Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-900/2024 27.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 2078,18 manat, cərimə sanksiyası olaraq 207,82 manat pulun, cəmi 2286,00 manat və ödənilmiş 42,86 manat dövlət rüsumunun cavabdeh Şəmkir rayon İH-nin Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 28 sentyabr tarixli SA-674 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Şəmkir rayon İH-nin Dəllər Cəyir kənd İƏD nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Şəmkir rayon İH-nin Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Şəmkir rayon İH-nin Dəllər Cəyir kəndİƏD nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 46 200,00 (qırx altı min iki yüz) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bildirirlər ki, 2020-ci il 28 sentyabr tarixli SA- 674 saylı müqavilə üzrə öhdəliklərinin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 28 sentyabr tarixli SA-674 saylı müqavilə üzrə 22791,15 manat dəyərində ərzaq məhsulları Şəmkir rayon İH Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, Şəmkir rayon İH Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 2078,18 manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 2078,18 manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 28 sentyabr tarixli SA- 674 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 207,82 (iki yüz yeddi manat 82 qəpik) (ƏDV daxil) dəyərində cərimə sanksiyası tətbiq edilməlidir Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndələri Nümayəndə1 və X3 məhkəmə iclasında izahatlarında bildirmişlər ki, iddia tələbini müdafiə edirlər və məhkəmədən iddianın təmin olunmasını xahiş edirlər. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahatında bildirdi ki, məktəbəqədər təhsil müəssisələri onların səlahiyyətində olan zaman onlara illik büdcə ayrılırdı və ödənişləri edirdilər, indiki halda isə onların səlahiyyətində deyil və bundan sonra borcdan xəbardar olmuşlar. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, 2021-ci il üçün olan pul köçürmələri 18476,61 manat təşkil edib. Onlar hər il avans götürmüşlər. İddiaçı ASC tərəfindən onlara qaimələr göndərilir və həmin qaimə əsasında avans üzrə ödəniş edilir. İddiaçı ASC-nin mühasibi Sənan müəllimlə danışan zamanda bildirmişlər ki, 2021-ci ilin iyun ayına aid olan 4305,87 manat məğində malların alış sənədi cədvəldə görünmür. 2021-ci il üçün ümumi qaimələrin məbləği 22740,97 manat təşkil edir. Məktəbəqədər təhsil müəssisələri onların səlahiyyətində olan zaman onlara illik büdcə ayrılırdı. İndi isə həmin büdcə ayrılmır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qiymət cədvəli, qarşılıqlı hesablaşmalar aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli, SA-674 nömrəli müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 46200 manat təşkil edir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 2078,18 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 2078,18 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 207,82 manat cərimənin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 42,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 42,86 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 42,86 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2078,18 manat əsas borc, 207,82 manat cərimə olmaqla, cəmi 2286 manat məbləğində pul və ödənilmiş 42,86 manat dövlət rüsumu cavabdeh Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2078,18 manat əsas borc, 207,82 manat cərimə olmaqla, cəmi 2286 manat məbləğində pul və ödənilmiş 42,86 manat dövlət rüsumu cavabdeh Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-900/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-900/2024
27.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver