdir. Həmin nəqliyyat vasitəsi üzrə istifadə hüququ xx.xx.2023-cü ildən xx.xx.2033-cü ilə qədər Cavabdeh4 etibarnamə ilə verilmişdir.
II. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi X3 iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
6. İddiaçı "xxxx" QSC (bank qismində) ilə Həsənov Kərəm Qara oğlu (kredit alan qismində) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 34L000000328 saylı uzunmüddətli kredit müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000.00 (otuz min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (1.2). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 04 dekabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir.
7. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 34L000000328S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir.
8. İddiaçı QSC ilə Həsənov Kərəm Qara oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 10000.00 (on min) manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).
9. İddiaçı QSC ilə Həsənov Kərəm Qara oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 15 dekabr 2020-ci il, son ödəniş tarixi isə 15 noyabr 2022-ci il olmaqla 10000 manat kredit məbləği və 3115,52 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 10000 manat məbləğində pul 50 manat komissiya tutulmaqla Həsənov Kərəm Qara oğlunun AZ08ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.
11. İddiaçı QSC ilə Həsənov Kərəm Qara oğlu arasında bağlanmış 13 iyul 2021-ci il tarixli sazişlə xx.xx.2020-ci il tarixli 006R********** saylı razılaşmaya dəyişiklik edilmiş, yeni ödəniş planı üzrə ilk ödəniş 13 iyul 2021-ci il, son ödəniş tarixi isə 15 noyabr 2022-ci il olmaqla 9546,83 manat kredit məbləği və 2751 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
12. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki Cavabdeh1 xx.xx.2013-cü il tarixli 34L000000328 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300.000 ABŞ dolları; Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 ay; Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (1.1).
13. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki Cavabdeh2 xx.xx.2013-cü il tarixli 34L000000328 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300.000 ABŞ dolları; Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 ay; Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (1.1).
14. 09 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənov Kərəm Qara oğlunun xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə banka 3371,15 manat əsas borcu, 1890 manat məbləğində faiz bоrcu və 732,41 manat cərimə borcu olmaqla, cəmi 5993,56 manat məbləğində borcu var.
15. 03.06.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-BPMQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Həsənov Kərəm Qara oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsi barədə https://exidmet.justice.gov.az:8284/Notariat/İnheritanceİnfo saytından çıxarışdan görünür ki, Həsənov Kərəm Qara oğlunun ölümü ilə bağlı vərəsəlik işi açılmamışdır.
17. Şəmkir rayon İHB-nın Əliyaqublu kənd İƏD üzrə nümayəndəsinin 06 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu Əliyaqublu kənd sakini mərhum Həsənov Kərəm Qara oğlunun təsərrüfatında arvadı Cavabdeh3 Kərəm qızı və oğlu Cavabdeh4 yaşayır.
18. Şəmkir rayonu Əliyaqublu bələdiyyəsinin 09 dekabr 2024-cü il tarixli 47 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu Əliyaqublu kənd sakini mərhum Həsənov Kərəm Qara oğlunun 0.10 ha torpaq sahəsində istixanası var. Hal-hazırda istixana arvadı Cavabdeh3 Kərəm qızının istifadəsindədir.
19. 09 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (3371,15 manat əsas borcu, 1890 manat məbləğində faiz bоrcu və 732,41 manat cərimə borcu) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2025-ci il tarixli 9/2999 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Həsənov Kərəm Qara oğlunun xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 7348,35 manat, faiz borcu üzrə 178,40 manatdır. 15 noyabr 2022-ci il tarixdən sonra 4148,99 manat ödəniş edilmiş və 3377,76 manat əsas, 0,00 manat faiz borcu qalmışdır.
III. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
27. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
28. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
29. Şəmkir rayon İHB-nın Əliyaqublu kənd İƏD üzrə nümayəndəsinin 06 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu Əliyaqublu kənd sakini mərhum Həsənov Kərəm Qara oğlunun təsərrüfatında arvadı Cavabdeh3 Kərəm qızı və oğlu Cavabdeh4 yaşayır.
30. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub cavabdehlərə 09 yanvar 2025-ci il tarixdə göndərilmişdir.
31. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
32. İş materiallarından görünür ki, tərəflər arasında olan kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ildə bitmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 09 yanvar 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
33. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
34. 09 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənov Kərəm Qara oğlunun xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə banka 3371,15 manat əsas borcu, 1890 manat məbləğində faiz bоrcu və 732,41 manat cərimə borcu olmaqla, cəmi 5993,56 manat məbləğində borcu var.
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2025-ci il tarixli 9/2999 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Həsənov Kərəm Qara oğlunun xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 7348,35 manat, faiz borcu üzrə 178,40 manat təşkil edir. 15 noyabr 2022-ci il tarixdən sonra 4148,99 manat ödəniş edilmiş və 3377,76 manat əsas, 0,00 manat faiz borcu qalmışdır.
36. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli razılaşma üzrə xx.xx.2021-ci il tarixli 006R**********S saylı saziş nəzərə alınmaqla) tutulmalı əsas borc 3371,15 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2025-ci il tarixli 9/2999 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin ödənişlərdən sonra heç bir faiz borcu qalmamışdır.
38. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı işdən görünür ki, miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı vərəsə tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
39. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə 3377,76 manat əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
41. İddia ərizəsində iddiaçı xx.xx.2020-ci il tarixli razılaşma üzrə 732,41 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
42. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 168,55 manat (əsas borcun 5 % həddində) məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
43. İddiaçı eləcə də 79,94 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 79,94 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,40 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 24,54 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilməlidir.
48. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2025-ci il tarixli 9/2999 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 100 manat təşkil edir.
49. Buna görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə mərhum Həsənov Kərəm Qara oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması (xx.xx.2021-ci il tarixli 006R**********S saylı saziş nəzərə alınmaqla) üzrə 3371,15 manat əsas borc və 168,55 manat cərimə borcu olmaqla, cəmi 3539,7 manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidi.
51. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum Həsənov Kərəm Qara oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması (xx.xx.2021-ci il tarixli 006R**********S saylı saziş nəzərə alınmaqla) üzrə 3371,15 manat əsas borc və 168,55 manat cərimə borcu olmaqla, cəmi 3539,7 (üç min beş yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,40 (əlli beş manat qırx qəpik) manat pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 24,54 (iyirmi dörd manat əlli dörd qəpik) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli