Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-923/2024 27.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 26 oktyabr 2022-ci il tarixli İ10/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 400 manat icarə haqqı borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 26 oktyabr 2022-ci il tarixli İ10/22 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin sahəsi 240.4 kv.m olan qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 200 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 400 manat icarə haqqı borcu yaranmışdır. Tərəflər arasında imzalanmış 28 oktyabr 2023-cü il tarixli sazişə əsasən müqaviləyə 1 noyabr 2023cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 02 may 2024-cü il tarixli e-2-2(115)-923/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli i10/22 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən bu müqavilənin 1.2-ci maddəsində göstərilən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 240,4 m2 qeyri-yaşayış sahəsini bu müqavilənin şərtləri çərçivəsində icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini icarə müddəti ərzində təyinatına uyğun olaraq qeyri-yaşayış sahəsinə zərər vurmadan icarəsinə götürməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə bu müqavilədə göstərilən müddət ərzində ödəməyi, habelə bu müqaviləyə xitam verildikdə icarə obyektini icarəyə icarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən icarəçi icarəyə verənə aylıq ƏDV daxil 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən müqavilənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 240,4 m2 qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə təhvil vermiş, icarəçi isə həmin sahəni icarəyə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli elekron qaimələrə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh müqavilə üzrə 400 manat məbləğində icarə haqqının ödənilməsinə dair qaimələr ötürülmüşdür İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli İ10/22 saylı icarə müqaviləsinin ləğvinə dair 28 oktyabr 2023-cü il tarixli sazişdən görünür ki, tərəflər qarşılıqlı razılığa gələrək 26 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinə 01 noyabr 2023-cü il tarixdən etibarən xitam vermişlər və müqavilə üzrə icarəçinin 400 manat borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair 19 mart 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borc məbləğinin ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 26 oktyabr 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 240,4 m2 qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarə obyektini icarə müddəti ərzində təyinatına uyğun istifadə etməklə icarəsinə götürməyi və aylıq ƏDV daxil 200 manat icarə haqqını ödəməyi, habelə müqaviləyə xitam verildikdə icarə obyektini icarəyə icarəyə verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, onun iddiaçıya 400 manat borcu yaranmışdır. Həmin borc məbləğinin ödənilməsi məqsədilə ona xəbərdarlıq edilmiş, lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli i10/22 saylı icarə müqaviləsinə əsasən 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-923/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-923/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver