Məhkəmə qərarları › İş №e-2-2(115)-913/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-913/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-913/2023 24.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı texnikaların geri qaytarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin istifadəsində olan AZ 030055 qeydiyyat şəhadətnaməsi əsasında “X4 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxus buraxılış ili 2020 olan CAT0428FLYG03898 şassi nömrəli, CAT 428F2 markalı, ** AB *** qeydiyyat nömrəli yükləyici ekskavatorun və AZ029576 qeydiyyat şəhadətnaməsi əsasında ona məxus olan buraxılış ili 2018, CAT00320CZBN01661 şassi nömrəli, Caterpillar 320 markalı, ** AD *** qeydiyyat nömrəli ekskavatorun iddiaçıya geri qaytarılması, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 164 manat məbləğində dövlət rüsumunun, 400 manat mediasiya xərcinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş.”-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X4 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş."-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" MMC arasında imzalanmış 01 Oktyabr 2020-ci il tarixli PRO 01/10/20 saylı iş maşınlarının icarə müqaviləsinə əsasən CAT 428F2 yükləyici ekskavator icarə sonuna satış olmaqla 3 ay müddətinə icarəyə verilmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı 2000 ABŞ dolları əsas məbləğ, 360 ABŞ doları ədv olmaqla ümumi 2360 ABŞ dolları, icarə sonuna satış qiyməti isə 61,000 ABŞ dolları əsas məbləğ 10.980.00 ABŞ dolları ədv olmaqla ümümilikdə 71980 ABŞ dolları təşkil etmişdir. İcarə haqqı ilə birlikdə texnikanın qiyməti 67000 ABŞ dolları əsas məbləğ, 12060 ABŞ dolları ədv olmaqla ümimilikdə 79060 ABŞ dolları təşkil etmişdir. Tərəflər arasında imzalanmış digər 20 oktyabr 2020-ci il tarixli RPO 20/10/20 saylı iş maşınlarının icarə müqaviləsinə əsasən CAT 320 tırtıllı ekskavator icarə sonuna satış olmaqla 3 ay müddətinə icarəyə verilmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı 3000 ABŞ dolları əsas məbləğ, 540 ABŞ dolları ədv olmaqla ümumilikdə 3540 ABŞ dolları, icarə sonuna satış qiyməti isə 91000 ABŞ dolları əsas məbləğ, 16380 ABŞ dolları ədv olmaqla ümumilikdə 107380 ABŞ dolları təşkil etmişdir. İcarə haqqı ilə birlikdə texnikanın qiyməti 100000 ABŞ dolları əsas məbləğ, 18000 ABŞ dolları ədv olmaqla ümimilikdə 118000 ABŞ dolları təşkil etmişdir. Bildirmək istəyirik ki, yuxarıda qeyd edilən texnikalar tərəflər arasında imzalanmış aktlar əsasında Cavabdehə təhvil verilmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. Bildirmək istəyirik ki, yuxarıda qeyd edilən texnikaların icarə müddəti bitsə də Cavabdeh texnikaları geri qaytarılmamış, nə də icarə sonuna satış dəyərini təşkil edən qaimə (xx.xx.2021-ci il il tarixli EBAW 636726 saylı və xx.xx.2021-ci il il tarixli EBAW 637356 saylı qaimə) tarixinə olan ədv daxil 267284 manat ödəməmişdir. 01 Oktyabr 2020-ci il tarixli RPO 01/10/20 saylı iş maşınlarının icarə müqaviləsi əsasında icarəyə verilmiş CAT 428F2 (LYG03898) yükləyici ekskavator və 20 oktyabr 2020-ci il tarixli RPO 20/10/20 saylı iş maşınlarının icarə müqaviləsi əsasında icarəyə verilmiş CAT 320 (ZBN01661) tırtıllı ekskavator qeydiyyat şəhadətnamələri əsasında iddiaçının mülkiyyətindədir. CAT 428F2 (LYG03898) yükləyici ekskavatorun müqavilə bağlandığı zaman icarə sonrası satış qiyməti ədv xaric 61,000 ABŞ dolları təşkil etmişdir. Nəzərə alsaq ki, texnikanın icarəyə verilməsindən artıq 2 il müddət keçmişdir, hazırkı dövrdə həmin texnikanın satış qiyməti bazara uyğun olaraq ədv xaric 42,000.00 ABŞ dolları təşkil edir. Digər CAT 320 (ZBN01661) tırtıllı ekskavatorun müqavilə bağlandığı zaman icarə sonrası satış qiyməti ədv xaric 91,000.00 ABŞ dolları təşkil etmişdir. Nəzərə alsaq ki, texnikanın icarəyə verilməsindən artıq 2 (iki) ildən artıq müddət keçmişdir, hazırkı dövrdə həmin texnikanın satış qiyməti bazara uyğun olaraq ədv xaric 60,000.00 ABŞ dolları təşkil edir (ədv xaric 42,000 ABŞ dolları, 60,000 ABŞ dolları ümumilikdə ədv xaric 102,000 ABŞ dolları, ödəniş gününün məzənnəsinə görə ədv xaric 173,400 manat). Cavabdehə dəfələrlə qeyd edilən texnikaların geri qaytarılmasını bildirilsə də cavabdeh könüllü şəkildə texnikaları geri qaytarmamış, iddiaçıya məxsus texnikaların dəyərini ödəmədən texnikalardan qanunsuz istifadəni davam etdirərək gəlir əldə edir və onlara ziyan vurmaqda davam edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 01 oktyabr 2020-ci il tarixli RPO 01/10/20 saylı iş maşınlarının icarə müqaviləsinə əsasən Caterpillar Caterpillar 320 markalı ekskavatorun icarə sonuna satış olmaqla 3 ay müddətinə, icarə qiyməti 2000 USD olmaqla icarəyə verilmişdir. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən ödəniş qrafiki müəyyən edilmiş və tərəflər arasında imzalanaraq möhürlə təsdiq edilmişdir. Ödəniş cədvəli üzrə 67 000 USD əsas məbləğ, 12060 USD 18 % ƏDV ödəniləcəkdir. 20 oktyabr 2020-ci il tarixli RPO 20/10/20 saylı iş maşınlarının icarə müqaviləsinə əsasən CAT 320 tırtıllı ekskavator icarə sonuna satış olmaqla 3 ay müddətinə, icarə müddəti 3000 USD olmaqla icarəyə verilmişdir. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən ödəniş qrafiki müəyyən edilmiş və tərəflər arasında imzalanaraq möhürlə təsdiq edilmişdir. Ödəniş cədvəli üzrə 100 000 USD əsas məbləğ, 18 000 USD 18 % ƏDV ödəniləcəkdir. xx.xx.2021-ci il tarixli EBAW 636726 nömrəli qaiməyə əsasən 103552 manat, 637356 nömrəli qaiməyə əsasən isə 163732 manat məbləğində texnika təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 01 oktyabr 2020-ci il tarixli müqavilə üzrə satılan CAT 428F2 texnika alıcıya təhvil verilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 01 Oktyabr 2020-ci il tarixli müqavilə üzrə satılan CAT 320 texnika alıcıya təhvil verilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/2023-00027 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, qeydiyyat şəhadətnaməsi AZ 030055, buraxılış ili 2020, CAT0428FLYG03898 şassi nömrəli, CAT 428F2 markalı, **-AB-*** qeydiyyat nömrəli yükləyici ekskavator və qeydiyyat şəhadətnaməsi AZ029576, buraxılış ili 2018, CAT00320CZBN01661 şassi nömrəli, CATERPİLLAR 320 markalı, ** AD *** qeydiyyat nömrəli ekskavator “X4 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxusdur. Beləliklə, işin faktiki hallarından görünür ki, 01 oktyabr 2020-ci il tarixli RPO 01/10/20 saylı və 20 oktyabr 2020-ci il tarixli RPO 20/10/20 saylı iş maşınlarının icarə müqavilələrinə əsasən texnikalar tərəflər arasında imzalanmış aktlar əsasında cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdehlər texnikaların icarə müddəti bitsə də nə texnikaları geri qaytarmamış, nə də texnikaların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh istifadəsində olan buraxılış ili 2020, CAT0428FLYG03898 şassi nömrəli, CAT 428F2 markalı, ** AB *** qeydiyyat nömrəli yükləyici ekskavator və buraxılış ili 2018, CAT00320CZBN01661 şassi nömrəli, Caterpillar 320 markalı, ** AD *** qeydiyyat nömrəli ekskavator iddiaçı «Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh istifadəsində olan buraxılış ili 2020, CAT0428FLYG03898 şassi nömrəli, CAT 428F2 markalı, ** AB *** qeydiyyat nömrəli yükləyici ekskavator və buraxılış ili 2018, CAT00320CZBN01661 şassi nömrəli, Caterpillar 320 markalı, ** AD *** qeydiyyat nömrəli ekskavator iddiaçı «Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə geri qaytarılsın. Cavabdehndən 400 (dörd yüz) manat mediasiya xərci və 164 (bir yüz altmış dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. Cavabdehndən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar