Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1048/2023 30.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixə Banka 1138,54 manat məbləğində əsas borc, 75,83 manat məbləğində faiz borcu və 110,64 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1325,01 manat pul məbləğinin, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,25 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixə Banka 1138,54 manat məbləğində əsas borc, 75,83 manat məbləğində faiz borcu və 110,64 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1325,01 manat pul məbləğinin, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,25 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 355828-CNS-39249 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 2200 manat olan borc pulu aylıq 24 faiz dərəcəsi ilə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 1138,54 manat məbləğində əsas borc, 75,83 manat məbləğində faiz borcu və 110,64 manat cərimə borcu mövcuddur. Kredit müqaviləsinə 1 nömrəli Əlavə ilə müəyyən olunur ki, cavabdeh 28 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün müəyyən məbləğdə olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildirişin çatdırılması haqqında məlumat daxil olmamış, cavabdehin əlaqə nömrələrinə zəng çatmadığından əlaqə saxlanıla bilməmiş, xx.xx.2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinə məhkəmə bildirişini cavabdehə çatdırmaq çün müraciət edilmiş və həmin sənəd müvafiq orqana çatdırılmışdır. Lakin cavabdeh tərəfindən iddia tələbinə hər hansı etiraz məhkəməyə daxil olmamışdır. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 355828-CNS-39249 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 2200 manat olan borc pulu aylıq 24 faiz dərəcəsi ilə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 1138,54 manat məbləğində əsas borc, 75,83 manat məbləğində faiz borcu və 110,64 manat cərimə borcu mövcuddur. Kredit müqaviləsinə 1 nömrəli Əlavə ilə müəyyən olunur ki, cavabdeh 28 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün müəyyən məbləğdə olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmşdır ki, hazırki vəziyyətdə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “110,64 manat məbləğində cərimə borclarının tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, 355828-CNS-39249 saylı kredit müqaviləsi üzrə 10 manat məbləğində cərimənin saxlanması tərəflərin hüquqlarına və qanuni mənafelərinə uyğundur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən iddiaçının ödədiyi və cavabdehdən tələb etdiyi 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, ödənilməli olan 33,25 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1138,54 manat məbləğində əsas borc, 75,83 manat məbləğində faiz borcu, 10 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 33,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov