Məhkəmə qərarları › İş №e-2-2(115)-898/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-898/2024

20.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-898/2024 20.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 2 278,71 (ƏDV daxil) manat, cərimə sanksiyası olaraq 227, 87 (ƏDV daxil) manat (cəmi 2506,58 manat) və ödənilmiş 45,06 (qırx beş manat 06 qəpik) manat dövlət rüsumunun cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tutulub ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 28 sentyabr tarixli SA-683 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (icraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Şəmkir rayon İH-nin Kür qəsəbə nümayəndəliyinin (sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Şəmkir rayon İH-nin Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Şəmkir rayon İH-nin Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184 800,00 (yüz səksən dörd min səkkiz yüz) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bildiririk ki, 2020-ci il 28 sentyabr tarixli SA-683 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 28 sentyabr tarixli SA-683 saylı müqavilə üzrə 70 465,09 (yetmiş min dörd yüz altmış beş manat 09 qəpik) (ƏDV daxil) dəyərində ərzaq məhsulları Şəmkir rayon İH Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, Şəmkir rayon İH Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 2 278,71 ((ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 2 278,71 (ƏDV daxil) manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 28 sentyabr tarixli SA-683 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 227,87 manat (ƏDV daxil) dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 29 aprel 2024-cü il tarixli, e-2-2(115)-898/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli SA-683 saylı ərzaq məhsullarının satın alınması barədə müqavilədən görünür ki, İddiaçı ASC müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə cavabdeh Şəmkir rayon İH-nin Kür qəsəbə nümayəndəliyinin təklifini qəbul etdiyini və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi, həmçinin cavabdeh Şəmkir rayon İH-nin Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, 28 sentyabr 2020-ci il tarixli SA-683 saylı müqaviləsi üzrə cavabdehə ümumi dəyəri 70465 manat 09 qəpik olan ərzaq məhsulları verilmiş, hal-hazırda cavabdehin iddiaçıya 2278 manat 71 qəpik borcu mövcuddur. İş materiallarına əlavə olunmuş iddiaçı və cavabdeh arasında 2021-ci il dövrü üzrə 10 yanvar 2022-ci il tarixli qarşılıqlı hesablaşmalar aktından görünür ki, cavabdehin iddiaçıya 2278 manat 71 qəpik borcu olduğu hər iki tərəfin nümayəndələri tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə alqı-satqı müqaviləsindən irəli gələn 2278,71 manat məbləğində borcunu ödəməyərək, öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasına riayət edərək, cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 2 278,71 (ƏDV daxil) manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 45 manat 06 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2278 manat 71 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2378 manat 71 qəpik məbləğində borc və ödənilmiş 45 manat 06 qəpik dövlət rüsumu cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2278 manat 71 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2378 manat 71 qəpik məbləğində borc və ödənilmiş 45 manat 06 qəpik dövlət rüsumu cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar