Məhkəmə qərarları › İş №e-2-2(117)-1042/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1042/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1042/2024 18.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “05 noyabr 2020-ci ildə “Tütün becərmə üzrə borc” müqaviləsi üzrə öhdəliklərinin tam yerinə yetirilməməsinə görə Cavabdeh MMC-dən 32042,43 manat pulun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 186,73 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə 2021-ci il mövsümü üzrə yaşıl tütünün alğı-satqısına dair bağlanmış və xx.xx.2021-ci il tarixədək qüvvədə olan müqaviləyə əsasən icraçı fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 40 ha torpaq sahəsində bu müqavilənin şərtləri daxilində müvafiq aqrotexniki qaydalara və müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında tütün becərmə üzrə borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi ilə iddiaçı 72000 manat pulu Cavabdeh MMC-yə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçiyə satılmış tütün yarpaqlarının alış qiymətinin 50 %-i tutulacaq və geri ödəmə üçün istifadə olunacaqdır. 3-cü bəndinə əsasən icraçı fermer dekabr 2021-ci il tarixdən gecikdirilmiş borcun illik 15 % həcmində dəbbə pulu ödəyir. Təqdim edilmiş hesabdan çıxarışlardan göründüyü kimi İddiaçı MMC tərəfindən cavabdeh ULDUZ-2011” MMC-nin bank hesabına ümumilikdə 293681.64 manat pul köçürülmüşdür. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalara əsasən, Cavabdeh MMC tərəfindən ümumilikdə 261693.21 manat dəyərində yaşıl tütün iddiaçıya təhvil verilmiş, qalan borc mənləği ödənilməmişdir. Nəticədə cavabdehin 32042,43 manat qalıq borcu qalmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən cavabdeh tərəfə 2020-ci il üzrə 209496,63 manat, 2021-ci il üzrə 84185,01 manat ümumilikdə 293681,64 manat avans verilmişdir. Cavabdeh isə həmin götürülmüş avans məbləğinə görə 2021-ci ilin noyabr ayına kimi yetişdirdiyi tütün məhsullarından yaşıl tütün təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü həcmdə yaşıl tütün vermədiyindən hal-hazırda 32042,43 manat qalıq borcu qalmışdır. Cavabdehə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirməmiş və buna görə də iddiaçı tərəf məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2020ci ildə tərəflər arasında tütün becərmək üçün borc müqaviləsi bağLanmışdır. Həmin müqaviləyə əsasən 293681,64 manat avans pul köçürülmüşdür. Cavabdeh tərəf 263693,21 manat dəyərində yaşıl tütün təhvil vermişdir. Nəticədə 32042,43 manat borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul edir. Müəssisənin təsisçisi olan Tamara xanıma da borcu yaşıl tütün verib bağlayacağını demişdir. İddianın təmin olunmasına etirazı yoxdur. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tütünün alqı-satqısına dair müqavilə, Tütün becərmə üzrə borc müqaviləsi, Hesabdan çıxarış, Müxtəlif tarixli və nömrəli elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi etiraf olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etdi və təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4.-cü maddəsinə əsasən, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.2-ci maddəsinə əsasən qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi cavabdehin iddianı etiraf etməsi işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş vermədiyi hallarda irəli sürülmüş iddianın təmin olunması ilə nəticələnir. Hazırki iş üzrə cavabdehin nümayəndəsinin (rəhbəri) iddianı etiraf etməsi qanuna zidd olmadığından və başqa şəxslərin hüquqlarını pozmadığından, işin hallarının gizlədilməsi məqsədi daşımadığından, aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş vermədiyindən məhkəmə tərəfindən qəbul edilməli və iddia 32042,43 manat borcun tutlması hissəsində təmin edilməlidir. Bundan başqa 200 manat hüquqi yardım göstərilməsi üçün pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, məhkəmə araşdırması zamanı ödənilmiş vəsaiti nəzərə alaraq hesab edir ki, tələb olunan məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş 200 manat hüquqi yardıma görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 186,13 manat təşkil edir. İddiaçı 186,73 manat dövlət rüsumu ödəsə və həmin dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddianın qiymətinə uyğun hesablannmış 186,13 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 32042,43 manat borc, 200 manat hüquqi yardıma görə pul və 186,13 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 0.60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar