Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-911/2025 06.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka, iddia müddəti) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh4 nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27.788,94 (iyirmi yeddi min yeddi yüz səksən səkkiz manat, 94 qəpik) manat borcun, bundan 14.984,75 (on dörd min doqquz yüz səksən dörd manat, 75 qəpik) manat əsas, 2.025,31 (iki min iyirmi beş manat, 31 qəpik) manat faiz, 4.673,52 (dörd min altı yüz yetmiş üç manat, 52 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6.051,36 (altı min əlli bir manat, 36 qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 51 (əlli) manat dövlət rusumu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində xərcin Cavabdeh4 tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ Cavabdeh3 Tərxan qızına, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qazax filialı ilə Cavabdeh4arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1519 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6 (altı) faiz ödənilmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ünvan 1 ünvanında Cavabdeh3 Tərxan qızının, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 46.73 kv.m yaşayış, 64.73 kv.m ümumi sahədən ibarət 3 otaqlı 49 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzil ipotekaya qoyulması barədə bank ilə Cavabdeh3 Tərxan qızı, Cavabdeh1 qız və Cavabdeh2 ilə aranızda xx.xx.2013-cü il tarixli 1519/38 nömrəli İpoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/80-2/2024 və 12-5/82-2/2024 bildirişlərin və pretenziyaların göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh4 kredit üzrə cəmi borcu 27.788,94 (iyirmi yeddi min yeddi yüz səksən səkkiz manat, 94 qəpik) manat təşkil edir. Bundan 14.984,75 (on dörd min doqquz yüz səksən dörd manat, 75 qəpik) manat əsas, 2.025,31 (iki min iyirmi beş manat, 31 qəpik) manat faiz, 4.673,52 (dörd min altı yüz yetmiş üç manat, 52 qəpik) manat cərimə vəAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 6.051,36 (altı min əlli bir manat, 36 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli xx.xx.2013-cü il tarixli 1519 nömrəli kredit müqaviləsi, Cavabdeh3 Tərxan qızı, Cavabdeh1 və Cavabdeh2 ilə aranızda xx.xx.2013-cü il tarixli 1519/38 nömrəli ipoteka müqaviləsi, 12-5/279/2024 nömrəli 08.08.24-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışdır.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü kimi iddianın rədd edilməsini xahiş etmişlər.
II. Tərəflərin mövqeyi
4. İddiaçı iddia ərizəsində qeyd göstərərək, iddialarını müdafiə etdiklərini və nümayəndə iştirak etmədikdə işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh4 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Sübutların tədqiqi
6. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1519 saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh4 illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
7. 17.09.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3 Tərxan qızının, Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 816 nömrəli reyestr kitabının 76112 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. 04 sentyabr 2013-cü il tarixli 1519/38 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 1.2-ci bəndində göstərilən 04 sentyabr 2013-cü il tarixli 1519/38 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3 Tərxan qızına, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzili ipoteka qoyur. İpotekaya qoyulmuş əmlak 30.000 manat məbləğində qiymətləndirilmişdir.
9. 08.10.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil İddiaçı ASC-nin Qazax filialının xeyrinə xx.xx.2013-cü il tarixli, 1519/38 KM saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 816 nömrəli reyestr kitabının 76112 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. 08 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2013-cü il tarixli, 1519 saylı kredit müqaviləsi üzrə 05 avqust 2024-cü il tarixə banka 14984,75 manat əsas, 2025,31 manat faiz, 4763,52 manat cərimə, 6015,36 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 27788,94 manat borcu vardır.
11. 08 avqust 2024-cü il tarixli bildirişlə müəyyən olunur ki, Cavabdeh4 3 günü ərzində gecikdirilmiş ödəniş məbləğinin (14984,75 manat əsas, 2025,31 manat faiz, 4763,52 manat cərimə, 6015,36 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 27788,94 manat borcun) banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
12. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-m131-0625 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin bazar dəyəri 187400 manat, likvid dəyəri isə 168700 manat təşkil edir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli, 9/2998 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh4 xx.xx.2013-cü il tarixli, 1519 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixə banka 14984,75 manat əsas, 2022,79 manat faiz borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə gecikdirilmiş faiz borcu isə 5933,54 manat təşkil edir.
IV. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
16. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013cü il tarixli qərarı
Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
V. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə bağlı
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
22. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh4 08 avqust 2024-cü il tarixdə göndərilmişdir.
23. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
24. İşin məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1519 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh4 illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 04 sentyabr 2013-cü il tarixli 1519/38 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 1.2-ci bəndində göstərilən 04 sentyabr 2013-cü il tarixli 1519/38 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3 Tərxan qızına, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzili ipoteka qoymuşdur.
25. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü kimi iddianın rədd edilməsini xahiş etmişlər.
26. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
27. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddia müddətinin tətbiq edilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
28. Hazırkı halda isə iddiaçı kredit müqaviləsi üzrə borcunun tutulması ilə bağlı subyektiv hüquqa malikdir, həmin subyektiv hüquq isə cavabdeh tərəfindən pozulmuşdur.
29. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1519 saylı kredit müqaviləsindən görünür ki, borcluya verilən kreditin müddəti 36 ay müddətinə müəyyən olunmuş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilmişdir.
30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
31. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
32. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
33. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2013-cü il tarixdə bağlandığından və müqavilənin icra müddəti xx.xx.2016-cı il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2016-cı il tarixdən başlamışdır.
34. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə bitmişdir.
35. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu artıq xx.xx.2016-cı il tarixdən bildiyi halda, yalnız xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 8 il 7ay 6 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür.
36. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyü üçün kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində iddia rədd edilməlidir.
b) Kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əldə olunmuş vəsaitin borca yönəldilməsi və əmlakın boşaldılması tələbi ilə bağlı
37. İddia ərizəsində iddiaçı tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ Cavabdeh3 Tərxan qızına, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsini də xahiş etmişdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
39. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia müddəti ötürüldüyü üçün kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində iddia rədd edildiyindən, əlavə tələb üzrə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əldə olunmuş vəsaitin borca yönəldilməsi və əmlakın boşaldılması tələbi üzrə də iddia rədd edilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı eləcə də 174 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə 174 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
44. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 174 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
45. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, həmçinin, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, iş üzrə qiymətləndirmənin keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq X3 hesabına ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
47. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə qiymətləndirmənin keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ013501**********6944, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: **********, Benefisiarın hesabı: AZ26RBTA********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli