Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-105/2024 13.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “8000 manat əsas borc, 100 manat faiz borcu və 101 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında borclunun kreditora olan vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında şərait yaradılması məqsədilə RTM-003/22 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı borclu Cavabdeh2 bu müqavilənin 2.1-ci bəndində göstərilən xx.xx.2021-ci il tarixli, TM-420/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 8000 manat əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 20 ay müddətinədək uzadılmasını təmin etməyi, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 8000 manat borcu və bundan sonra ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas borc xx.xx.2022-ci il tarixdə 4000 manat və xx.xx.2023-cü il tarixdə 4000 manat olmaqla, faiz borcu isə illik 1 % dərəcəsilə ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına faiz illik 2 %-lə faiz hesablanır. 2.10-cu bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən tarixlərdə əsas borc və faizlər vaxtında ödənilmədikdə, həmin tarixdən borclunun kreditor qarşısında vaxtı keçmiş borcu əmələ gəlir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, vaxtı keçmiş 8000 manat kreditin vaxtını xx.xx.2022-ci il tarixdən etibarən 20 ay müddətinə uzatmış, lakin borcalan öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 8000 manat əsas borcu qalmışdır. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında Z-1 (RTM-003/22) nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini lazımınca yerinə yetirmədiyindən əsas və faiz borcu yaranmışdır. xx.xx.2023-cü il tarixə olan kredit borcu barədə məlumatdan görünür ki, Cavabdeh2 tərəfindən 170 manat faiz borcundan 70 manat ödəniş etmiş, əsas borcdan isə ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü tarixdə cavabdehlərə poçt vasitəsilə ünvanları üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırılması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında borclunun kreditora olan vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında şərait yaradılması məqsədilə RTM-003/22 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı borclu Cavabdeh2 bu müqavilənin 2.1-ci bəndində göstərilən xx.xx.2021-ci il tarixli, TM-420/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 8000 manat əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 20 ay müddətinədək uzadılmasını təmin etməyi, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 8000 manat borcu və bundan sonra ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas borc xx.xx.2022-ci il tarixdə 4000 manat və xx.xx.2023-cü il tarixdə 4000 manat olmaqla, faiz borcu isə illik 1 % dərəcəsilə ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2 %-lə faiz hesablanır. 2.10-cu bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən tarixlərdə əsas borc və faizlər vaxtında ödənilmədikdə, həmin tarixdən borclunun kreditor qarşısında vaxtı keçmiş borcu əmələ gəlir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, vaxtı keçmiş 8000 manat kreditin vaxtını xx.xx.2022-ci il tarixdən etibarən 20 ay müddətinə uzatmış, lakin borcalan öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 8000 manat əsas borcu və 100 manat faiz borcu qalmışdır ki, iddiaçı həmin borc məbləğlərini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi kredit borcu barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh2 restrukturizasiya olunmuş əsas borc məbləğindən ümumiyyətlə ödəniş etməmişdir. Faiz borcundan isə sonuncu tərəfindən 70 manat ödəniş edilmiş, 100 manat ödənilməmiş fazi borcu qalmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına faiz illik 2 %-lə faiz hesablanır. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən 8000 manat kredit məbləğinə münasibətdə 20 ay üçün illik 2 %-lə hesablanmış 266,67 manat faiz borcu (8000 x 1 % = 160 manat 12 ay üçün (1 illik), 160 /12 = 13,33 manat günlük, 13,33 * 8 = 106,67 manat 8 ay üçün, cəmi 160+106,67 =266,67 manat 20 ay üçün) ödənilməlidir. İddiaçı isə cəmin 170 manat faiz hesalamış və hazırki iddia tələbi ilə 100 manat faiz ödənilməsini tələb edir ki, məhkəmə iddiaçının tələbi həddində 100 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni hesab edir. Bundan başqa məhkəmə borcun zamindən də tutulması hissəsinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin 6.1-ci bəndindən göründüyü kimi müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2022-ci il tarixli RTM-003/22 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və hazırki vəziyyətdə restrukturizasiya müqaviləsi qüvvədə olduğundan zaminlik müqaviləsi də qüvvədədir. Hazırki vəziyyətdə restrukturizasiya müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir ki, belə olan halda zaminlik müqaviləsinin 6.1-ci bəndinin şərtinə əsasən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də bitmişdir. Bu səbəbdən zaminlik müqaviləsi üzrə onun verilmə müddəti xx.xx.2023-cü il tarixdə qurtarmış və iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutulmasına dair iddia əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməli, əsas borcludan 8000 manat əsas borc və 100 manat faiz borcunun tutulması hissəsində isə təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (8100 manat) ödənilməli dövlət rüsumu 101 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən ödənilmiş 101 manat dövlət rüsumu əsas borclu olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 8000 manat əsas borc, 100 manat faiz borcu və 101 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-105/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-105/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver