Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-977/2023 06.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, Cavabdeh İstehsalat Ticarət Mərkəzinin rəhbəri X1 və hüquqi şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı mağazaların istifadəyə qaytarılması, bu mümkün olmadıqda pul əvəzinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı mağazaların istifadəyə qaytarılması, bu mümkün olmadıqda pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Gəncə Abad” İTM ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edərək ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaları onun istifadəsinə qaytarılması, bu mümkün olmadıqda isə 50000 ABŞ dollarının və mediasiya xərci üçün ödədiyi 55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Gəncə Abad” İTM-də ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaları öz vəsaiti hesabına tikmişdir və bundan sonra icarəyə götürmüşdür. Aralarında sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 05 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Cavabdehlə aralarında icarə müqaviləsi olmasına və müqavilənin müddətinin xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq həmin mağazalar 2022ci ilin iyun ayından ondan alınaraq başqa şəxslərə vermişdir. O, mağazaların ona qaytarılmasını tələb etsə də cavabdeh müqavilənin şərtlərinə əməl etmir. O, fərdi sahibkar kimi toxum alqı-satqısı ilə məşğul olur, cavabdehin günahı üzündən 2022-ci ilin iyun ayından işləyə bilmir və onun təqsiri üzündən ona 50000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında izahat verərək həmin mağazaların öz vəsaiti hesabına tikdirdiyini mağazadan məcburi çıxarıldığını bildirdi. Həmçinin qeyd etdi ki, mağazadan çıxarılarkən orada ona məxsus olan məhsulların cüzi bir hissəsini götürmək mümkün olmuşdur. Odur ki, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, bütün mallar könüllü surətdə iddiaçı tərəfindən sərbəst olaraq götürülüb aparılmışdır. İddiaçının tələbində qeyd etdiyi 50 000 ABŞ dolları vurulmuş ziyanla bağlı heç bir sübut yoxdur. Ona görə də iddianın əsassız hesab edilməklə rədd olunmasını xahiş etdi. Cavabdeh İstehsalat Ticarət Mərkəzinin rəhbəri X2 iddia tələbini qəbul etmədiyini bildirdi və əsassız olduğundan rədd olunmasını xahiş etdi. İş materiallarından görünür ki, hər iki tərəf sahibkarlıq subyektidir. Tərəflər arasında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsində əsasən icarəyə verən - “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində olan uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24 m2 mağazanı icarəçi-İddiaçı 5 il müddətinə icarəyə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli (dörd nəfərin iştirakı olan) aktda “1.icarəçi Mirzəyev Namiq” yazıları qarşısındakı imzanın, xx.xx.2022-ci il tarixli(dörd nəfərin iştirakı olan) aktda “Mirzəyev Namiq” yazıları önündəki imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı öz tələbində mağaza binasının onun vəsaiti hesabına inşa edilmiş olmasına əsaslanmış olsa da, bu hal sübutlarla təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndindinin məzmununda mağazanın İddiaçı aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr yer almışdır. Məhkəmə bu ifadələrlə bağlı qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir deyildir. Həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məzmunundan göründüyü kimi mağazanı icarəyə verən Cavabdeh İstehsalat Ticarət Mərkəzidir, İddiaçı müqavilədə icarəyə götürən tərəfdir və eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən əsasən İddiaçı hər ay üçün 65 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin müqavilədə 5 il müddət müəyyən olunmuşdur. Müqavilənin ümumi məzmunu İddiaçı mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi yalnız icarə hüququnun yaranması üçün əsas sayılır, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların yaranmasının mühüm əsasları müəyyən edilmişdir. Belə k, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə göstərilən əsasların hər hansı biri İddiaçı münasibətdə mövcud deyildir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə 5 il müddətinə bağlanmış və icarə müddəti 01 oktyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. Hazırkı vəziyyətdə müqavilənin qüvvədə olması müddəti bitmişdir, tərəflər arasında müqavilə münasibətləri müqavilə müddəti bitənə qədər pozulmuşdur, belə olan halda mağazanın yenidən istifadəyə verilməsi müqavilə azadlığlı prinsipinə əsasən hüquq sahibinin iradəsindən asılı olan məsələdir. Onun üzərinə belə bir öhdəliyin qoyulması qanunla yolverilməz sayılır. Belə k, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə zərərin ödənilməsi ilə bağlı onu qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən mağazanın iddiaçıya məxsus olmaması halı aşkara çıxır. Bir halda ki, əmlak iddiaçıya məxsus deyildir, onun həmin əmlakla bağlı zərərə uğraması halı istisna olunur. İddiaçının mağazada olan daşınar əyşyalarla bağlı zərərə məruz qalması ilə bağlı qeyd edilir ki, bu tələbdə ilk növbədə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, həmin şəxsin məsuliyyəti yaranır və o şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. İş üzrə sübutlarla, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş audio-video yazılarda onun zərərə məruz qalması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-977/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-977/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver