Məhkəmə qərarları › İş №e-2-2(115)-957/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-957/2022

05.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-957/2022 05.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın hərracda satılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15.03.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət dosial müdafıə fonduna ödənilməmiş 13383 manat 59 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu halda, iddianın qiyməti 13383 manat 59 qəpik olmaqla, kiçik iddialar üzrə qanunla müəyyən edilmiş iddianın qiymətindən artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2.-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-3 və 284-4.-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın hərracda satılması” tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə qaytarılsın. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar