Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1098/2023 15.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “14 may 2018-ci il tarixli, İ 04/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 21600 manat məbləğində icarə haqqı borcunun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqqın Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli i04/18 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan müqavilənin 1 nömrəli əlavəsində göstərilən əmlak kompleksi (ümumi sahəsi 10 ha olan torpaq sahəsi və 15084,8 m2 əmlak kompleksi) 11 ay müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 7200 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə eyni cavabdehə qarşı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “xx.xx.2018-ci il tarixli i04/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 152308,80 manat borcun, 400 manat mediasiya xərcinin və 42,31 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(117)-161/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 144000 manat əsas borc, 2000 manat cərimə borcu, 400 manat medisiya xərci və ödənilmiş 23,99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki vəziyyətdə icarə hüquq münasibətləri davam etdiyindən iddiaçı qalan 21600 manat məbləğin ödənilməsi ilə bağlı yenidən Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında icarə münasibətləri davam etdirilmiş, lakin hazırki vaxtadək cavabdeh tərəfindən növbəti dəfə icarə haqqı borcu üzrə heç bir ödəniş edilməmiş, bununla da sonuncu icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə hazırki tarixədək 21600 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələrlə öz təsdiqini tapır. İddiaçı cavabdehə borcun ödənilməsi və müqaviləyə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmiş və sonuncuya bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən icarə müqaviləsinə xitam verilmişdir və eyni zamanda sonuncudan xitam tarixinə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 14 may 2018-ci il tarixli, İ 04/18 nömrəli icarə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh müqaviləyə 1 nömrəli əlavədə göstərilən 10 ha torpaq sahəsini və 15.084,8 kvadrat metr əmlak kompleksini 11 (on bir) ay müddətinə icarəyə götürməyi və aylıq 7.200 (yeddi min iki yüz) (ƏDV daxil) manat icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 24 yanvar 2023-cü il tarixində iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 14 may 2018-ci il tarixli, İ 04/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 152.308,80 (yüz əlli iki min üç yüz səkkiz manat səksən qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 (dörd yüz) manat məbləğində haqqın və 42,31 (qırx iki manat otuz bir qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 3 mart 2023-cü il tarixli e-2-2(117)-161/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 144.000 (bir yüz qırx dörd min) manat məbləğində əsas borc, 2.000 (iki min) manat məbləğində cərimə olmaqla, 146.000 (bir yüz qırx altı min) manat məbləğində borcun, 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 23,99 (iyirmi üç manat doxsan doqquz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün 7 aprel 2023-cü il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Daha sonra tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən icarə münasibətləri davam etdirilmiş, lakin hazırkı tarixədək cavabdeh tərəfindən növbəti dəfə icarə haqqı üzrə heç bir ödəniş edilməmiş, nəticədə icarə münasibətlərinin davam etdirilməsinə dair razılıq əldə olunduqdan sonra cavabdehin 21.600 (iyirmi bir min altı yüz) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Müqavilənin 6.1-ci bəndinin tələblərinə əsasən hər hansı tərəf müqaviləyə xitam vermək niyyətində olduğu halda digər tərəfə 60 (altmış) təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq verməklə bu Müqaviləyə xitam verə bilər. Cavabdeh 26 may 2023-cü il tarixində "xxxx" ASC-yə məktub ünvanlayaraq, 14 may 2018-ci il tarixli, İ 04/18 nömrəli icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdehə 5 iyul 2023-cü il tarixli 13-5/2-0259/2023 nömrəli pretenziya məktubu ünvanlanaraq, Müqaviləyə 1 iyun 2023-cü il tarixindən xitam verildiyi bildirilmiş, həmçinin xitam tarixinə yaranmış borc məbləğinin ödənilməsi tələb olunmuş, buna baxmayaraq sonuncu bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Hüquqların Dövlət Qeydiyyatından Çıxarış, Elektron qaimələr, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli i04/18 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan müqavilənin 1 nömrəli əlavəsində göstərilən əmlak kompleksi (ümumi sahəsi 10 ha olan torpaq sahəsi və 15084,8 m2 əmlak kompleksi) 11 ay müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 7200 manat müəyyən edilmişdir. Tərəflər arasında icarə münasibətləri davam etdirilmiş, lakin hazırki vaxtadək cavabdeh tərəfindən növbəti dəfə icarə haqqı borcu üzrə heç bir ödəniş edilməmiş, bununla da sonuncu icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-161/2023 nömrəli qətnaməsi qəbul olunduqdan sonra 2023-cü ilin mart, aprel və may aylarına görə 21600 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, tərəflər arasında bağlanmış müqavilə və müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv olunması barədə razılaşma ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2). Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri formalaşmış, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmetini cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə tələb olunan məbləğdə borcu qalmışdır. İş materiallarında olan elektron qaimələr və müqavilə borcun mövcudluğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 21600 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (21600 manat) ödənilməli dövlət rüsumu 154,8 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 154,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 14 may 2018-ci il tarixli, İ 04/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 21600 manat məbləğində icarə haqqı borcu, 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilməmiş 154,8 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1098/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1098/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver