Məhkəmə qərarları › İş №e-2-2(117)-103/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-103/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-103/2021 15.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “307,98 manat əsas borc, 86,12 manat faiz borcu olmaqla cəmi 394,10 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 307,98 manat əsas borc, 86,12 manat faiz borcu olmaqla cəmi 394,10 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2016-cı il tarixdə borcverən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 135 TM nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün 7 ay müddətinə illik 6% olmaqla 4582 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Zaqatala rayonu, Faldarlı kəndi ərazisində 2,90 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2016-cı il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 135 İT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən birgə zamin olmuş şəxslər xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 307,98 manat əsas borc, 86,12 manat faiz borcu olmaqla cəmi 394,10 manat borcu qalmışdır. Həmin məbləğ İddiaçı MMC tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən 307,98 manat borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcverən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 135 TM nömrəli kredit müqaviləsi bağlanaraq Cavabdeh 7 ay müddətinə illik 6% olmaqla 4582 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 135 İT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun “xxxx” QSC BOKT-na 307,98 manat əsas borcu və kredit müqavilənin 4.7-ci bəndinə əsasən həmin vəsaitə illik 10 faiz hesablanmış 86,12 manat faiz borcu qalmış və həmin borc məbləği zamin İddiaçı MMC tərəfindən “xxxx” QSC BOKT-na hesabına ödənilmişdir. Lakin Cavabdeh tərəfindən həmin borc məbləğinin “xxxx” MMC-yə ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən ödənilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmişdir və zamin olan hazırkı iddiaçı ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 307,98 manat əsas borc və 86,12 manat faiz borcu cavabdehdən tutulmaqla İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 307,98 manat əsas borc və 86,12 manat faiz borcu olmaqla ümumilikdə 394,10 (üç yüz doxsan dörd manat on qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar