Məhkəmə qərarları › İş №e-2-2(117)-10/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-10/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2025 27.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 15000 manat əsas, 1423.36 manat faiz və 115.06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16538.42 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 105000 manat əsas, 9098.63 manat faiz və 250.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 114349.42 manat borcun və 420.89 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə, Cavabdeh2 oğlunun mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə ” filialından 120 ay müddətinə ******* manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə” filialından illik 15.5%-lə 18 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh2 oğlunun mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.06 ha ümumi sahədən ibarət olan torpaq sahəsi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə” filialından illik 15.5 %-lə 18 ay müddətinə 105000 manat məbləğində kredit götürmüşdür. 12 yanvar 2024-cü il tarixədək Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 15000 manat əsas, 1423.36 manat faiz və 460.22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16883.58 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 460.22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 115.06 manat məbləğində tələb olunur. 12 yanvar 2024-cü il tarixədək Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 105000 manat əsas, 9098.63 manat faiz və 2507.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 116606.49 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2507.86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 250.79 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

3. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli mühasibatlıq rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024cü il tarixə banka olan əsas borcu 15000 manat, faiz borcu 2604,17 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 105000 manat, faiz borcu 13032,08 manatdır. Göründüyü kimi ekspert rəyi ilə bankın tələbi arasında müştərinin ziyanına düzgün aparılmaması öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, bankın tələbi 2024-cü ilin yanvar ayı üzrə hesablanmış və bu günədək az qala 1 il vaxt keçsin, həmçinin 1-ci müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə ikinci müqavilənin müddəti isə xx.xx.2024-cü il tarixdə bitmişdir. Təbii ki, müqavilənin qüvvədə olduğu vaxta uyğun olaraq faiz hesablanması davam etmiş, müqavilə bitdikdən sonra isə Mülki məcəllənin 445-ci maddəsinə uyğun olaraq illik 5 faizlə borc hesablanma başlamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, bu müddət ərzində cavabdeh tərəfindən az da olsa ödəniş aparılmışdır. Beləliklə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən banka olan əsas borcu 14850 manat, faiz borcu 3612,45 manat, cərimə 3051,06 manat, illik 5 faizlə üzrə əldən çıxmış fayda 421,9 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən banka olan əsas borcu 104150 manat, faiz borcu 24441,66 manat, cərimə 20713,08 manat, illik 5 faizlə üzrə əldən çıxmış fayda 2906,05 manatdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən banka olan 14850 manat əsas borc, 3612,45 manat faiz borcu, 3051,06 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 421,9 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən banka olan 104150 manat əsas borcu, 24441,66 manat faiz borcu, 20713,08 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış illik 5 faizlə hesablanmış 2906,05 manat olmaqla ümumilikdə cəmi 152210.79 manat borcun və 420.89 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə, Cavabdeh2 oğlunun mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ekspertiza rəyində hesablanmış faiz məbləğləri ilə, həmçinin bank tərəfindən verilmiş iddia həcminin artırılması barədə ərizədə tələb olunan faiz və cərimə borcu məbləğləri ilə razılaşmır. Bundan başqa qiymətləndirici tərəfindən ipoteka predmeti olan ona məxsus əmlakları bazar qiymətindən çox aşağı qiymətləndirilib. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evində 9 nəfər ailə üzvləri yaşayır. Borcundan az da olsa ödəniş edib, qalan borcunu da ödəməkdən yayınmır. Bu səbəbdən evin hərraca çıxarılaraq satılmasını istəmir. İddianın qismən təmin edilməsini xahiş etdi.

7. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, oğlu kredit borcunu götürərkən təsərrüfatla məşğul olurdu. Lakin sonradan maddi vəziyyəti ağırlaşdı və borcunu ödəyə bilmədi Ekspertiza rəyində hesablanmış faiz məbləğləri , həmçinin bank tərəfindən verilmiş iddia həcminin artırılması barədə ərizədə tələb olunan faiz və cərimə borcu məbləğləri ilə razılaşmır. Bundan başqa qiymətləndirici tərəfindən ipoteka predmeti olan ona məxsus əmlakları bazar qiymətindən çox aşağı qiymətləndirilib. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evində 9 nəfər ailə üzvləri yaşayır. Borcundan az da olsa ödəniş edib, qalan borcunu da ödəməkdən yayınmır. Bu səbəbdən evin hərraca çıxarılaraq satılmasını istəmir. İddianın qismən təmin edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:

9. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME-1-2718-22 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla ******* manat məbləğində kredit xətti ayrılmışdır.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME-1-2718-22/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 bank tərəfindən 18 ay müddətinə aylıq 15.5 faiz olmaqla 105000 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME-1-2718-22/1 nömrəli kredit müqaviləsinə əsasən isə Cavabdeh2 bank tərəfindən 18 ay müddətinə aylıq illik 15.5 faiz olmaqla 105000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi cavabdehə müxtəlif vaxtlarda iki dəfə kredit verilmişdir.

11. İddiaçı ASC-nin 10-SME-1-2718-22/2 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 bank tərəfindən 18 ay müddətinə ilk 6 ay 1356,25 manat qalan ayları 9501,91 manat sonuncu ay isə 9501,96 ödəmək şərti ilə 105000 manat, 10-SME-1-2718- 22/1 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən isə 18 ay müddətinə ilk birinci ay 226,04 manat sonrakı 5 ay 193,75 manat qalan ayları 1357,42 manat sonuncu ay isə 1354,48 ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki müəyyən edilmişdir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış Z/19331/22 nömrəli, xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 10-SME-1-2718- 22 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşma üzrə borclu Cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzrərinə götürmüşdür.

13. İddiaçı ASC ilə Cavabdeh2 arasında DA/01785/22 nömrəli xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha ibarət olan torpaq sahəsi hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86 nömrəli çıxarışadan da göründüyü kimi xx.xx.2022-ci il tarixdə bağlanmış 10- SME-1-2718-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında DA/01784/22 nömrəli xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri Xan Şuşinski küçəsi 26 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3 mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********83-10301 nömrəli çıxarışadan da göründüyü kimi xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME-1-2718-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

15. Yelo Bank ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 07 yanvar 2024-cü il tarxli ərizəyə əsasən bank təərfindən ipoteka predmenti olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2023-cü il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsindən xahiş edilmişdir.

16. Yelo Bank ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 07 yanvar 2024-cü il tarixli ərizəyə əsasən ipoteka predmenti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2023-cü il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsindən xahiş edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/2571 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 Yelo Bank ASC-yə xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME- 1-2718-22/1 nömrəli kredit müqaviləsi ürzə xx.xx.2024-cü il tarixə əsas borcu 15000 manat, faiz borcu 2604,17 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 10-SME-1-2718-22/2 nömrəli kredit müqaviləsinə əsasən isə əsas borcu 105000 manat, faiz borcu isə 13032,08 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 10/2519-9/2497 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3 mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin bazar dəyərinin təxminən 106700 manat, likvid dəyəri 96030 manat, ünvan 3 ünvanında yerləşən 0.06 ha ibarət olan torpaq sahəsinin bazar dəyəri təxminən 36600 manat, likvid dəyəri isə 32940 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

19. İş materiallarında olan Yelo Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Yelo Bank ASC-yə 10-SME-1-2718-22/2 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 105000 manat əsas, 9098,63 manat faiz, 2507,86 manat cərimə borcu, 10-SME-1-2718-22/1 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 15000 manat əsas, 1423,36 manat faiz, 460,22 manat cərimə borcu yaranmışdır.

20. İş materiallarında olan Yelo Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Yelo Bank ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14850 manat əsas borc, 3612,45 manat faiz borcu, 3051,06 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 104150 manat əsas borcu, 24441,66 manat faiz borcu, 20713,08 manat cərimə borcu yaranmışdır.

21. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

V. Məhkəmənin mövqeyi:

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

25. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqavilələri ilə nəzərdə tutulmuş 15000 manat və 105000 manat məbləğində pulu Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

26. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik və ipoteka müqaviləsi çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

29. Məhkəmə cavabdehlərdən tələb olunan faiz borcuna münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehlərin həmin tarixə olan borcu konkret göstərilməsə də, bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixə tərtib edilmiş maliyyə arayışında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 faiz borcu 1423.36 manat göstərilmişdir. Cavabdehlərə bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank tərəfindən 53 günə görə hər gün faiz məbləği 6.46 manat (kredit müqaviləsi və ekspert rəyinə əsasən günlük faiz məbləği) olmaqla (53 gün x 6.46 manat) 342.38 manat məbləğində əlavə faiz borcu hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq bildirişinin göndərilməsindən sonra hesablanmış bu faiz məbləği xx.xx.2024-cü il tarixə hesablanmış faiz məbləğindən çıxıldıqda (1423.36- 342.38) xx.xx.2023-cü il tarixə 1080.98 manat faiz borcu yarandığı müəyyən edilir.

30. Məhkəmə Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunu müəyyən edərkən, xx.xx.2024-cü il tarixə tərtib edilmiş maliyyə arayışına əsaslanmır. Çünki həmin müqavilə üzrə hesablanmış faiz borcu üzrə xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Bunu nəzərə alaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ekspert rəyində təqdim edilmiş faiz borcunun azaldılması daha məqsədə uyğun hesab edilmişdir. Belə ki, ekspert rəyinə əsasən cavabdehin faiz borcu xx.xx.2024cü il tarixə 8019.37 manat təşkil edir. xx.xx.2024-cü il tarixdən cavabdehə bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixədək olan 48 gün ərzində əlavə olaraq (48 x 45.21 manat) 2170.28 manat faiz borcu hesablanmışdır. Məhkəmə cavadehə bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixə olan faiz borcunun (8019.37 + 2170.28) 10189.65 manat olduğunu müəyyən etmişdir. Lakin ekspert rəyindən və hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 1000 manat ödəniş edilmiş, həmin pul da faiz borca hesablanmışdır. Bu səbəbdən cavabdehin xx.xx.2023-cü il tarixə (10189.65 – 1000 ) 9189.65 manat faiz bocu qaldığı müəyyən edilmişdir.

31. Beləliklə məhkəmə cavabdehlərdən tələb olunan faiz borcu ilə bağlı belə nəticəyə gəlir ki, cavabdehlərə xəbərdarlığın göndərildiyi xx.xx.2023-cü il tarixinə faiz borcu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1080.98 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 9189.65 manat təşkil edir.

32. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən İddiaçı ASC-nin nümayəndəsinə məhkəmə iclasında cavabdehlərə xəbərdarlığın göndərildiyi xx.xx.2023-cü il tarixinə yaranmış faiz borcu barədə maliyyə arayışının təqdim edilməsi təklif edilsə də, bank tərəfindən həmin arayış təqdim edilməmiş və faiz borcunun hesablanması məsələsi məhkəmənin mülahizəsinə buraxılmışdır.

33. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin artırılması barədə ərizədə cavabdehlərdən tələb olunan faiz və cərimə borcu məbləğləri iddia ərizəsi məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək də hesablanmış və cavabdehlərə xəbərdarlığın göndərildiyi xx.xx.2023-cü il tarixdə müqavilə üzrə borcun tam şəkildə onlardan tələb olunduğu nəzərə alınmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır.

34. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən banka olan 3051,06 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 20713,08 manat cərimə borcunun tələb edilməsi tənasübsüz surətdə yüksək olduğunan, əsas borca münasibətdə müvafiq olaraq 742,5 manat və 5207,5 manat məbləğində dəbbə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.

35. Məhkəmə bundan başqa qeyd edir ki, iddia “xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 421,9 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış illik 5 faizlə hesablanmış 2906,05 manat tələb edilməsi” hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddəti isə xx.xx.2024-cü il tarixdə başa çatır. İddiaçı sonuncu maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixədək bank tərəfindən illik 5 faiz olmaqla müvafiq olaraq 421,9 manat və 2906,05 manat hesablanmış pul tələb etməkdə haqlıdır.

36. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh1 oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən, 64.8. kv.m yaşayış sahəsindən, 48.7 kv.m yardımçı sahədən, yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə, Cavabdeh2 oğlunun mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

37. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaklar - Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3 mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 96030 manat, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinin likvid dəyəri isə (ilkin satış) 32940 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.

38. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

39. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.

40. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

41. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

43. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun (100+100) 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

44. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

45. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.

46. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 420,89 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmış və tələbin hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutulmasına münasibətdə iddianı qismən təmin etmişdir. İddiaçı tərəfindən 420,89 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və ödədiyi həmin dövlət rüsumunu tələb etdiyindən 420,89 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

47. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 10-SME-1-2718-22/1 nömrəli krеdit razılaşması üzrə 14850 manat əsas, 1080.98 manat faiz bоrcu, 742,5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 421,9 manat olmaqla cəmi 17095.38 manat, xx.xx.2022-ci il tarixli 10- SME-1-2718-22/2 nömrəli krеdit razılaşması üzrə 104.150 manat əsas, 9189.45 manat faiz bоrcu, 5207,5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2906,05 manat olmaqla cəmi 121.453 manat ümumilikdə 138.548,38 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 420,89 manat ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilməli, borc məbləği Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinə yönəldilməli, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3 mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 96030 manat müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinin likvid dəyəri isə (ilkin satış) 32940 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, iddia qalan hissələrdə rədd edilməlidir. İş üzrə Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200 manat pulun (100+100) 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir.

Vİ. Nəticə:

48. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 10- SME-1-2718-22/1 nömrəli krеdit razılaşması üzrə 14850 manat əsas, 1080.98 manat faiz bоrcu, 742,5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 421,9 manat olmaqla cəmi 17095.38 manat, xx.xx.2022-ci il tarixli 10-SME-1-2718-22/2 nömrəli krеdit razılaşması üzrə 104.150 manat əsas, 9189.45 manat faiz bоrcu, 5207,5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2906,05 manat olmaqla cəmi 121.453 manat ümumilikdə 138.548,38 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 420,89 manat ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3, mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 113.5 kv.m ümumi sahədən 64.8 kv.m yaşayış sahəsindən 48.7 kv.m yardımçı sahədən yaşayış otaqlarının sayı 3 mərtəbəliliyi 1 olan 0,102 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 96030 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. İpoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,06 ha ümumi sahədən ibarət olan torpaq sahəsinin likvid dəyəri isə (ilkin satış) 32940 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İş üzrə Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200 manat pulun (100+100) 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar