Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-102/2024 14.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 9687,74 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 140 manat və mediasiya xərcləri kimi ödənilmiş 210 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. Tərəflər arasında 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Bu müqavilənin 1.4-cü bəndinə əsasən kredit, xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası üçün verilmişdir. Müqavilənin 1.8-ci bəndində göstərilmişdir ki, əsas borc və ona hesablanacaq faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasənda ödənilir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit vəsaitini hər ay 620 ABŞ dolları məbləği olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1-ci bəndinin tələbinə görə, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Tərəflər arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 2021/00192-01İP nömrəli ipoteka müqaviləsində görünür ki, kredit müqaviləsində olan öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam borcalan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixində verilmiş **********08-05301-093054 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsusdur. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 105 000 (bir yüz beş min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 63.94 kv.m olan fərdi yaşayış evi (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2021-ci il qeydiyyat tarixi (********** qeydiyyat nömrəsi) ilə daşınmaz əmlakın dövlət reyestrində 1511 nömrəli reyestr kitabının 138034 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ƏEM/M 51-177/24 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.94 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 166 000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 1092-1023 qeydiyyat nömrəli borc haqqında arayışda əsas borc 8010,73 ABŞ dolları, faiz borcu 677,01 ABŞ dolları, dəbbə pulu 1000 ABŞ dolları olmaqla cəmi 9687,74 ABŞ dolları göstərilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, borc haqqında arayış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Bu müqavilənin 1.4-cü bəndinə əsasən kredit, xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası üçün verilmişdir. Müqavilənin 1.8-ci bəndində göstərilmişdir ki, əsas borc və ona hesablanacaq faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasənda ödənilir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit vəsaitini hər ay 620 ABŞ dolları məbləği olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, 06 avqust 2021-ci il tarixli 2021/00192-01İP nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi 105 000 manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 №-li kreditin restrukturizasiyası ilə bağlı 06 avqust 2021-ci il tarixli, 2021/00192-01 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehdən 8010,73 ABŞ dolları məbləğində əsas kredit borcu, 677,01 ABŞ dolları məbləğində faiz borcu və 1000,00 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, bir neçə dəfə məhkəmə iclasları keçirilmiş, tərəflər məlumatlandırılmış, lakin cavabdeh tərəf əsas və faiz borcunu mübahisələndirməmiş, həmin borcun şübhəli olması və ya real olmamaı ilə bağlı hər hansı etiraz, əks mövqe təqdim edilmədiyindən, həmçinin qeyd edilən borcların mövcud olmaması ilə bağlı hər hansı bir sübut və ya dəlil təqdim edilmədiyindən əlavə araşdırma aparılmamış, ekspertiza təyin edilməmişdir. Bu səbəbdən də iddia tələbi üzrə əsas və faiz borcu ilə bağlı iddiaçının tələbi haqlı qəbul edilir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasnda bağlanmış Kredit müqaviləsinin 3.1-ci bəndinin tələbinə görə, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Bu səbəbdən məhkəmə hesab edir ki, verilən kredit xarici valyutada olduğundan, kreditin ödənilməsində cavabdeh tərəfindən gecikdirilmə edilən vaxtdan xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsini, tərəflərin əmlak mənafelərini, həmçinin tərəflər rasında əvvəllər də kredit münasibətlərinin mövcud olduğunu nəzərə alıb 1000 ABŞ dolları cərimə məbləğinin 200 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuni, ədalətli və ağılabatan hesab edir. Bundan başqa, məhkəmə iddia tələbinin “tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı BOKT ASC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 63,94 kv.m ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 166 000 manat müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəyə münasibətdə tərəflər hər hansı bir mübahisəli məqamla bağlı məhkəməyə etiraz və ya dəlillərini təqdim etməmiş, tərəflər arasında ipoteka müqaviləsinin bağlandığı vaxt qeyd edilən əmlakın dəyərinin 105 000 manat olması hazırkı vaxtda isə mütəxəssisin qeyd etdiyi 166 000 manat məbləğində olması real vəziyyətə uyğun hesab edilir. Əks mövqe olmadığından məhkəmə tərəfindən əlavə sübutların əldə edilməsi, ekspertiza təyin edilməsi və ya digər prosessual hərəkətlər edilməmişdir. İddiaçının tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müracilət etməmişdən əvvəl cavabdehə göndərdiyi bildirişdə tərəflər arasında bağlanmış müqavilənin ləğv edəcəyi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsində müqavilənin ləğv edilmə qaydası konkret nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İddiaçı müqavilənin ləğv edilməsi barədə deyil, bu barədə məhkəməyə müraciət edəcəyini qarşı tərəfə bildirdiyindən, həmçinin bu barədə iddia tələbi irəli sürdüyündən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiadan müəyyən edilir ki, iddiaçı 200 manat mediasiya xərci, 140 manat isə dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi, iddiaçı həmin dövrdə əlavə olaraq dövlət rüsumu ödəməyə məcbur deyildi, çünki qanunla mediasiya xərcini ödədiyi üçün dövlət rüsumundan azad edilirdi. İddiaçı isə hazırkı tələbdə 140 manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat müəyyən edilmiş, lakin məhkəmə qeyd edilən dəyərlə razılaşmır. Belə ki, ipoteka predmeti Bakı şəhərində yerləşdiyindən əlavə nəqliyyat və digər xərclər çəkilməmişdir. Ona görə də məhkəmə qeyd edilən 350 manat tədqiqatın dəyərinin azaldılaraq 200 manat müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Qanunvericiliyin tələbinə görə həmin məbləğin 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq Əmlak Ekspert Mərkəzi” MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00192-01 №-li Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh 8010,73 ABŞ dolları məbləğində əsas borc, 677,01 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 8 887,74 ABŞ dolları borc, ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə borc və 140 manat dövlət rüsumu olaraq ödənilmiş pul tutularaq İddiaçı BOKT ASC-nin hesabına ödənilsin. Tələb Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanlı küçəsi, ev 1, 6 nömrəli mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış üçün likvid dəyəri 166000 (bir yüz altmış altı min) manat müəyyən olunsun. Həmin əmlak açıq hərracda satılsın, satışından əldə olunmuş pul hesabına hazırkı qətnamə ilə tutulmuş borc ödənilsin. Əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılaraq müəyyən edilən 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq Əmlak Ekspert Mərkəzi” MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov