Məhkəmə qərarları › İş №e-2-2(115)-939/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-939/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-939/2023 21.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəliyeva Tünzalə Gülmalı qızının iştirakı ilə İddiaçı Bayramov Marif Arif oğlunun cavabdeh Əsgərov Natik Miri oğluna qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bayramov Marif Arif oğlu cavabdeh Əsgərov Natik Miri oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əsgərov Natik Miri oğlundan ona borclu olduğu 5000 manat pulun, 60 manat mediasiya xərcinin və 10 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri Şahqayada daş karyeri vardır. Cavabdeh Əsgərov Natiq Miri oğlunu 2021-ci ildən bir müştəri kimi tanımışdır. Belə ki, o, karyerə gəlib daş plitələr düzəltmək üçün daş bloklar sifariş etmişdir. Əvvəllər cavabdeh aldığı malın pulunu vaxtlı vaxtında ödəyirdi, lakin 2022-ci ilin yanvar ayından etibarən cavabdeh aldığı daş blokların pulunu ödəmədi. Beləliklə onun 5000 (beş min) manat borcu yığılmışdır. 2022-ci ilin may ayında o, cavabdehin icarə müqaviləsi üzrə fəaliyyət göstərdiyi Samux rayonuna ”Çinar” Sahibkar Müəssisəsinə getmişdir. Cavabdeh ona bildirmişdir ki, hazırda pulu yoxdur, lakin 6 ay ərzində pulunu ödəyəcəkdir. Onunla notariusa getmişlər, lakin notarius onların arasında borc müqaviləsi bağlamaqdan imtina etmişdir. Belə ki, borc müqaviləsinin notariusda bağlanması üçün pulun həmin anda verilməsi tələb olunurdu. Buna görə cavabdeh ona 5000 manat borcu olması barədə öz əli ilə yazdığı və imzaladığı qəbzi vermişdir. Qeyd etdiyi kimi, cavabdeh pulu 6 ay ərzində verməyi öhdəsinə götürmüşdür, lakin həmin vaxtdan bir il keçməsinə baxmayaraq cavabdeh onun pulunu ödəmir. Buna görə də cavabdehin ona olan borcunun ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəliyeva Tünzalə Gülmalı qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdeh Əsgərov Natik Miri oğlundan Bayramov Marif Arif oğluna borclu olduğu 5000 manat pulun və 64 manat mediasiya xərcinin alınıb Bayramov Marif Arif oğluna verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəliyeva Tünzalə Gülmalı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh pulu 6 ay ərzində verməyi öhdəsinə götürmüşdür, lakin həmin vaxtdan bir il keçməsinə baxmayaraq cavabdeh pulu ödəmir. Qeyd etmək istəyir ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumundan azaddır, buna görə Gəncə Kommersiya Məhkəməsinin hesabına ödəniş etməmişdir. Həmçinin o, mediasiya xərci olaraq 64 manat ödəniş etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməyibdir. Mediatorla telefon vasitəsi ilə əlaqə saxlayaraq ölkə xaricində olduğunu, borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. İddia tələbində dəyişiklik yalnız dövlət rüsumu və mediasiya xərci hissəsindədir, əsas borc olduğu kimi qalmışdır. Hər iki tərəf sahibkardır. Aralarında rəsmi müqavilə olmayıb, şifahi razılaşma əsasında razılıq olmuşdur. Qarşı tərəf borcunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda bununla bağlı şahiddə vardır. Qəbz həmin şəxsin yanında verilmişdir. Bütün bu halları nəzərə alaraq, cavabdeh Əsgərov Natik Miri oğlundan iddaçıya borclu olduğu 5000 manat pulun, 64 manat mediasiya xərcinin alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Əsgərov Natik Miri oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmiş və məhkəmə işə cavabdeh Əsgərov Natik Miri oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımov Zahid Məşədiməmməd oğlu ifadəsində göstərmişdir ki, Əsgərov Natik Miri oğlu onun sexini icarəyə götürüb 3 il işlətmişdir. İddiaçı və cavabdeh onun iş otağında pula görə mübahisə etmiş, Bayramov Marif Əsgərov Natikdən borcunu istəmişdir. Əsgərov Natik borcunu etiraf edərək onun yanında qəbz yazmışdır ki, 5000 manat borcu vardır və 6 ay ərzində ödəyəcəkdir. Əsgərov Natik Bayramov Marifdən xammal almışdır və borc ondan yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində Əsgərov Natik Miri oğlu tərəfindən imzalanaraq əl yazısı ilə yazılmış qəbzdə göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Əsgərov Natik Miri oğlu həmin qəbzi verir ünvan 2i Bayramov Marif Arif oğluna ondan ötrü ki, ona olan 5000 manat pulu 6 ay müddətində ödəyəcəkdir, əsk təqdirdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Əsgərov Natik Miri oğlu iddiaçı Bayramov Marif Arif oğluna 5000 manat məbləğində nisyə aldığı mala görə borcu olduğunu etiraf etmiş, lakin borcunu ödəməyərək, öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Bayramov Marif Arif oğlu pretenziya qaydasına riayət edərək, cavabdeh Əsgərov Natik Miri oğluna borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş qəbzindən göründüyü kimi Əsgərov Natik Miri oğlu ilkin mediasiya sessiyasında iştirak etməmiş, Bayramov Marif Arif oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 64 manat mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə olunmuş 251207 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, Bayramov Marif Arif oğlu (müvəqqəti olaraq) məcburi köçkün statusuna malikdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 64 manat mediasiya xərcini ödədiyi və məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 70 məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 5000 manat məbləğində borc və 64 manat mediasiya xərci cavabdeh Əsgərov Natik Miri oğlundan iddiaçı Bayramov Marif Arif oğlunun xeyrinə tutulmalı, ödənilməli olan 70 manat məbləğində dövlət rüsumu Əsgərov Natik Miri oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5000 manat məbləğində borc və 64 manat mediasiya xərci cavabdeh Əsgərov Natik Miri oğlundan iddiaçı Bayramov Marif Arif oğlunun xeyrinə tutulsun. Ödənilməli olan 70 manat məbləğində dövlət rüsumu Əsgərov Natik Miri oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar