Məhkəmə qərarları › İş №e-2-2(117)-1098/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1098/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1098/2022 12.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, 6340,92 manat məbləğində kredit borcu, 782,86 manat məbləğində faiz borcu və 1259,88 manat cərimə borcu olmaqla, cəmi 8383,66 manat məbləğində borcun, 110 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 50000 manat məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca Kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 015R********** saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 015S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 6340,92 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 6340,92 manat borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 6340,92 manat əsas borcu və 782,86 manat faiz borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 əri X1 tərəfindən məhkəməyə ünvanlanmış Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-83/2022 nömrəli qətnaməsi və Mingəçevir şəhər İHB-nin xx.xx.2022-ci il tarixli 84 nömrəli Sərəncamı ilə müəyyən olunur ki, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və əri X1 onun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh1 qəyyumu olan əri tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə sənədləri qəbul edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə qəyyuma hüquqları izah edilərək iddia tələbinə qarşı etirazın məhkəməyə təqdim etmək imkanı sonuncuya izah edilmişdir. Qəyyuma göndərilən məhkəmə sənədləri həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılsa da, məhkəmə sənədləri ilkin olaraq xx.xx.2022-ci il tarixdə qəyyum tərəfindən qəbul edilmişdir. Digər Cavabdeh2 göndərilən məhkəmə sənədləri köçməsi səbəbindən geri qaytarılmış, məhkəmə sənədləri xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılması üçün elektron poçt vasitəsilə Mingəçevir şəhər İcra Hakimiyyətinə çatdırılmışdır. Məhkəmə sənədlərin Cavabdeh1 qəyyumuna və Cavabdeh2 çatdırılması üçün qanunvericiliyin tələbinə əsasən icra hakimiyyətinə çatdırılmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazları müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Kredit razılaşması, Zaminlik müqaviləsi, Xəbərdarlıq məktubu, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 421.2, 421.3, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb edə bilər. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edildiyi kimi, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 6340,92 manat əsas borcu və aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 782,86 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 6340,92 manat əsas və 782,86 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Bundan başqa, məhkəmə 1259,88 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 1259,88 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən tərəflər arasında bağlanmış kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli və həmin kredit müqaviləsi üzrə 6340,92 manat əsas borc, 782,86 manat faiz və 50 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8383,66 manat) ödənilməli dövlət rüsumu 103,83 manat olmalıdır. İddia qismən təmin edildiyindən 88,85 manat dövlət rüsumu cavabdehlərdən, 14,98 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı 110 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq ödənilməsini xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən təktərəfli qaydada 100 manat mediasiya xərci ödənilmişdir. Bu səbəbdən həmin məbləğdə, yəni 100 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 88,85 manat dövlət büdcəsinə və iddiaçıdan 14,98 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 14,98 manat dövlət rüsumu çıxılmaqla 85,02 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 14,98 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 88,85 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 103,83 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 015R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6340,92 manat əsas borc, 782,86 manat faiz, 50 manat cərimə borcu, 85,02 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 103,83 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar