Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-104/2021 23.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “5549,85 manat əsas borc, 377,39 manat faiz borcu olmaqla cəmi 5927,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2017-ci il tarixdə borcverən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh1, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 209TM/17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün xx.xx.2017-ci il tarixədək illik 10 % olmaqla 15000 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Qax rayonu Güllük kəndində yerləşən 8,93 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2017-ci il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 209İT/17 nömrəli, Cavabdeh2 arasında 209ZT/17 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zamin olmuş şəxslər xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 5549,85 manat əsas borc, 377,39 manat faiz borcu olmaqla ümumilikdə 5927,24 manat borcu qalmışdır. Kredit təşkilatı ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 5549,85 manat əsas borc, 377,39 manat faiz borcu olmaqla ümumilikdə 5927,24 manat borc zamin cəmiyyət tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli 51 nömrəli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş və bundan sonra iddiaçıya borclu tərəfindən 5927,24 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən 5927,24 manat borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit təşkilatı qarşısında öhdəliklərini icra etmədiyindən ödənilməmiş kredit borcu qalmış və zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MMC tərəfindən həmin borc məbləği kredit təşkilatına ödənilərək kredit təşkilatının öhdəliyi zaminə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuların ünvanları üzrə xx.xx.2021-ci il tarixlərdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarışlar, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 5549,85 manat əsas borcu və həmin vəsaitə illik 10 faiz hesablanmış 377,39 manat faiz borcu qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 209İT/17 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 5549,85 manat əsas borc, 377,39 manat faiz borcu olmaqla ümumilikdə 5927,24 manat borc xxxx QSC BOKT-na ödənilmiş və xx.xx.2019-cu il tarixli akta əsasən cavabdehin sənədləri İddiaçı MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən ödənilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı ödədiyi 5927,24 manat borcu əsas borclu olan Cavabdeh1 tələb etməkdə haqlıdır. İddia tələbinin borcun digər zamin Cavabdeh2 da müştərək qaydada tutularaq ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddianın kredit borcunun zamin Cavabdeh2 da əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2017-ci il tarixli 209TM/17 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xx.xx.2017-ci il tarixədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqaviləsi üzrə verilmə müddəti xx.xx.2017-ci il tarixdə qurtarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir....... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Bu səbəbdən də iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, borc məbləğinə münasibətdə tam təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5549,85 manat əsas borc, 377,39 manat faiz borcu olmaqla cəmi 5927,24 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-104/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-104/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver