Məhkəmə qərarları › İş №e-2-2(115)-999/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-999/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-999/2025 08.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilən və bankın depozitində saxlanılan pulun müqavilə üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi, pul tələbi ) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçı-cavabdehin nümayəndəsi X3, cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilən və bankın depozitində saxlanılan pulun müqavilə üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə alınıb ona verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əmlakın boşaldırlması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında istifadəsində olan ümümi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (**********46-06301) boşaldılması və qeyd olunan əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən TuranBank ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının ümumi alqı-satqı dəyəri 250 000 AZN ( iki yüz əlli min manat) müəyyən edilmişdir. Həmin məbləğin bir hissəsi, yəni 125 000 AZN (bir yüz iyirmi beş min manat) cavabdeh tərəfindən ödənildikdən sonra qeyri-yaşayış binası Cavabdeh təhvil verilmişdir. İlkin-alqı satqı müqaviləsinin şərtlərinə əsasən, əmlakın dəyərinin qalan hissəsi, yəni 125 000 AZN (bir yüz iyirmi beş min manat) 6 ay ərzində satıcı TuranBank ASC-yə ödənilməli idi. Lakin alqı-satqı müqaviləsinin üzərindən 2 ilə yaxın müddətin keçməsinə baxmayaraq hələ də qalıq məbləğ satıcı TuranBank ASC-yə ödənilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Cavabdeh müqavilədə göstərilən qaydada və məbləğdə daşınmaz əmlakın dəyərinin satıcıya (TuranBank ASC-yə) ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri pozmuşdur. Belə ki, Cavabdeh tərəfindən 125 000 AZN (bir yüz iyirmi beş min manat ) ödəniş edilsədə, yerdə qalan 125 000 AZN (bir yüz iyirmi beş min manat) məbləğində borc ödənilməmiş qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır.

3. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilən pulun borca silinməsi və ya alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə artıq ödənilən və onların depozitində saxlanılan 114500 manat pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə bankdan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə onun arasında həqiqətən xx.xx.2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının ümumi alqı-satqı dəyəri 250000 AZN (iki yüz əlli min manat) müəyyən edilmişdir. Həmin məbləğin 125000 manatı onun tərəfindən dərhal cavabdehə ödənilmişdi. Qalan 125000 manatı isə onunla Bank rəhbərliyi arasında olan razılığa əsasən onun tərəfindən banka artıq ödənilmiş və bankın depozitində saxlanılan 114000 manatın hesabına ödənilməliydi. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 mart 2012-ci il tarixli qətnaməsi ilə ondan bankın xeyrinə 261539 manat tutulması qət edilmişdi. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra o, müxtəlif vaxtlarda banka 114500 manat pul ödəmişdir. Bundan sonra Bank ipoteka predmeti olan əmlakı hərracdan 423000 manata əldə ediib 261539 manat borcu silmişdi. Onun tərəfindən isə banka ödənilən 114500 manat bankda qalmışdı. Onların arasında belə qeyri-rəsmi razılıq olsa da, müqavilə bağlanandan sonra bank həmin pulu ona qaytarmamış, nə də ki, razılıqlarına uyğun olaraq borcundan silməmişdi. Belə olan halda həmin məbləğ pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməli və ya ona qaytarılmalıdı ki, o, müqavilə üzrə borcu ödəsin.

II. Tərəflərin mövqeyi

5. İddiaçı-cavabdehin nümayəndəsi X4 ilkin iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, obyekt satılandan sonra artıq qalan pul icranın fonduna köçürülüb ki, tərəfə verilsin. Cavabdeh də pulu qəbul etmədiyi üçün pul bankın öz hesabına qaytarılıb. Bütün ödənişlər çıxılandan sonra 250 min manat borc qalıb. Cavabdeh ondan 125 min manat ödəyib, qalanını da ödəmək üçün 6 ay vaxt götürüb. Mühafizə üçün aya 5 min manata müqavilə bağlanıb. Cavabdeh müqavilə bağlayanda öhdəlik götürüb və öhdəliyini də yerinə yetirməlidir. Əgər narazılğı olsa idi, müqavilə bağlayanda bildirməli idi. 125 min manatı 6 aya ödəməyi öhdəsinə götürsə də ödəməyib. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, İddiaçı ASC ilə onun arasında həqiqətən xx.xx.2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının ümumi alqı-satqı dəyəri 250 000 AZN müəyyən edilmişdir. Həmin məbləğin 125 000 manatı onun tərəfindən dərhal cavabdehə ödənilmişdi. Qalan 125000 manatı isə onunla Bank rəhbərliyi arasında olan razılığa əsasən onun tərəfindən banka artıq ödənilmiş və bankın depozitində saxlanılan 114500 manatın hesabına ödənilməliydi. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 mart 2012-ci il tarixli qətnaməsi ilə ondan bankın xeyrinə 261539 manat tutulması qət edilmişdi. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra o, müxtəlif vaxtlarda banka 114500 manat pul ödəmişdir. Bundan sonra Bank ipoteka predmeti olan əmlakı hərracdan 423000 manata əldə ediib 261539 manat borcu silmişdi. Ariq qalan 181071.60 manat icra idarəsinə göndərilmiş və onun tərəfindən banka qaytarılmışdı. Onun tərəfindən isə qətnamədən sonra banka ödənilən 114500 manat bankda qalmışdı. Onların arasında belə qeyri-rəsmi razılıq olsa da, müqavilə bağlanandan sonra bank həmin pulu ona qaytarmamış, nə də ki, razılıqlarına uyğun olaraq borcundan silməmişdi. Borc məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra o, yuxarıda göstərdiyi kimi 114500 manat məbləgində banka pul ödəmişdir. Bu hal öz təsdiqini həm onun tərəfindən təqdim edilən qəbzlərdə, həm də bankın özünün təqdim etdiyi hesabdan çıxarışda öz təstiqini tapır. Əlavə edilən sənədlərdən də görünür ki, hərrac kecirildikdən sora bank qətnamə ilə müəyyən edən borcu silmiş, hətta 181071.60 manat artıq pul qalmışdı. 181071.60 manat barəsində bank açıqlama versə də, 114500 manat barəsində hec bir açıqlama verməmiş, yalnız hesabdan çıxarış təqdim etmişdi ki, həmin çıxarışda o, pulun taleyini müəyyən etmək mümkün olmur. Yuxarıda qeyd elədiyi kimi bankla müqavilə bağlayarkən də razılıqları belə olmuşdu ki, onun artıq ödədiyi pul yeni yaranan borcdan silinəcəkdi. Ona görə də hesab edir ki, "xxxx" ASC yə onun tərəfindən aylıq ödənilən və onların depozitində saxlanılan 114500 manat pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməli və qalan fərq tərəfindən ödənməlidir. Mübahisəli əmlak 2020-ci ilin mart ayından 2023-cü ilin 17 may tarixinə kimi İddiaçı ASC-nin istifadəsində olmuşdur və onun obyektə heç bir giriş-çıxışı və istifadəsi olmamışdır. Buna baxmayaraq, Bankın istifadəsində olan obyektin “mühafizə və elektrik xərci” olan 24847 manat ödəniş tapşırığına və 156224.60 manat məxaric orderinə Alqı-Satqı müqaviləsindən bir gün əvvəl ona qol çəkdirmişlər ki, ona heç bir vəsait verilməmişdir. Bu vəsait əmlakın hərracda satıldıqdan sonra artıq qalan 181071.60 manat olan vəsaitdi. Tərəfindən 181071.60 manat Bankın öz vəsaiti olduğu üçün 3 il əvvəldən Banka qaytarmış və imzaladığı sənədlərə heç bir etirazı yoxdur. Bundan başqa eyni adda, yəni “mühafizə və elektrik xərci” adı altında 46390 manat ödəniş tapşırığına qol çəkmişdir. Qeyd etmək istərdi ki, bir obyektin 3 il müddətinə bu qədər şişirdilməsi heç bir ölçüyə uyğun gəlməməkdədir. Bütün bu ödəniş və xərclərin ilkin “Alqı-Satqı” prosesindən sonra sənədləri araşdırıldığı zaman ortaya çıxmışdır. Ödənilən məbləğin borcdan silinməsini təmin etmək əvəzinə 17 ailə üzvlərini işlədiyi müəssisənin bağlanmasını tələb etmək heç məntiqə sığmır və ölkə rəhbərinin, Prezidentin apardığı siyasətə ziddir, sahibkarın hüquqlarını taptalıyaraq əsassız varlanmaqdan başqa heç bir ad vermək olmur. Bunu da nəzərə almasa belə, kompromisə gedərək alqı-satqı müqaviləsinə dair 2-ci 125000 manat ödənilməsində mövcud kredit ödənişinin qalan hissəni nəzərə almağı və ya mühafizə xərclərinin silinərək qalan məbləğin mövdud müqavilədən qalan borcdan silinməsini xahiş edərək, qalan hissəsinin ödənilməsinə etiraz etmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi X2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, qətnamə çıxarılandan sonra müəyyən olunmuş borcdan 114500 manat ödəniş edilib. Obyekt satılandan sonra qaytarılmalı olan pul da itib, ödədikləri 114500 manat da ortalıqda batıb. Qətnamə çıxandan sonra kredit müqaviləsi ləğv edilmiş sayılır. Audit tərəfindən yoxlanılmalıdır ki, pullar hara silinib. 27 min və 46 min manat mühafizə xərci yazılıb. Amma Azot MMC-nin xərci yazılıb. Oranın mühafizəsi bank tərəfindən təmin edilmədiyi halda qeyd edilib. Buna görə də qeyd olunanların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Sübutların tədqiqi

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında, 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri- yaşayış binası İddiaçı ASC-nin adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir.

9. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqısatqı müqaviləsindən görünür ki, tərəflər öhdələrinə götürürlər ki, İddiaçı ASC-nin (gələcəkdə Satıcı adlanan) xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (Çixarış: Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi 20***- *******-06301, qeydiyyat tarixi xx.xx.2017-ci il) dəyəri, yəni 250000 (iki yüz əlli min) AZN məbləğ olaraq Cavabdeh (gələcəkdə Alıcı adlanan) tərəfindən bir hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) AZN ödənildikdən sonra qeyri- yaşayış binası Alıcıya təhvil verilir. Əmlakın dəyərinin qalan hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) AZN 6 (altı) ay ərzində ödənildikdən sonra isə həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onu Alıcının xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və təhvil yerilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini (bundan sonra-Əsas müqavilə) bağlayacaqlar (1.1). Alıcı bu müqavilənin 1.1ci bəndində, göstərilmiş.250000 (iki yüz əlli min) AZN pul vəsaitinin bir qismini, yəni 125000 (bir yüz iyirmi beş min) manatı Satıcıya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə ödədi, qalan hissəsini isə, yəni 125000 (bir yüz iyirmi beş min) manatı 6 (altı) ay ərzində ödəməyi öz öhdəsinə götürür (2.1).

10. 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə 3 gün ərzində 125000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

11. Cari hesaba mədaxil qəbzlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə 30.000 manat, xx.xx.2015-ci il tarixdə 4000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1200 manat, xx.xx.2016-cı il tarixdə 3000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1200 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1500 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 15.000 manat olmaqla, ümumilikdə 87300 manat məbləğində pul Cavabdeh tərəfindən kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürülmüşdür.

12. İddiaçı ASC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi 423937.50 manat məbləğinə TuranBank ASC tərəfindən əldə edilmişdir. Əmlak, Bank tərəfindən əldə edilən zaman borcalana 181071.60 (yüz səksən bir min yetmiş bir manat altmış qəpik) manat məbləğində pul Gəncə şəhər icra idarəsinə köçürülmüşdür. Hal-hazırda Cavabdeh adına İddiaçı ASC-də heç bir depozit məbləği yoxdur. Həmçinin bildirilir ki, iddiaçı tərəfindən 2021-ci il tarixində hərracın yekunlarına dair protokolun etibarsız sayılması tələbi ilə iddia qaldırılmış, bu məsələlər həmin prosesdə də müzakirə olunmuş və bu iddia Nərimanov Rayon Məhkəməsinin 2(005)-932/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. Bu qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də şikayət təmin olunmamışdır.

13. Cavabdeh məxsus AZ04TURA******************** №-li hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə 30.000 manat, xx.xx.2015-ci il tarixdə 4000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1200 manat, xx.xx.2016-cı il tarixdə 3000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1200 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2018-ci il tarixdə 1500 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 15.000 manat, xx.xx.2020-ci il tarixdə 18.000 manat olmaqla, ümumilikdə 107300 manat məbləğində pul Cavabdeh tərəfindən kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürülmüşdür.

IV. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

V. Məhkəmənin mövqeyi

a) İlkin iddia ərizəsi üzrə alğı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbi ilə bağlı

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının dəyəri, yəni 250000 (iki yüz əlli min) manatın bir hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) manat Cavabdeh tərəfindən ödənildikdən sonra qeyri-yaşayış binası Cavabdeh təhvil verilmiş, əmlakın dəyərinin qalan hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) manat 6 (altı) ay ərzində ödənildikdən sonra isə həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onu Cavabdeh xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və təhvil verilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini bağlayacaqlar (1.1). Alıcı bu müqavilənin 1.1-ci bəndində, göstərilmiş.250000 (iki yüz əlli min) AZN pul vəsaitinin bir qismini, yəni 125000 (bir yüz iyirmi beş min) manatı Satıcıya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə ödəmiş, qalan hissəsini isə, yəni 125000 (bir yüz iyirmi beş min) manatı 6 (altı) ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür (2.1). Lakin alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 125000 manat cavabdeh tərəfindən ödənilmədiyindən hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını və həmin sahəninin təhvil verilməsini tələb edir.

19. 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə 3 gün ərzində 125000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

23. Həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış cavabdeh onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, iddiaçı ödənilməmiş malın qaytarılmasını tələb etməkdə haqlıdır və buna görə də alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə istifadəsinə götürdüyü qeyri-yaşayış sahəsini boşaltmalı və iddiaçıya təhvil verməlidir.

27. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır.

b) Qarşılıqlı iddia ərizəsi üzrə kredit müqaviləsinə əsasən ödənilən pulun alğısatqı müqaviləsi üzrə borca silinməsi və ya alınıb ona verilməsi tələbi ilə bağlı

28. Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə artıq ödənilən və onların depozitində saxlanılan 114500 manat pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə bankdan alınıb ona verilməsini xahiş etmişdir.

29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ASC-nin Tovuz filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 004/h-ş saylı müqavilənin vaxtından əvvəl ləğv edilməsi, "xxxx" MMC-dən 261539 manat 37 qəpik tutularaq İddiaçı ASC-yə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir.

30. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokola əsasən, iddiaçı Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 665000 manat məbləğində, təkrar satış qiyməti isə 565250 manat, 25% aşağı olan satış qiyməti 423937,50 məbləğində müəyyən edilərək "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmışdır.

31. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasının satın alınması barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqavilə bağlanmışdır.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri- yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır.

33. Göründüyü kimi Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 261539,37 manatın tutularaq İddiaçı ASC-yə verilməsi və qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmiş, hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokola əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi 423937,50 manata İddiaçı ASC-yə satılmışdır.

34. Məhkəmə iclasında Cavabdeh qeyri-yaşayış sahəsinin satışından qalan 181071,60 manatın və həmçinin artıq ödədiyi 114500 manatın bank tərəfindən silindiyini və nəzərə alınmadığını bildirərək, həmin məbləğlərdən obyektin mühafizə və digər xərclərinin silinərək, alğı-satqı müqaviləsi üzrə geri qalan borca silinməsini xahiş edir.

35. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı qeyd edir ki, Cavabdeh tərəfindən təqdim edilən mədaxil qəbzlərindən və Cavabdeh məxsus AZ04TURA******************** №-li hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə 30.000 manat, xx.xx.2015-ci il tarixdə 4000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1200 manat, xx.xx.2016-cı il tarixdə 3000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1200 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2018-ci il tarixdə 1500 manat, xx.xx.2018-ci il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 15.000 manat və xx.xx.2020-ci il tarixdə 18.000 manat olmaqla, ümumilikdə 107300 manat məbləğində pul Cavabdeh tərəfindən kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürülmüşdür.

36. Həmçinin, Cavabdeh məxsus AZ04TURA******************** №-li hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasının satışından 181071,60 manat pul qalmışdır.

37. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində qeyri-yaşayış binasının satışından 181071,60 manat pulu bank ilə aralarında olan razılığa əsasən banka qaytardığını bildirmiş və həmin hal hesabdan çıxarışda da öz təsdiqini tapmışdır. Belə ki, hesabdan çıxarışdan görünür ki, 181071,60 manat pul xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin saxlancına verilmiş və Cavabdeh tərəfindən təhvil alınmadığı üçün xx.xx.2023-cü il tarixdə yenidən banka qaytarılmışdır.

38. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, 24847 manat və 46390 manat məbləğində pul "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə sərf edilmişdir. Həmçinin, hesabdan çıxarışdan da görünür ki, 24847 manat mühafizə və elektrik xərcləri 181071,60 manat puldan silinmiş, geri qalan 156224,60 manat məbləğində pul isə razılıq əsasında alğı-satqı əməliyyatı aparmaq üçün məxaric edilmişdir.

39. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına ödənilmiş kredit ödənişi ilə bağlı qeyd edir ki, Cavabdeh 114500 manat kredit ödənişi etdiyini qeyd etsə də, təqdim etdiyi mədaxil qəbzlərinə əsasən 87300 manat ödəniş etdiyi, hesabdan çıxarışa əsasən ümumilikdə 107300 manat məbləğində ödəniş etdiyi (Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi qəbul edildikdən sonra) müəyyən edilmişdir. Cavabdeh ödənişinin 114500 manat təşkil etməsinə dair hər hansı başqa sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə həmin ödənişlərin 107300 manat olmasını əsas götürür. Çünki tərəfin izahatı yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarət oldu ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi qəbul edildikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 107300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, həmin ödənilmiş məbləğ kredit üzrə artıq ödənilən məbləğdir. Belə ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 261539,37 manatın tutularaq İddiaçı ASC-yə verilməsi və qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmiş, hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokola əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi 423937,50 manata İddiaçı ASC-yə satılmışdır. Göründüyü kimi qətnamə üzrə borc məbləği 261539,37 manat müəyyən edilmiş və qeyri-yaşayış sahəsinin satıldığı 423937,50 manat qətnamə üzrə müəyyən edilmiş borc məbləğini ödəməyə kifayət etmiş və hətta həmin məbləğdən artıq pul da qalmış və saxlanca verilmişdir. Belə olan halda, yəni borc məbləği ödənildiyi halda Cavabdeh ödədiyi pullar onun özünə qaytarılmalı idi.

41. Məhkəmə qeyd edir ki, həmin hal Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5140/2022 saylı Qərarında da göstərilmişdir. Belə ki, həmin Qərarın 55 və 56-cı bəndlərində qeyd olunmuşdur ki, iddiaçı qətnamədən sonra tərəfindən banka kredit borcundan 107000 manat ödənilməsi, hətta, hərraclardan xeyli müddət sonra xx.xx.2020-ci il tarixdə 15000 manat, xx.xx.2020-ci il tarixdə 18.000 manat ödənişlər etməsinə dair sübutlar təqdim etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, həmin ödənişlər keçirilmiş hərracların etibarsızlığı əsası kimi çıxış edə bilməz. Lakin, iddiaçı ona qaytarılmalı olan vəsaitin vaxtında qaytarılmaması, uzun müddət bankın həmin vəsaiti özündə saxlayaraq faydalanması, sonradan edilmiş ödənişlərin qəbul edilməsinə şərait yaradılması və həmin vəsaitlərdən də faydalanması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər.

42. Göründüyü kimi Cavabdeh tərəfindən ödənilmiş pulların artıq ödəniş olması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5140/2022 saylı Qərarı ilə də öz təsdiqini bir daha tapmışdır.

43. İddiaçı ASC-nin nümayəndəsi X4 həmin pulların bankla vətəndaş arasında olan şifahi razılığa əsasən alğı-satqı müqaviləsinə hesablanması və banka aid olmasını bildirsə də, həmin faktı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən Cavabdeh həmin faktı inkar etmişdir. Belə ki, Cavabdeh bankla aralarında olan şifahi razılığa əsasən yalnız icra idarəsinin depozitində saxlanılan 181071,60 manat pulun banka qaytarılmasına razılıq verdiyini bildirmişdir.

44. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən ödənilmiş 107300 manat puldan "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə görə ödənilən 46390 manat məbləğində pul çıxılmalı və qalıq qalan 60910 manat məbləğində pul İddiaçı ASC tərəfindən Cavabdeh qaytarılmalıdır.

45. Məhkəmə ödənilmiş olan pulun ilkin alğı-satqı müqaviləsi üzrə borca silinməsi ilə bağlı qeyd edir ki, nə tərəflər arasındakı müqavilədə, nə də ki, qanunvericilikdə kredit müqaviləsi üzrə ödənilmiş pulun alğı-satqı müqaviləsi üzrə borca silinməsi və ya əvəzləşdirilməsi ilə bağlı hər hansı norma olmadığı üçün qalıq qalan 60910 manat məbləğində pulun ilkin alğı-satqı müqaviləsi üzrə borca silinməsi mümkün deyildir.

c) Məhkəmə xərcləri ilə bağlı

46. İlkin iddia üzrə iddiaçı eləcə də 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. İlkin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

51. Qarşılıqlı iddia üzrə iddiaçı da 405 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

52. 1804110569 nömrəli mədaxil qəbzindən görünür ki, 405 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

53. Qarşılıqlı iddia qismən təmin edilidyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272,73 manat pul İddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 132,27 manat hissəsi Cavabdeh özünə aid edilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

54. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında istifadəsində olan ümümi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyriyaşayış binası (**********46-06301) boşaldılmalı və qeyd olunan əmlak İddiaçı ASC-nə təhvil verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı ASC-dən 60910 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.

55. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında istifadəsində olan ümümi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binası (**********46-06301) boşaldılsın və qeyd olunan əmlak İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 60910 (altmış min doqquz yüz on) manat məbləğində pul tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272,73 (iki yüz yetmiş iki manat yetmiş üç qəpik) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan 132,27 (bir yüz otuz iki manat iyirmi yeddi qəpik) manat hissəsi Cavabdeh özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar