Məhkəmə qərarları › İş №e-2-2(117)-1052/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1052/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1052/2021 30.11.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “5512,86 manat borc, 30 manat dövlət rüsumu, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “5512,86 manat borc, 30 manat dövlət rüsumu, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ilə Məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2018-ci il tarixli 2-2(84)-112/2018 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı MMC və "xxxx" MMC-dən 5193,38 manat əsas borcun, 299,62 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən, onun öhdəliyi hazırkı iddiaçı tərəfindən ödənilmişdir (11.10.2018-ci il tarixli sənəd, iş vərəqi 15-16). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 15.11.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, inkasso sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 475.1 və 475.2-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2018-ci il tarixli 2-2(84)-112/2018 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı MMC və "xxxx" MMC-dən 5193,38 manat əsas borcun, 299,62 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən, onun öhdəliyi hazırkı iddiaçı tərəfindən ödənilmişdir (11.10.2018-ci il tarixli sənəd, iş vərəqi 15- 16). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 5512,86 manat borc cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçının tələb etdiyi ödənilmiş dövlət rüsumunun 30 manatı və 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 5512,86 (beş min bir yüz on iki manat səksən altı qəpik) manat əsas borc, ödənilmiş dövlət rüsumunun 30 manatı və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar