Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-952/2025 04.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 46100 manat məbləğində pul vəsaitinin və ödənilmiş 230 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlətdiyi mağzada satıcı kimi işləyən Cavabdeh 2024-cü ilin avqust ayında Tərtər rayonunda yaşayan əmisinin əsgər yoldaşının enerji içkiləri istədiyini bildirmişdir. Cavabdehdən həmin içkiləri hansı şərtlərlə istədiyini soruşanda ona bildirmişdir ki, əmisinin hərbçi dostunun Qarabağ zonasında 30-a yaxın satış köşkləri var, həmin enerji içkiləri satış üçün ora göndəriləcək və içkilər satıldıqca pulu ona özü ödəyəcəkdir. Bundan sonra Bilgəh qəsəbəsi, A.Qadın 406 ünvanında fəaliyyət göstərən “Spar-Market”də cavabdehə ilkin olaraq 13000 manat, daha sonra 2024-cü ilin avqust ayından başlayaraq müxtəlif vaxtlarda 20000, 35000 və 12000 manat olmaqla, cəmi 80000 manat dəyərində enerji içkiləri vermişdir. Cavabdeh ondan təhvil aldığı içkilərin dəyərindən 2024-cü ilin sentyabr ayının 5-dən oktyabr ayının 28-dək olan müddət ərzində cəmi 25000 manat məbləğində ödəniş etmişdir. Cavabdehdən təhvil aldığı içkilərin dəyərinin tam ödənilməsini tələb etdikdə ona bildirmişdir ki, məhsulları verdiyi adamlardan pulu ala bilməmiş, 8900 manat dəyərində içkilərin Tərtər rayonunda əmisinin evində olduğunu deyib, həmin içkiləri geri qaytarmışdır. Beləliklə cavabdeh ondan götürdüyü cəmi 80000 manat dəyərində enerji içkilərinin dəyərindən 25000 manat məbləğində pul vəsaiti ödəmiş və 8900 manat dəyərində isə enerji içkilərini (ödənilən pul və qaytarılan içkilərin ümumi dəyəri 33900 manat) geri qaytarmış, 46100 manat borclu qalmışdır. Cavabdehdən qeyd olunan məbləğdə pulunu ala bilmədiyinə görə onun barəsində şikayət ərizəsi ilə Sabunçu RPİ-nə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi etirafedici izahatı ilə şikayətində qeyd olunan halları təsdiq etmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müraciəti əsasında cinayət işinin başlanması rədd edilməsi və ona yaranmış mülki mübahisə ilə bağlı mülki mühakimə icratı qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək iddianın əsassız oldugundan qismən, yəni 12000 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsində işin faktiki halları ilə baglı Cavabdeh 46100 manat məbləğində pul vəsaitinin və 230 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbini irəli sürərkən ona cəmi 80000 manat dəyərində enerji içkiləri verdiyini, ondan təhvil aldığı içkilərin dəyərindən 2024-cü ilin sentybr ayının 5-dən oktyabr ayının 28-dək olan müddət ərzində cəmi 25000 manat məbləğində ödəniş etdiyini, ondan təhvil aldığı içkilərin dəyərinin tam ödənilməsini tələb etdiyində məhsulları verdiyi adamlardan pulu ala bilmədiyini, 8900 manat dəyərində istifadə etmədiyi içkiləri iddiaçıya geri qaytardığını, 46100 manat borclu qaldığını bildirmiş, lakin onun iddiaçının kartına kartdan və ya milion aparatından çoxsaylı öödənişlər etdiyini nəzərə almamış və bu halları qeyd etməmiş və son nəticədə düzgün olmayan iddia məbləgini ondan tələb etmişdir ki, o da bunu əsassız hesab edir. İddiaçı qeyd etdiyi halları nəzərə almadıgından 46100 manat borc tələbini irəli sürmüşdür, əslində isə onun iddiaçıya 46100 manat deyil, təxminən ən çoxu 12000 manat borcu qalmışdır. Bu borclar da içkiləri verdiyi adamlardan borcu vaxtında yığıb qaytara bilməməyi ilə baglıdır. Yəni o həmin borcları qısa müddətə yığıb gətirib iddiaçıya verəcəkdir. Ona görə də hesab edir ki, iddia tələbi ən çoxu 12000 manat həddində təmin edilməlidir. Əks təqdirdə onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqları pozulmuş olacaqdır ki, o da bundan şikayət edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/497 nömrəli material üzrə araşdırma zamanı həm İddiaçı, həm də Cavabdeh izahatları alınmış, İddiaçı Cavabdeh ondan 80000 manatlıq enerji içkiləri aldığını, təhvil aldığı malın pulundan 33900 manat ödədiyini. 46100 manat borclu qaldığını bildirmişdir. Cavabdeh İddiaçı izahatına uyğun etirafedici izahat vermişdir. Cavabdeh izahatından isə görünür ki, İddiaçı 46100 manat verəcəyinin olduğunu qeyd etmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin mübahisə ediləməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı münasibətləri olmuş, satıcı alıcıya enerji içkilərini satması üçün vermişdir. İşin mübahisə edilən hallarından isə görünür ki, iddiaçı cavabdehin ondan götürdüyü cəmi 80000 manat dəyərində enerji içkilərinin dəyərindən 25000 manat pul ödədiyini və 8900 manat dəyərində enerji içkilərinin geri qaytarıldığını, ödənilən pul və qaytarılan içkilərin ümumi dəyəri 33900 manat çıxılmaqla cavabdehin ona 46100 manat borcu qaldığını bildirmişdir. Cavabdeh isə iddiaçıya kart və pul köçürməsi üçün aparatlardan istifadə etməklə pul köçürdüyünü, iddiaçıya ən çoxu 12000 manat borcu qaldığını və həmin məbləğin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin aldığı malın pulunu tam ödəməməsi, onun iddiaçıya 46100 manat borcu qalması cavabdehin Sabunçu RPİ-nin 14-cü PŞ-də verdiyi izahatı ilə təsdiq edilir. Borcun ödənilməsi, iddia tələbindən az məbləğdə borc qalması ilə bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 230 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 230 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 46100 (qırx altı min yüz) manat pul, ödənilmiş 230 (iki yüz otuz) manat dövlət rüsumu alınaraq İddiaçıa verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-952/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-952/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver