Məhkəmə qərarları › İş №e-2-2(117)-1059/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1059/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1059/2024 17.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “qanuni istifadəsində olan Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə verilmiş Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, sözügedən torpaq sahəsinin sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən istifadə nəticəsində dəymiş 50000 manat maddi zərərin, 240 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “qanuni istifadəsində olan Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə verilmiş Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, sözügedən torpaq sahəsinin sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən istifadə nəticəsində dəymiş 50000 manat maddi zərərin, 240 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki: Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamı ilə Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş; Şəki şəhər İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasına imzalanmış xx.xx.2006-cı il tarixli 28 nömrəli icarə müqaviləsindən müəyyən edilir ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2 hektar torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədi ilə, illik icarə haqqı 1200 manat olmaqla İddiaçı istifadəsinə verilmişdir. Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 nömrəli sərəncamı ilə Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamına əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə icazə verilmişdir. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 23 may 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Ünvan 1 küçəsində yerləşən 2 ha torpaq sahəsində 20 il müddətinə (xx.xx.2006-xx.xx.2026) İddiaçı hüquqları yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır; Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1/347 saylı sərəncamı ilə yaradılmış komissiyanın üzvləri tərəfindən Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamına əsasən Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ticarət cərgəsinə baxış keçirmiş və xx.xx.2009-cu il tarixli istismara qəbul aktı tərtib edərək həmin tikililəri istismara qəbul etmişlər. İddiaçı ilə Cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kv.metr ümumi, o cümlədən 10816,5 kv.metr əsas və 284,00 kv.metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Qeyd edilən müqavilədə “Birinci tərəf” dedikdə İddiaçı (nümayəndəsi X1 ilə təmsil olunub), “İkinci tərəf” dedikdə Cavabdeh nəzərdə tutulur. Birinci tərəfin vəzifə və öhdəliklərindən bəhs edən Müqavilənin 2.1-ci bəndinin a) yarımbəndinə əsasən müqavilə imzalandığı andan Şəki Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S. Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini, o cümlədən ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinin b) yarımbəndinə əsasən Şəki Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S. Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. İkinci tərəfin vəzifə və öhdəliklərindən bəhs edən müqavilənin 2.2-ci bəndinin a) yarımbəndinə əsasən müqavilə imzalandığı andan …………mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ona verilmiş etibarnamə əsasında ardıcıllıqla, tam və vaxtında edilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə” düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Həmin bəndin qeyd hissəsində “Tərəflər arasında razılaşma dedikdə tərəflərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli razılaşma protokolu, xx.xx.2006-cı il tarixli razılaşma müqaviləsi və xx.xx.2006-cı il tarixli akt nəzərdə tutulur.” Həmin müqavilənin 2.2-ci bəndinin c) yarımbəndinə əsasən………… mübahisə predmeti olan dövlət fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində olan hüquqları əldə edənə qədər öz üzərinə düşən öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdə bağlanılır. Müqavilənin xitamına dair tərəfləri arasında razılaşma olana qədər qüvvədədir və tərəflər müqavilənin müddəti ərzində öz öhdəlikləri üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli 2- 1(102)-1244/2021 nömrəli qərarında müəyyən ediir ki, hazırkı iş üzrə cavabdeh ərizə ilə DƏDRX-yə müraciət edərək Şəki şəhəri, Ünvan 1 küçəsinin qərb hissəsində yerləşən qeyri-yaşayış binasına (ticarət cərgəsinə) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdehə DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/240 nömrəli sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarı ilə iddia təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(107)-334/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya Məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-378/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(107)-334/2020 nömrəli qərarı ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(107)-198/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, həmin qərardan verilmiş kassasiya şikayəti əsasında Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(107)-1244/2021 saylı qərarı ilə şikayətlər qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 2xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Ali Məhkəməsinin qeyd edilən qərarında müəyyən edilmişdir ki, iddiaçı (həmin işdə) mübahisə predmeti olan əmlakların onun tərəfindən tikdirilməsi hüquqi faktı müəyyən edilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(075)-4127/2018 qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh adına Şəki şəhəri, Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir. Həmçinin hazırkı iş üzrə tərəflər arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, hazırkı iddiaçı fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, hazırkı iddiaçı fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Bundan başqa, Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə hazırkı cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan hazırkı iddiaçı müqavilə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh sözügedən torpaq sahəsini uzun illərdir qanunsuz olaraq istifadə edərək gəlir əldə edir və ona heç bir qazanc və yaxud gəlir ödəmir. Sözügedən torpaq sahəsindən nə istifadə edə bilmir, nə də gəlir əldə edir. 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona 6599 manat torpaq vergisi hesablanmışdır. Məhkəməyə müraciət edildikdən sonra vergi orqanı tərəfindən borc məbləği silinmişdir. Cavabdeh tərəfindən qanuni istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq istifadə edilir və qanunsuz olaraq subicarəyə verilən obyektlərdən qazanc əldə olunur. Göstərilənləri aradan qaldırmaq məqsədilə sözügedən torpaq sahəsinin 5 gün ərzində boşaldılması, eyni zamanda torpaq sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirdiyi üçün və həmin torpaqdan istifadəyə maneələr yaratdığı üçün 50000 manat əldən çıxmış faydanın ödənilməsi barədə pretenziya göndərilmiş, lakin cavabdeh pretenziyaya heç bir münasibət bildirməmişdir. İddaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi Kristal MM şirkətinin xx.xx.2024-cü il tarixli 4001/24 nömrəli mütəxəssis rəyinidən görünür ki, Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 2010-2024-cü illər ərzində icarə dəyəri ******* manat təşkil etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən mühasibar ekspertizasının təyin edilmə əsası ilə bağlı məhkəməyə əsaslandırıcı arqument təqdim edilmədiyindən hazırkı vəziyyətdə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi başqa məhkəmə iclası olduğundan məhkəmədə iştirak edəə bilməyəcəyini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı;………..6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəməyə təqdim edilmiş iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, İddiaçı Cavabdeh iddiaçının qanuni istifadəsində olan Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə verilmiş Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin boşaldılmasını, sözügedən torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılmasını və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılmasını, cavabdehin torpaq sahəsindən istifadə nəticəsində dəymiş 50000 manat maddi zərərin, 240 manat dövlət rüsumunun alınaraq ödənilməsini tələb edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya 20 il müddətinə icarə hüququ əsasında istifadəsinə verilmiş, həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı hazırkı mübahisə tərəfləri arasında razılıq olmuş, sonra müvafiq qərarlar əsasında həmin torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə icazə verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, qeyd edilən qeyri-yaşayış obyektlərinin tikintisinin cavabdeh tərəfindən həyata keçirilməsi tərəflərin razılıqlarından açıq görünür. Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Maddə 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələbi baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli 2-1(102)-1244/2021 nömrəli qərarı hazırkı iş üzrə preyudisial məhkəmə aktıdır. Belə ki, qüvvədə olan və tərəflər üçün preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarı ilə müəyyən edilən hal odur ki, tərəflər arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçının fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının İddiaçı həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, iddiaçının fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Həmçinin Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə İddiaçı arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan hazırkı iddiaçı müqavilə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin Ünvan 1 küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə tərəflər arasında bağlanmış müqavilə konteksindən baxılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı cavabdehə notarial qaydada rəsmi bağlanmış müqavilə əsasında daşınmaz əmlakın idarəçiliyi, həmin torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması barədə razılıq vermiş, tikinti icra edilərək başa çatmış və tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, əmlakdan istifadə hüququ olan şəxsin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və istifadə (icarə) hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, icarə hüququ ilə hüquq sahibinin torpaqla bağlı hüquqlarına müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin (icarə hüququ sahibinin) iradəsidir. Bu baxımdan binanı iddiaçının razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri torpaq sahəsinin icarəçisinə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Qeyd edilən razılıq tərəflər arasında bağlanmış müqavilə ilə verilmişdir. Bununla belə, torpaq mülkiyyətçisi (əsas icarəçisi) öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin (icarəçinin) hüquqları ilə yanaşı, göstərilən şəxsin də, yəni cavabdehin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin (icarəçinin) qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin (icarəçinin) razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərdən çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin (icarəçinin) onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin (icarəçinin) və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət (icarə) hüququna istinadən tikililərdən cavabdehin çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin (icarəçinin) öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Çünki, mülkiyyət (icarə hüququ) hüquqları hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin hazırkı vaxta kimi ləğv edilmədiyini müəyyən edir. Belə ki, qeyd edilən müqavilədə müqaviləyə xitam verilməsinin xüsusi qaydası müəyyən edilmiş, həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdə bağlanılır. Müqavilənin xitamına dair tərəfləri arasında razılaşma olana qədər qüvvədədir və tərəflər müqavilənin müddəti ərzində öz öhdəliklərini üçün məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin, 15 iyun 2006-cı il tarixli Razılaşma protokolunun və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsinin ləğvi və ya həmin müqavilə və razılaşmalara xitam verilməsi ilə bağlı tərəflərin bir-birinə müraciəti olmamışdır. Eyni zamanda qeyd edilən müvafiq daşınmaz əmlakla bağlı müqavilələr növünə aid olduğundan, bu müqavillələrin ləğvi nəticəsində tərəfin əhəmiyyətli əmlak itkisinə məruz qalma ehtimalını olduğundan bu xarakterli müqavilələrin yalnız məhkəmə qaydasında ləğv edilməsi mümkündür. Ona görə də tərəflər arasında müvafiq müqavilələrə xitam verilmədən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin sahənin iddiaçının istifadəsinə verilməsi mümkün deyildir. Qanunvericiliyin tələbinə görə hüquq sahibi başqasının qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Hazırkı vəziyyətdə iddiaçının əmlakı cavabdehdə olmasının qanuni və müqavilə əsası vardır. Belə olan halda sual meydana çıxır ki, iddiaçının icarə hüququndan məhrum olması adi qaydada icarəyə verəcəyi halda onun xeyli gəlirdən məhrum olmasını qanun necə nizamlayır. Məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşma və müqavilələrdə hər hansı bir icarə haqqı müəyyən edilməmiş və bütün bu razılaşma üçün hər hansı bir haqq müəyyən edilməmişdir. Hətta xx.xx.2015-ci il tarixli müqavilənin “İkinci tərəfin”, yəni cavabdehin vəzifə və öhdəliklərindən bəhs edən müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə” düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər qeyd edilən mübahisəli torpaq sahəsində inşa edilən tikililərin cavabdehə məxsus olduğunu təsdiqləyir və gələcəkdə həmin əmlakların cavabdehin adına hüquqi qeydiyyata alınacağını təsdiqləyir. Buna baxmayaraq cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulması halı müəyyən edilir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən hazırkı iş üzrə cavabdeh ……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona, yəni cavabdehə aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə”, yəni iddiaçıya düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş və iddiaçı isə hazırkı iddia tələbində bununla bağlı iddia tələbi irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsində yerləşən ticarət cərgəsində olan tikililələrin müvafiq hissədə ona aid hissədə payı müəyyən edildikdən sonra həmin payın xeyli müddət cavabdehin qanunsuz istifadəsində olması əsası ilə bağlı tələblə məhkəmədə çıxış etmək hüququ yarana bilər. Hazırkı vəziyyətdə cavabdehin müvafiq torpaq sahəsindən qanunsuz istifadəsi müəyyən edilmədiyindən məhkəmə vurulmuş zərər olaraq cavabdehdən pulun tutulmasını təmin edə bilmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əldən çıxmış fayda tələbi o halda mövcud olur ki, hüquq sahibinin əmlakından qanunsuz olaraq başqa şəxs xeyir və bəhər götürür. Eyni zamanda, ziyan məbləği o zaman ziyan vuran şəxsdən tutulur ki, ilkin şərt ziyan mövcud olmuş olsun, ziyan vuranın ziyanın vurulmasında təqsiri mövcud olsun və ziyan vurma ilə nəticələnən hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqə mövcud olsun. Hazırkı vəziyyədə isə iddiaçı olaraq hüquq sahibinin əmlakının cavabdeh tərəfindən qanunsuz istifadəsi müəyyən edilmir, tərəflər arasında mövcud olan müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən əmlak istifadə edilir və qeyd edilən razılaşma və müqavilələrə isə xitam verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 240 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanuni istifadəsində olan Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə verilmiş Şəki şəhər, Ünvan 1 küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, sözügedən torpaq sahəsinin sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən istifadə nəticəsində dəymiş 50000 manat maddi zərərin, 240 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə” tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar