Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-908/2023 26.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3066,32 ABŞ dolları əsas borc, 745,47 ABŞ dolları faiz borcu, 2371,51 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 450,64 ABŞ dolları faiz borcu olmaqla cəmi 6633,94 ABŞ dolları borcun və ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 18 ay müddətinə illik 21,2 faiz olmaqla 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 410007572/ZM nömrəli 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə 11 aprel 2017ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5827,58 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və illik 8 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, cavabdehlə 2-ci müqavilə bağlanan zaman dolların kursu 1,05 manatla hesablanırdı. Hesab edir ki, cavabdehə konpensasiya düzgün tətbiq edilməmişdir. 10000 dollara kimi borclara kompensasiya tətbiq edilsə də cavabdehə tətbiq edilməmişdir. Ola bilər ki, iddiaçı tərəfindən cavabdehə aid məlumatlar Mərkəzi Banka düzgün təqdim edilməmişdir. Həmçinin Bankın da məhkəməyə vaxtında müraciət etməməsini düzgen hesab etmir. Əgər vaxtında məhkəməyə müraciət olunsaydı cavabdehə bu qədər borc hesablanmazdı. İddia ərizəsində qeyd edilən borc məbləği ilə razı deyil. Ona görə də iddia tələbinə etiraz edir və borcun düzgün hesablanmadığı üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 21.2 faiz оlmaqla 18 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 42,4% dəbbə pulu hesablanması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 410007572/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 aprel 2017-ci il tarixli xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 5212,74 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********333 saylı bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********635 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 3066,32 ABŞ dolları əsas bоrcu, 745,47 ABŞ dolları faiz bоrcu, 2371,51 ABŞ dolları cərimə borcu və 450,64 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 6633,94 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 21,2 faiz оlmaqla 18 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Sonradan kredit müqaviləsinə əlavə saziş bağlanılmış və kreditin məbləği dəqiqləşdirilmiş, müddəti uzadılmışdır. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 5212,74 manat məbləğində kredit borcunun olması qeyd edilmiş və həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya 5212,74 manat kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh2 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 5212,74 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti 18 ay, yəni xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişlə restrukturizasiya edilmiş kreditinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 5212,74 kredit borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72,13 manat dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filalı ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 5212 (beş min iki yüz on iki) manat 74 (yetmiş dörd) qəpik kredit borcu, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 72 (yetmiş iki) manat 13 (on üç) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-908/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-908/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver