Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-897/2023 18.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 24 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 5629.11 manat əsas borc, 3461.97 manat faiz borcu, 814.09 manat cərimə borcu, kredit müqaviləsinin bitdiyi 24 may 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək illik 5% lə hesablanmış 208,3 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 10113.47 manat, 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.20 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-cü il 31 oktyabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 36% illik 120 ay müddətinə 60000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2019-cü il 24 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 22%-lə 36 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi ibarət fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi 2018-cü il 31 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il fevralın 17-dək Cavabdeh1 2019-cü il 24 may tarixli kredit müqaviləsi üzrə banka 5629.11 manat əsas borc, 3461.97 manat faiz borcu, 814.09 manat cərimə borcu, kredit müqaviləsinin bitdiyi 24 may 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək illik 5% lə hesablanmış 208.3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10113.47 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 31 oktyabr 2018-cü il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASCnin “Bərdə” filialından 36% illik 120 ay müddətinə 60000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 31 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh1 tam mülkiyyətində olan 109.2 kv.m ümumi ibarət fərdi yaşayış evi və Cavabdeh2, Cavabdeh1 Cavabdeh4, X2 və Cavabdeh3 birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətlərindən görünür ki, Cavabdeh1 tam mülkiyyətində olan 109.2 kv.m ümumi ibarət fərdi yaşayış evi və Cavabdeh2, Cavabdeh1 Cavabdeh4, X2 və Cavabdeh3 birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC (hazırda İddiaçı ASC)-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 məxsus Bərdə rayonu, Mollalı kəndində yerləşən fərdi yşayış evində Cavabdeh2, Cavabdeh4, X6 və Cavabdeh3 qeydiyyatdadırlar. 24 may 2019-cü il tarixli, 12-BİZ-1-0-53/18 nömrəli kredit müqaviləsinə əsasən borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh1 11 000 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2019-cü il 24 may tarixli kredit müqaviləsi üzrə banka 5629.11 manat əsas borc, 3461.97 manat faiz borcu, 814.09 manat cərimə borcu, kredit müqaviləsinin bitdiyi 24 may 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək illik 5% lə hesablanmış 208.3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10113.47 manat borcu vardır. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01080 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 210 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 21 avqust 2023-cü il tarixli 02- 142/23 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 tam mülkiyyətində olan 109.2 kv.m ümumi ibarət fərdi yaşayış evinin və Cavabdeh2, Cavabdeh1 Cavabdeh4, X2 və Cavabdeh3 birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 25 000, likvid dəyəri isə 20 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, 31 oktyabr 2018-cü il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 36% illik 120 ay müddətinə 60000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 24 may 2019-cü il tarixli, 12-BİZ-1-0-53/18 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 11 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq 31 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 214 manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli qərardadında qeyd edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5629,11 manat əsas borc, 3461,97 manat faiz borcu və 214 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 24 may 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək illik 5 %-lə hesablanmış 208,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9513,38 manat borc və 210 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 20000 manat olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5629,11 manat əsas borc, 3461,97 manat faiz borcu və 214 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 24 may 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək illik 5 %-lə hesablanmış 208,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9513,38 manat borc və 210 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 20.000 manat olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh3 birgə mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 109.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. İş üzrə 300(üç yüz) manat ekspertiza xərci cavabdeh X4 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. Cavabdeh X4 115,13 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-897/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-897/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver