Məhkəmə qərarları › İş №e-2-2(117)-1015/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1015/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1015/2022 18.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“cavabdehdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 2751.10AZN əsas borcun, 13.37 AZN faiz borcunun və 60 AZN mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “cavabdehdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 2751.10AZN əsas borcun, 13.37 AZN faiz borcunun və 60 AZN mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı qeyd edir ki, cavabdeh Elektron Məhkəmə İnformasiya sistemində və AVİS-də şəxsi kabineti olmadığından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin göndərilməsinin mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hər bir vergi ödəyicisinin vergi orqanında qeydiyyatı və şəxsi kabineti mövcuddur və MPM-in 150-ci maddəsinin tələbi baxımından " İnternet Vergi İdarəsində online kargüzarlıq" vasitəsilə sənədlər həmin kabinetə göndərilməlidir. Bundan əlavə, iddiaçı mediasiya prosesinin keçirilmə yerini düzgün müəyyən etməmiş, mediasiya sessiyası Bakı 5 saylı Mediasiya Təşkilatında keçirilmişdir. Mübahisənin aid olduğu məhkəmə isə Şəki Kommersiya Məhkəməsidir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddənin məzmunundan göründüyü kimi, mediasiya sessiyası mübahisənin aid olduğu Şəki Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın olan yerin mediasiya təşkilatında keçirilməlidir. Həmçinin, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Oğuz, Qax, Şəki, Ucar, Yevlax, Zaqatala, Zərdab rayon və şəhərlərində də mediasiya təşkilatları mövcuddur ki, bu ərazilərdə mediasiya prosesinin keçirilməsi mümkündür. Şəki şəhərində Mediasiya Təşkilatı mövcuddur. Bu səbəbdən mediasiyanın Bakı şəhərində keçirilməsi üçün tərəflərin razılığı olmalı, bu olmadıqda isə qanunvericiliyin müəyyən etdiyi aidiyyət qadalarına riayət edilməlidir. İşə mahiyyəti üzrə baxılsa belə, məhkəmə qərarının mübahisələndirməsi zamanı apelyasiya instansiyası belə vəziyyətdə mahiyyət üzrə baxılma ilə razılaşmaya və məhkəmə qərarını ləğv edib, icraatı baxılmamış saxlama ehtimalları daha böyükdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı qeyd edilən normaların tələblərinə riayət etmədən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri, pretenziya məktubunu cavabdehə elektron qaydada göndərməmişdir. İddiaçının qeyd edilən sənədləri yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq elektron qaydada cavabdehə göndərməsi zəruridir. Yuxarıda şərh olunan hallar əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, pretenziya məktubu cavabdehə lazımi qaydada çatdırılmamış, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, mediasiya prosesinin keçirilmə yeri düzgün müəyyən edilməmişdir. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“cavabdehdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 2751.10AZN əsas borcun, 13.37 AZN faiz borcunun və 60 AZN mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar