Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-909/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 əsas borc kimi 2239 manat, əldən çıxmış fayda kimi 1344 manat, ümumilikdə 3582 manat, Cavabdeh1 əsas borc kimi 2030 manat, əldən çıxmış fayda kimi 1218 manat, ümumilikdə 3248 manat, Cavabdeh2 əsas borc kimi 17502 manat, əldən çıxmış fayda kimi 9421 manat, ümumilikdə 26923 manat, həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 191,26 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti 10000 manatdan çox olan iddialara iddia icraatı qaydasında baxılmalıdır. Lakin iddiaçı iddianı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2.-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə əlavə olaraq diqqətə çatdırır ki, iddia icraatı qaydasında məhkəməyə müraciət olunan zaman aşağıdakı hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdehlər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və pretenziya barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdehlər qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehlərə təqdim edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud deyildir. İddiaçı Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əməl etməli olduğu halda bunu etməmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı öz iddia ərizəsində borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hər cavabdehə ayrıayrılıqda şifahi borc müqaviləsinə əsasən lotoreya biletləri vermişdir. İddiaçı üç cavabdehə qarşı pul tələbi irəli sürsə də, mübahisənin mahiyyəti ilə bağlı olan şifahi borc müqavilələri bir-bir ilə əlaqədar olmayan müstəqil şəkildə ayrı-ayrı şəxslər arasında bağlanılmış müqavilələrdir. Belə olan halda iddiaçı hər cavabdehə qarşı ayrı-ayrılıqda iddia tələbi irəli sürə bilərdi. Lakin iddiaçı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan tələbi birləşdirərək məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin nəzərinizə çatdırılır ki, iddia ərizəsinə sübut kimi əlavə olunmuş sənədlərin formatı jpg-dir. Göstərilən sənədlərə “Elektron məhkəmə” informasiya sistemində baxılması mümkün deyildir. Növbəti dəfə məhkəməyə müraciət edən zaman həmin sənədlər pdf formasında təqdim olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-3 və 284-4.-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-909/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-909/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver