Məhkəmə qərarları › İş №e-2-2(115)-921/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-921/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-921/2025 25.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 13048.69 manat əsas, 1156.32 manat faiz və 140.56 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14345.57 manat məbləğində borcun və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9133.26 manat əsas, 828.07 manat faiz və 83.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10044.52 manat məbləğində borcun, 163.17 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının Yelo Bank” ASC-in xeyrinə ödənilməsi; tutmanın ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və borcun hərracda yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq, ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh1, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli və Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2023cü il tarixli Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 13880.77 manat təşkil edir. Güzəşt müddəti 7 ay təşkil edir. Müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği ( əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 9601.89 manat təşkil edir. Güzəşt müddəti 7 ay təşkil edir. Müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18%-lə 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il dekabrın 23-dək Cavabdeh3 xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə banka 13048.69 manat əsas, 1156.32 manat faiz və 562.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14767.26 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 562.25 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 140.56 manat məbləğində tələb olunur. 2024-cü il dekabrın 23dək Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 9133.26 manat əsas, 828.07 manat faiz və 332.77 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10294.1 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 332.77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 83.19 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasənəsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, ev onun adınadır. Ayda 400-500 manat olmaqla ödəniş edir. Arada yalnız 1 ay ödəniş etməmişdir, qalan aylarda ödəniş edilmişdir Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limitinin ayrılmasına dair müqavilə, əsas kredit müqaviləsi, zaminlik müqavilələri, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18%-lə 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği ( əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 13880.77 manat təşkil etmiş, güzəşt müddəti 7 ay olmaqla, müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği ( əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 9601.89 manat təşkil etmiş, güzəşt müddəti 7 ay olmaqla, müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış kredit müqaviləsinə əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13048.69 manat əsas, 1156.32 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9133.26 manat əsas, 828.07 manat faiz borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13048.69 manat əsas, 1156.32 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9133.26 manat əsas, 828.07 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 140.56 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 83.19 manat cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 21 aprel 2022-ci il tarixli DA/00549/22 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC ipotekaqoyan Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin bazar dəyəri 56300 manat, likvid dəyəri 45000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 45000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 163.17 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə ekspertizası üzrə 300 manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13048.69 manat əsas, 1156.32 manat faiz və 140.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14345.57 manat məbləğində borc və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9133.26 manat əsas, 828.07 manat faiz və 83.19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10044.52 manat məbləğində borc, 163.17 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma ünvan 1i ünvanında yerləşən 1/3 hissəsi Cavabdeh1, 3/1 hissəsi Cavabdeh5, 3/1 hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 45000 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar