Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-966/2025 18.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 12530,54 manat əsas borc, 874,86 manat faiz borcu və 5,06 manat cərimə borcu olmaqla cəmi 13410,46 manat borcun və 130,23 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən illik 20 faizlə 24 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 fevral 2025-dək Cavabdeh1 banka 15 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 12530,54 manat əsas borc, 874,86 manat faiz borcu və 20.23 manat cərimə borcu olmaqla cəmi 13425,63 manat borcu vardır. Cavabdeh1 15 may 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 20,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-ı miqdarında olmaqla, yəni 5,0575 manat məbləğində tələb olunur. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, bankla kredit müqaviləsi bağlayaraq 15000 manat pul götürmüşdür. İşində olan çətinliklərlə bağlı borcunu ödəyə bilməmişdir. Bocla bağlı narazılığı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 12-MCR-1-1635-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 30000 manat kredit limiti ayrılmışıdr. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 12-MCR-1-1635-22/2 saylı kredit müqavilədən görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.67% olmaqla 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci tarixli Z/20026/22, Z/20027/22, Z/20028/22 saylı, xx.xx.2024-cü il tarixli Z/20026/24 zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixə banka 12530,54 manat əsas, 874,86 manat faiz, 20,23 manat cərimə borcu olmaqla 13425,63 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.67% olmaqla 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya 12530,54 manat əsas, 874,86 manat faiz, 5,06 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əsas kredit borcunu, kredit məbləğinə hesablanmış faiz borcunu və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliklərini icra etmədiyindən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 12530 manat 54 qəpik əsas borc, 874 manat 86 qəpik faiz borcu, 05 manat 06 qəpik cərimə borcu olmaqla, cəmi 13410 manat 46 qəpik manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 130,23 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 130 manat 23 qəpik dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2024-cü il tarixli 12-MCR-1-1635-22/2 saylı kredit müqaviləsinə əsasən 12530 manat 54 qəpik əsas borc, 874 manat 86 qəpik faiz borcu, 05 manat 06 qəpik cərimə borcu olmaqla, cəmi 13410 (on üç min dörd yüz on) manat 46 (qırx altı) qəpik pul və ödənilmiş 130 (bir yüz otuz) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-966/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-966/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver