Məhkəmə qərarları › İş №e-2-2(117)-1006/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1006/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1006/2024 11.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “X1” MMC-yə qarşı “Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022ci il tarixli, 2494/1058 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 192.60 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması” tələbinə dair işə, məhkəmənin binasında açıq mıhkəmə iclasında baxmaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi “X1” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2494/1058 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən, Zərdab rayon İcra Hakimiyyəti, Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədilə icarəçinin müddətli istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 462,24 manat, aylıq icarə haqqı 38,52 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. 5.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dək ödənilməsi icarəçinin hüquq və vəzifələrinə aid edilmişdir. İcarəçi “X1” MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır. Təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, 2021-ci ilin 9 iyulundan başlayaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 38.52 manat icarə ödənişi olmaqla müxtəlif vaxtlarda cavabdeh tərəfindən ödənişlər edilmiş, həmin tarixdən sonra ödəniş edilməmiş və bu səbəbdən 5 ay üçün ödənilməmiş icarə borcu 192,6 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv ediləcəyi və hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 192.60 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-4511/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, qeyd olunan məktubun cavabdehə çatdırılması mümkün olmamış, bununla bağlı akt tərtib edilmiş (akt iddia ərizəsinə əlavə edilir). Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə “X1” MMC arasında icarə müqaviləsi bağlanmış və bu icarə müqaviləsinə əsasən Zərdab şəhərində yerləşən qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun iddia ərizəsində göstərilən məbləğdə borcu qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, pretenziya, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin icarə müqavilənin ləğv edilməsi və Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 421, 423, 424). “İcarə haqqında” Azərbaycan Republikası Qanununun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13-cü maddəsinin 4-cü bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir... Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi hər iki tərəfin rəhbərləri tərəfindən müvafiq qaydada imzalanmaqla etibarlı olmuş və müqavilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi “X1” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2494/1058 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən, Zərdab rayon İcra Hakimiyyəti, Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədilə icarəçinin müddətli istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 462,24 manat, aylıq icarə haqqı 38,52 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, qanunvercilik normasından da göründüyü kimi bundan sonra tərəflərin müqaviləyə xitam verilməsi ilə bağlı razılıqları olmadığından və belə bir sübut təqdim edilmədiyindən müqavilə eyni müddətə uzadılmaqda davam etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 7 iş günü müddətində borcun ödənilməsi və müqavilənin ləğv edilməsi təklif edilmiş, əks halda icarə müqaviləsinin ləğv edilməsi, qeyriyaşayış sahəsinin boşaldılması və yaranmış icarə haqqı borcunun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qarşı tərəfi müqavilənin ləğv ediləcəyi ilə bağlı xəbərdar etmiş, buna baxmayaraq borc ödənilmədiyindən iddiaçı hazırki vəziyyətdə icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılmasını iddia edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqqını ödəmədiyindən xx.xx.2022-ci il tarixli, 2494/1058 nömrəli icarə müqaviləsi ləğv edilməli və cavabdeh tərəfindən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Bundan başqa iddiaçı 192,60 manat məbləğində icarə borcunun ödənilməsini də tələb edir ki, məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2494/1058 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən, Zərdab rayon İcra Hakimiyyəti, Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədilə icarəçinin müddətli istifadəsinə verilmiş, buna baxmayaraq cavabdeh müqaviləyə əsasən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmədindən onun iddiaçıya 192,60 manat məbləğində borcu yaranmışdır ki, bu hal cavabdehin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir. Cavabdeh “X1” MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdən başlayaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 38.52 manat icarə ödənişi olmaqla müxtəlif vaxtlarda cavabdeh tərəfindən ödənişlər edilmiş, həmin tarixdən sonra ödəniş edilməmiş və bu səbəbdən 5 ay üçün ödənilməmiş icarə borcu 192,6 manat təşkil etmişdir. Cavabdeh iddia tələbinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində etirazını və bunu əsaslandıracaq sübutlarını məhkməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilərək 192,6 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti ilə “X1” MMC arasında bağlanmış Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2494/1058 nömrəli icarə müqaviləsi ləğv edilsin və qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh “X1” MMC-dən icarə haqqı borcu üzrə 192,60 manat tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh “X1” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar