Məhkəmə qərarları › İş №e-2-2(117)-1066/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1066/2023

20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1066/2023 20.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “1959,75 manat ziyan və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət edərək xx.xx.2022-ci ildə Şəki rayonu, Mərkəzi EATS-4 və EATS-5 stansiyalarının xidməti ərazisində su-kanalizasiya tikinti işlərinin aparılması zamanı yeraltı TPP 100x2, TPP 30x2 və TQ 30x2 markalı kabellərin, kabel-kanalizasiya qurğularının qırılması nəticəsində cəmiyyətə dəymiş 1959,75 manat ziyanın ödənilməsi barədə ona xəbərdarlıq etsə də, mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Mərkəzi EATS-4 və EATS-5 stansiyalarının xidməti ərazisində su-kanalizasiya tikinti işlərinin aparılması zamanı yerqazan traktor vasitəsi ilə eyni vaxtda iki istiqamətdə İddiaçı MMC-nin Şimal-qərb regional filialının Şəki şöbəsinə məxsus yeraltı TPP 100x2, TPP 30x2 və TQ 30x2 markalı kabellər, kabel-kanalizasiya qurğuları zədələnmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Şəki şöbəsinin işçiləri və Cavabdeh QSC-nin əməkdaşı tərəfindən akt tərtib edilmişdir. Cavabdeh dəymiş zərərin məbləğini ödəmədiyindən həmin pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, kiçik iddianı qəbul etmir. Zərərin olduğu və cəmiyyət tərəfindən törədildiyinə dair heç bir sübut əlavə olunmayıb. O, zərər yetirməmişdir. Belə ki, sənədlərə əlavə edilən zərər vurma barədə aktda onun heç bir əməkdaşının imzası və ya məlumatı olmayıb. Akta əlavə edilən fotoşəkillər isə heç bir sübuti əhəmiyyətə malik deyil: 3-5 qırıq kabelin şəklin çəkiblər və bu da heçnəyi sübut etmir. Üstəlik 3-5 kabelin qiymətin qızıldan baha yazıblar. Hamı bilir ki, kabel ən ucuz əşyadır. Şəkillər həqiqidirsə və şəkillərdəki kabellər doğurdan da kimsə tərəfindən zədələnibsə orada ən çoxu 100 manat zərər ola bilər. Ekspertiza təyin olunsa, bu üzə çıxar. Hesab edir ki, kiçik iddiada heç bir təsdiqedici sübut olmadığından ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş, cavabdeh 10 (on) iş günü müddətində əsaslandırılmış etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli akt, Smeta, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Hazırki iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixli akta istinad edərək Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixli Şəki rayonu, Mərkəzi EATS-4 və EATS-5 stansiyalarının xidməti ərazisində su-kanalizasiya tikinti işlərinin aparılması zamanı yeraltı TPP 100x2, TPP 30x2 və TQ 30x2 markalı kabellərin, kabel-kanalizasiya qurğularının qırıldığını və bunun cavabdehin əməkdaşı tərəfindən törədildiyini iddia edir. Sözügedən aktın ziyanvurmaya səbəb olan şəxs hissəsində Cavabdeh şirkətinin əməkdaşları qeydi olsa da, cavabdeh şirkətin məhz hansı əməkdaşının ziyanın vurulmasına səbəb olması göstərilməməklə yanaşı, aktın imza hissəsi də boş saxlanılmışdır. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Mərkəzi EATS-4 və EATS- 5 stansiyalarının xidməti ərazisində su-kanalizasiya tikinti işlərinin məhz Cavabdeh QSC tərəfindən aparılması və ziyanın məhz həmin təşkilat tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı dəyməsini iddia etdiyi ziyanın ona məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə sübut təqdim etmədiyindən və bu halın mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə cavabdeh iddianı qəbul etmədiyindən iddia olunan dəymiş zərərin cavabdehdən tutulmasına dair qanuni əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən ödənilməmiş 39,6 manat dövlət rüsumu iddiaçıdan tutlmalıdır. İddiaçı onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etsə də, iddia tələbi rədd edildiyindən həmin məbləğ cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “1959,75 manat ziyan və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 39,6 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar