Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1012/2022 03.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “cavabdehlərdən 2819,24 manat əsas borc, 497,15 manat faiz borcu, 1000 manat dəbbə borcu, cəmi 4316,39 manat məbləğində pulun, 60 manat mediasiya xərcinin və 4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən 2819,24 manat əsas borc, 497,15 manat faiz borcu, 1000 manat dəbbə borcu, 60 manat mediasiya xərcinin və 4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SKM-2208 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh2 ticarət və xidmət məqsədilə 5000 AZN məbləğdə 24 ay müddətinə kredit vəsaiti verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 26 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.14.2-ci bəndinə əsasən borcalan müqavilənin müddəti ərzində “Kredit ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikdirmənin birinci günündən başlayaraq gündəlik olaraq) məbləğində cərimə ödəyir. Həmin müqavilə üzrə verilmiş kreditin təminatı üsulu kimi Cavabdeh2 məxsus Şəki şəhərində yerləşən 9950 AZN dəyərində olan ev əşyaları və restoranda olan vəsaitlərin bir hissəsi girov qoyulmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış və həmin şəxslər bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdələrinə götürmüşlər. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh2 3316,39 manat (2819,24 manat əsas, 497,15 manat faiz borcu) məbləğində borcu qalmış, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh1, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 çatdırılmışdır. Lakin cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-n 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə SKM-2208 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 2819,24 manat əsas borcu, 497,15 manat faiz borcu və 1000 manat cərimə borcu mövcuddur. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2020-ci il tarixdə SKM-2208 nömrəli kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, arayış, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SKM-2208 nömrəli kredit müqviləsinə əsasən, Cavabdeh2 ticarət və xidmət məqsədilə 5000 AZN məbləğdə 24 ay müddətinə, illik 26% ödənilmək şərtilə kredit vəsaiti verilmişdir. Həmin müqavilə üzrə cərimə faizi isə 1% müəyən edilmişdir. Həmin müqavilə üzrə verilmiş kreditin təmini üsulu kimi Cavabdeh2 məxsus Şəki şəhərində yerləşən 9950 AZN dəyərində olan ev əşyaları və restoranda olan vəsaitlərin bir hissəsi girov qoyulmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış və həmin şəxslər bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdələrinə götürmüşlər. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş 3316,39 manat (2819,24 manat əsas, 497,15 manat faiz borcu) məbləğində borcu qalmışdır. Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, qeyd edilən tarixə həmin məbləğdə borc mövcuddur. Odur ki, iddiaçı həmin borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh2 öhdəliklərini lazmınca yerinə yetirmədiyindən onun 2819,24 manat əsas borcu və 497,15 manat faiz borcu qalmışdır. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından həmin borc cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. MM-in: 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsi hazırda qüvvədə olduğundan və zaminlər X1 və Cavabdeh1 müqavilə ilə öhdəlik götürdüklərindən və öhdəliyi yerinə yetirmədiklərindən iddia tələbi zaminlərə yönələn hissədə əsaslıdır. MM-in: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-ci maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə məbləği azaldılaraq cavabdehlərdən 1000 manat deyil, 100 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən 2819,34 manat əsas borc, 497,15 manat faiz və 100 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 63,17 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 50 manat cavabdehdən, 13,17 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 4 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və iddiaçı həmin rüsumun cavabdehdən tutularaq ona ödənilməsini tələb etdiyindən məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilən 4 manat dövlət rüsumu iddiaçıdan tutulacaq məbləğdən çıxılmaqla 9,17 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 2819,24 manat əsas borc, 497,15 manat faiz borcu, 100 manat dəbbə pulu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli dövlət rüsumunun 9,17 manat hissəsi İddiaçı ASC-dən, 50 manat hissəsi Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1012/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1012/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver