Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1067/2022 12.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “barəsində tərtib edilmiş X1 qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun hesabından silinməsi” tələbi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Fiziki şəxs (fərdi sahibkar) İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Şəki rayonu Aşağı Göynük kəndində yerləşən qeyri-yaşayış sahəsinə (emalatxana) quraşdırılmış sayğaca xx.xx.2016-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları və abonentin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, sayğacın dövrədən axan yükü tam qeyd etmədiyi müəyyən edilərək 002207 nömrəli akt tərtib edilmişdir. xx.xx.2016-cı il tarixli 002207 nömrəli akt əsasında abonentə 6205 kvt.s olmaqla 434,35 manat məbləğində borc hesablanması Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən iddiaçıya ünvanlanan 23 iyul 2021-ci il tarixli məktubla öz təsdiqini tapır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən barəsində tərtib edilmiş 11 noyabr 2016-cı il tarixli aktdan son vaxtlarda məlumatı olmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar və akt tərtib etməklə yanlışlığa yol vermişlər. Odur ki, barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, Məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 11 noyabr 2016-cı il tarixdə "xxxx" ASC-nin əməkdaşları A.Rzayev, K.Əşrəfov, E.Ələsgərov, abonentin nümayəndəsi Mübariz Məmmədovun iştirakı ilə Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən qeyri-yaşayış sahəsinə (emalatxana) quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın dövrədən axan yükü tam qeyd etmədiyi müəyyən edilərək 002207 nömrəli akt tərtib edilmişdir. 11 noyabr 2016-cı il tarixli 002207 nömrəli akt əsasında abonentə 6205 kvt.s olmaqla 434,35 manat məbləğində borc hesablanması Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən iddiaçıya ünvanlanan 23 iyul 2021-ci il tarixli məktubla öz təsdqini tapır. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən akt tərtib edilərkən “X1 Qaydaları”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya borc hesablanmışdır. EEİQ-nın 8.2 və 8.16-ci bəndinin pozulması faktlarına əsaslanaraq akt əsasında Şimal-Qərb RETSİ-in Akt komissiyası tərəfindən iddiaçıya itirilmiş enerji hesabatı aparılmışdır. Halbuki, qanunverici həmin bənddə sadalanan hallar mövcud olduğu halda istehlakçıya yenidən hesablaşma aparılmasını bu halların baş verməsində istehlakçının təqsiri ilə əlaqələndirmişdir. Belə ki, EEİQ-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan norma üç halda, yəni istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda); uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerji təchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ verir. Lakin həmin bəndin tələbinə görə istehlakçının uçot cihazında pozuntular müəyyən edildiyi halda təkrar hesablaşma aparılması enerji təchizatı müəssisəsinə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırki iş üzrə mübahisə predmeti olan akt tərtib edilərkən aşkar edilmiş hal ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə xidmət edən elektrik sayğacının dövrədən axan yükü tam qeyd etmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının məsuliyyətə cəlb edilməsi üçün EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan hallar mövcud deyildir. Belə ki, sayğac cavabdeh tərəfindən quraşdırılır və sayğacının dövrədən axan yükü tam qeyd etməməsi iddiaçının təqsiri ucbatından baş verməmişdir. Cavabdeh heç bir hüquqi və qanuni əsas olmadan iddiaçıya borc hesablamışdır ki, bunda da haqlı olmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış 434,12 manat borc məbləği qanunsuz hesablandığından iddia təmin edilməli, həmin borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edildiklərindən 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş X1 qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 002207 nömrəli akt əsasında hesablanmış 434,12 manat borc silinsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1067/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1067/2022
12.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver