Məhkəmə qərarları › İş №e-2-2(115)-937/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-937/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-937/2024 09.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə/ İddiaçı Cavabdeh2 Riza oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Kiyas Akkurtdan, Haydar Akkurtdan, Halis Akkurtdan və Sadrettin Akkurtdan müştərək qaydada 840000 manat müqavilə öhdəliyi üzrə pul və məhkəmə xərci üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı olan 2806,72 manat pul olmaqla cəmi 842806,72 (səkkiz yüz qırx iki min səkkiz yüz altı manat yetmiş iki qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin xahiş hissəsində texniki səhvə yol verildiyini qeyd etməklə, Cavabdeh2dan 840000 manat müqavilə öhdəliyi üzrə pul, eləcə də məhkəmə xərci üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı olan 2806,72 manat pul olmaqla cəmi 842806,72 (səkkiz yüz qırx iki min səkkiz yüz altı manat yetmiş iki qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-469/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası barədə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünü ünlü Türk iş adamı kimi ona təqdim edən Akkurt Kiyas dələduzluq yolu ilə onun 1 milyon manata yaxın vəsaitini ələ keçirdib. O, həqiqətən Gəncə şəhərində sahibkarlıq fəaliyyəti göstərirdi. X3 böyük ofisləri də var. Bir dəfə söz düşmüşdür ki, “bəs mən burda səninlə şərikli zavod aça bilərəm və həmin zavod məişət tavaları və qazanların istehsalı ilə məşğul olacaqdır”. Fərqli modellərdə və kefiyyətdə məhsul istehsal edən iki zavod olacaqdır. Mənim pulumu ələ keçirtmək məqsədi ilə məni inandırmaq üçün bildirdi ki, bu zavod Azərbaycanda yeganə zavod olacaq və bazarda onlardan başqa heç kim olmayacaq. Mənə bildirdi ki, “iki zavodun ümumi dəyəri təxminən 3 milyon manata başa gələcək. Yarısını sən qoyarsan, yarısını da mən”. Mən ilkin olaraq 2022-ci ilin əvvəllərində bu iş üçün ona 530000 manat pul vermiş, ilkin olaraq 530000 manat pulu verəndən təxminən 2-3 ay sonra 935000 manat pul vermişəm. Həmin pul biraz çox olduğu üçün Akuurt Kiyasla aralarında borc müqaviləsi də bağlamışlar. O, 530000 manatı verərkən birinci zavodun avadanlıqlarının sifarişlərini vermişlər. Onlar iddiaçıya malları hazırlamaq üçün bir az vaxt lazım olacağını bildirmişdilər. Mallar Türkiyə Respublikasından gətiriləsi olduğu üçün əsas işləri, yəni qiymətləri, daşımanı və s. cavabdeh Akkurt Kiyas özü danışırdı. Cavabdeh, Türkiyə Respublikasından birinci zavod üçün avadanlıqları alıb gətirərək mənə bildirmişdir ki, guya həmin avadanlıqlara ******* manatdan çox pul veribdir. Lakin tərəfindən araşdırma apararkən müəyyən olunmuşdur ki, həmin malların dəyəri ondan ilkin olaraq aldığı 530000 manat dəyərində olmuşdur. Yəni ancaq mənim ona verdiyim pula yetən miqdarda mal almış, məni də aldatmışdır ki, güya bir milyon xərci çıxıbdır. Mən ona bildirmişəm ki, “bəs bir milyonluq mal deyil axı, burda cəmi beş yüz min manatlıq mal var”. Cavabdeh də bildirmişdir ki, “narahatlıq yoxdur, o biri zavodun avadanlıqlarını gətirəndə səndən əlavə pul almayacağam”. Təzə avtomobil bazarı ərazisindən icarəyə yer götürüb ilkin zavodu qursalar da, həmin zavod da tam qurulmamışdı. Əslində cavabdehin mənə qarşı belə bir addım atacağını ağlıma belə gətirməzdim. Çünki cavabdehin burda uzunmüddətli sahibkarlıq fəaliyyəti var idi. Sonradan araşdırmalarla müəyyən olunmuşdu ki, əslində Akkurt Kiyasın çox adama borcu var imiş. xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış borc (kredit) müqaviləsinin şərtlərinə əsasən Akkurt Kiyas borcu xx.xx.2023-cü il tarixədək ona tamamilə qaytarmalı idi. Lakin sonradan ona aydın olmuşdur ki, cavabdeh iddiaçının etibarını qazanmaq üçün birinci zavodun avadanlıqlarını sifariş vermiş, onun pullarını ödəmişdir ki, iddiaçıdan külli miqdarda pul ala bilsin. Lakin avadanlığın gəlişi ilə bağlı sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Akkurt Kiyas onu aldatmışdır. Belə ki, zavodun qurulması üçün gətirilmiş avadanlıqlar barədə saxta sənədlər tərtib edilərək qiyməti iki dəfədən çox şişirdilməsi aşkar olunmuşdur. Bundan sonar, iddiaçı cavabdehə bildirmişdir ki, “ilk addımdan sən mənə qarşı dələduzluq etdinsə, mənim səninlə şərikliyim baş tutmaz”. İddiaçı pulun hamısını tələb etdikdə cavabdeh bildirmişdi ki, verilən 530000 manat pula görə avadanlıqlar gəlib və hamısı iddiaçıya təhvil verilmişdir. İddiaçı 935000 manatı tələb etdikdə isə cavabdeh 95000 manatı qaytarmış, digərini isə qaytarmamaq üçün ölkəni tərk edib qaçmışdı. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh Akkurt Kiyasın iddiaçıya vurduğu zərərə görə əlavə xərcləri də çıxıb. Hesab edir ki, iş üzrə dövlət rüsumuna, vəkil xidmət haqqına görə, eləcə də etibarnamə üçün ödədiyi vəsait də cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh Akkurt Kiyas hüquqlarını müdafiə etdiyi şəxsdən şərik olaraq iş qurmaq adı ilə 935000 manat pul götürmüş, lakin vədinə əməl etməmişdir. Bu səbəbdən borcun bir hissəsini, yəni 95000 manatını qaytarmışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, həmin məbləğdə borc cavabdehə verilmişdir. Məhkəmədən 840000 manat müqavilə öhdəliyi üzrə pulun, məhkəmə xərci üçün ödənilmiş və vəkil xidməti olan 2806,72 manat pulun, cəmi 842806,72 manat pulun tutulmasını xahiş edirlər.İddia tələbini müdafiə edir və məhkəmədən iddianın təmin olunmasını xahiş edir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, pul vəsaitinin köçürülməsi üçün ərizə, ödəniş tapşırığı, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 29 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 935000 manat məbləğində borc pul verməyi, borcalan isə xx.xx.2023-cü il tarixədək həmin məbləği borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, ödəniş tapşırığı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 840000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 1146,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən 1146,72 manat məbləğində dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 1146,72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 5 saylı Vəkil Bürosuna 1600 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə 1600 manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 Riza oğlundan 840000 manat məbləğində pul, ödənilmiş 1146,72 manat məbləğində dövlət rüsumu və 1660 manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Riza oğlundan 840000 manat məbləğində pul, ödənilmiş 1146,72 manat məbləğində dövlət rüsumu və 1660 manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar