Məhkəmə qərarları › İş №e-2-2(117)-1013/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1013/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1013/2025 25.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 448 manat icarə haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, “cavabdehdən 448 manat icarə haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 may 2024-cü il tarixində bağlanmış 074/2024 nömrəli Torpaq icarə Müqaviləsinə əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən, ümumi sahəsi 2.24 ha olan torpaq sahəsi cavabdehə icarəyə verilmiş və icarə haqqı hər hektar üçün 200 manat, ümumilikdə isə 448 manat müəyyən edilmişdir. Adı çəkilən icarə müqaviləsinə əsasən cavabdeh icarə haqqını xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh qeyd olunan məbləği vaxtında ödəməmiş, hətta xx.xx.2025 tarixində İddiaçı MMC tərəfindən göndərilən 29/25 nömrəli torpaq icarə borcunun ödənilməsi və borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq məktubuna məhəl qoymamışdır. Qeyd olunanlarla yanaşı, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar da nəticə verməmişdir. Bu səbəbdən də, hazırkı mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar cavabdehdən torpağın icarəsi ilə bağlı yaranmış 448 manat məbləğində borcun tutulmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 448.1-ci, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələri göstərilmişdir.

4. 04.07.2025-ci il tarixdə Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, uzun illər əvvəl İddiaçı MMC-yə təqdim etdiyi Qəbələ rayon “Keş” ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinin sənədləri əsasında iddiaçının nümayəndəsinin iştirakı ilə yerdəyişməklə onun əvəzində Nic qəsəbəsi ərazisindən iddiaçıya məxsus torpaq sahəsindən 2.24 ha torpaq sahəsi istifadə üçün ona verilmişdir. Ancaq sonrakı illər həmin məsələni mübahisəyə çevirmişdir. İddiaçının ona verdiyi 2.24 ha torpaq sahəsində 2024-cü ildə əkin əkməmişdir. İddiaçının nümayəndəsinin dediyinə görə yerdəyişmələrdə camaatın torpaq sahələrində sürüşmə halları olmuş, onun torpaq sahəsi sürüşmə nəticəsində onların hesabına düşməyib. Buna görə də o hal-hazırda öz torpaq sahəsinə Qəbələ rayon Reyestr İdarəsindən çıxarış almışdır ki, öz torpaq sahəsinin kimin istifadəsində olmasını araşdırsın. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1026/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir

6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1013/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi 09 sentyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, qarşı tərəflə 2022-ci ildə torpaq icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə haqqını ödəmişdir. Bundan sonra icarə müqaviləsi bağlansa da, həmin müqavilə üzrə borcunu ödəməmişdir. Cavabdehə icarəyə verilmiş 2.24 ha torpaq sahəsinin bir hissəsi 5.745 ha torpaq sahəsinin tərkibindən, qalan hissəsi isə 0.6383 ha torpaq sahəsi olmuşdur. Cavabdehlə məsələninin məhkəməyə qədər həll edilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmış, lakin razılıq əldə edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsi əvvəl Gilan MMC-nin mülkiyyətində olmuş, sonradan onların şirkəti tərəfindən satın alınmışdır.

8. Cavabdeh 09 sentyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə icarə müqaviləsi imzalamışdır. Əvvəl 1 il icarə pulunu ödəyib, sonradan isə yerləri dəyişdirdilər. İddiaçı tərəf ona məxsus başqa ərazidə yerləşən torpaq sahəsini, o isə iddiaçıya məxsus Nic qəsəbəsində yerləşən torpaq sahəsini istifadə etmişdir. Lakin iddiaçı tərəfin onun torpaq sahəsində istifadə etməsinə görə hər hansı müqavilə imzalamamışlar. O torpağın çıxarışını sonradan almışdır, lakin həmin şirkətin nümayəndələrini tapa bilmədiyindən öz yerini müəyyənləşdirə bilməmişdir. İddiaçı tərəf də ona məxsus sahədə özləri məhsul əkdiyinə görə o da bəhsə düşüb onlara icarə haqqı ödənişini etməmişdir. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi.

9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi.

10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə e-mail vasitəsilə müraciət edərək işlə əlaqədar sənəd əldə etməsi məqsədilə Qəbələ Resyestr Xidmətinə müraciət etdiyini, bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

11. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı MMC (icarəyə verən) və Cavabdeh oğlu (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 074/2024 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən ona məxsus Qəbələ rayonu, Nic qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2.24 ha olan torpaq sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 1.7-ci bəndinə əsasən bu müqavilənin müddəti 16 may 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək müəyyən edilir. 1.8-ci bəndinə əsasən icarə haqqı hər hektar üçün 200 manat, cəmi 448 manat tətbiq olunur və həmin vəsait icarəçi tərəfindən icarəyəverənə nağd və ya köçürmə yolu ilə ödənilir. 1.9-cu bəndinə əsasən icarəçi icarə haqqını xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öz öhdəsinə götürür.

16. İşdə olan ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyest nömrəli Çıxarışdan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı 0.6383 ha torpaq sahəsi İddiaçı MMC-nin tam (xüsusi) mülkiyyətindədir.

17. İşdə olan ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66 reyest nömrəli Çıxarışdan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı 5.745 ha torpaq sahəsi İddiaçı MMC-nin tam (xüsusi) mülkiyyətindədir.

Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

21. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı MMC (icarəyə verən) və Cavabdeh oğlu (icarəçi) arasında xx.xx.2024-cü il tarixli 074/2024 nömrəli torpaq icarə müqaviləsinin bağlanmasından, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı 0.6383 ha və 5.745 ha torpaq sahələrinin İddiaçı MMC-nin tam (xüsusi) mülkiyyətində olmağından ibarətdir.

22. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında yaranmış icarə haqqı borcunun cavabdeh tərəfindən ödənilib-ödənilməməsindən ibarətdir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

23. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi İddiaçı MMC və Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixli 074/2024 nömrəli torpaq icarə müqaviləsi bağlanmış, cavabdeh tərəfindən ümumilikdə 448 manat icarə haqqı borcunun ödənilməsi razılaşdırılmışdır. Hər iki tərəfin məhkəmə hazırlıq iclasında verdikləri izahatlarından cavabdehin həmin müqavilə üzrə yaranmış ümumilikdə 448 manat məbləğində icarə haqqı borcunu ödəmədiyi öz təsdiqini tapır. Bundan əlavə olaraq cavabdeh ona məxsus torpaq sahəsinin də iddiaçı tərəfindən istifadə edildiyini, bu halın araşdırılması üçün reyestr xidmətinə müraciət etdiyini bildirsə də, qeyd edilən hal cavabdehin iddiaçı hüquqi şəxslə icarə müqaviləsini bağlamasını və həmin müqavilə əsasında icarə borcunun yaranmasını istisna etmir. Bundan başqa cavabdehin qeyd etdiyi hal, yəni ona məxsus torpaq sahəsinin həqiqətən də iddiaçı tərəfindən istifadə edilməsi faktı mövcud olduğu halda cavabdeh tərəf bununla bağlı ayrıca olaraq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

24. Göründüyü kimi cavabdeh torpaq icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunu ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 448 manat borcu qalmışdır ki, iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

25. Cavabdeh tərəfin etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi və 2024-cü il üçün icarə haqqını ödəməməsi təsdiq edilir. Lakin cavabdehin etirazı odur ki, ona məxss kənarda yerlşən pay torpaqları iddiaçı tərəfindən istifadə edildiyindən onun ödəyəcəyi icarə haqqı əvəz edilməli halına münasibətdə qeyd edilməlidir ki, bununla bağlı ayrıca tələb irəli sürülməli, əgər cavabdehə məxsus başqa torpaq sahəsi istifadə edilirsə, bununla bağlı vurulmuş ziyan tələb edilməlidir. Cavabdehin etirazı ilə bağlı halların araşdırılması hazırkı iddianın predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən cavabdehin rtirazı əsaslı hesab edilmir.

26. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

28. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

29. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

30. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, eyni zamanda cavabdeh tərəf icarə müqaviləsinin bağlanması və borcunun yaranması hallarını qəbul etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

31. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh 448 manat icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Vİİİ Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 448 manat icarə haqqı və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar