Məhkəmə qərarları › İş №e-2-2(117)-10/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-10/2020

12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2020 12.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “3709,17 manat artıq ödənilmiş pul və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında həm milli, həm də xarici valyutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nömrəli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə kartda olan texniki nasazlıq nəticəsində 3709,17 manat artıq pul vəsaitini kartdan çıxarmışdır. İddiaçı tərəfindən artıq ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq pul məbləği tam ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx” ASCnin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli "cari bank hesabı haqqında” müqaviləyə əsasən cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kart hesabı açılmışdır. Bank üzərinə düşən pul öhdəliyini vaxtında icra edərək cavabdehin hesabına daxil olan vəsaitləri vaxtı-vaxtında cavabdehin istifadəsinə vermiş, lakin 2018-ci ilin iyun iyul aylarında bankın avtomatlaşdırılmış əməliyyat sitemində baş vermiş texniki xəta nəticəsində cavabdehin hesabına ona aid olmayan kənar vəsait köçürülmüş, cavabdeh sistemdə baş vermiş nasazlıq halından sui-istifadə edərək ona aid olmayan vəsaiti çıxarmağa nail olmuşdur. Məsələ ilə bağlı cavabdehlə əlaqə saxlanmış, artıq ödənilmiş pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu artıq ödənilən pulun geri qaytarılmasını təmin etməmişdir. Hazırda cavabdehin banka 3709,17 manat məbləğində borcu mövcuddur. Borc məbləğinin qəpiklə göstərilən hissəsi isə cavabdeh tərəfindən pulun götürülməsi zamanı tətbiq edilən 0,5 faiz xidmət haqqı və 1 faiz vergi məbləğinə münasibətdə yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... (Mülki Məcəllə maddə - 1091.1, 1091.2, 1092.1) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında həm milli, həm də xarici valyutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nörməli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə kartda olan texniki problemlər nəticəsində heç bir hüquqi əsas olmadan 3709,17 manat artıq pul vəsaitini bank hesabından çıxartmış və nəticədə əsassız varlanmışdır. Həmin vəsait banka geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 3709,17 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 3709,17 manat borc, 30,40 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar