Məhkəmə qərarları › İş №e-2-2(117)-1100/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1100/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1100/2024 27.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Maqsud oğluna qarşı “cavabdehlərdən 21 İyun 2023-cü il tarixli, SKM-2953 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 7521,92 manat, faiz borcuna görə 469,17 manat, dəbbə borcuna görə 43,59 manat və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 Maqsud oğlu arasında bağlanmış SKM-2953 nömrəli kredit müqaviləsinə əsasən bank əsas vəsaitlərin artırılması məqsədilə borc alana illik 23 % dərəcəsi ilə 30 ay müddətinə 10000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2.14.2-ci bəndinə əsasən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində cərimə tətbiq edilir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında borcalanın SKM-2953 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə SKM-2953 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh1 borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. “Kreditin tarixi” adlı işin sənədindən görünür ki, iddiaçı məhkəməyə müraciət edən zaman əsas borc 7521,92 manat təşkil etmiş, daha sonra cavabdeh tərəfindən 50 manat ödəniş edildikdən sonra əsas borc məbləği 7471,92 manat təşkil etmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 7471,92 manat əsas borcu, faiz borcuna görə 469,17 manat, dəbbə borcuna görə 43,59 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, 21 İyun 2023-cü il tarixli, SKM-2953 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 Maqsud oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 21 iyun 2023-cü il tarixli, SKM-2953 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 21dan gec olmayaraq hər ay 441,4 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 Maqsud oğlunun 21 iyun 2023-cü il tarixli, SKM-2953 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borca görə 7521,92 manat, faiz borcuna görə 469,17 manat, dəbbə borcuna görə 43,59 manat, borcun cəmi məbləği 8034,68 manat təşkil edir. Odur ki, həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 Maqsud oğluna (atasına), Cavabdeh1 (Məmmədova) ünvanları üzrə çatdırılmışdır. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Arayış, Hesabdan çıxarış məlumatları, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Tələbin 7521,92 manat əsas borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 Maqsud oğlu arasında bağlanmış SKM-2953 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən əsas vəsaitlərin artırılması məqsədilə Cavabdeh2 illik 23 % dərəcəsi ilə 30 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, sonuncu isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən də ödənilməmiş borcları yaranmışdır. “Kreditin tarixi” adlı işin sənədindən göründüyü kimi iddiaçı məhkəməyə müraciət edən zaman əsas borc 7521,92 manat təşkil etmiş, daha sonra cavabdeh tərəfindən 50 manat ödəniş edildikdən sonra əsas borc məbləği 7471,92 manat təşkil etmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməsə də, sonuncu dəfə 50 manat kredit borcundan edilmiş ödəniş nəzərə alınmaqla qismən ödənişlər etmişdir ki, sonuncunun yekun qalıq əsas borcu 7471,92 manat təşkil edir və bu təqdim edilmiş hesabdan çıxarışla müəyyən olunur. Bu səbəbdən 7471,92 manat əsas borc məbləği cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Bununla yanaşı faiz borcuna görə 469,17 manat, dəbbə borcuna görə 43,59 manat tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 Maqsud oğlu arasında bağlanmış SKM-2953 nömrəli kredit müqaviləsinə əsasən bank əsas vəsaitlərin artırılması məqsədilə sonuncuya illik 23 % dərəcəsi ilə 10000 manat məbləğində kredit vermişdir ki, Cavabdeh2 kredit öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş faiz borcu qalmışdır. Təqdim edilmiş qalıq borca dair iş materialından da göründüyü kimi faiz borcu 603.79 manat və cərimə borcu 89,77 manat təşkil etsə də, iddiaçı qeyd edilən məbləğlərdən az 469,17 manat faizə, 43,59 manat cəriməyə münasibətdə borcun ödənilməsini tələb etmişdir ki, göründüyü kimi bunda da haqlı olmuşdur. Eyni zamanda SKM-2953 nömrəli kredit müqaviləsinin 2.14.2-ci bəndinə əsasən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində cərimə tətbiq edilir. Bu səbəbdən 469,17 manat faiz borcu, 43,59 manat dəbbə pulu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsi qüvvədə olduğundan, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 7471,92 manat əsas borc, 469,17 manat faiz borcu və 43,59 manat dəbbə pulu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8034,68) ödənilməli dövlət rüsumu 100,35 manat təşkil edir. İddia qismən təmin edildiyindən iddianın qiymətinə uyğun hesablanmış 100,35 manat dövlət rüsumunun 0,62 manatı iddiaçıdan, 99,73 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən büdcəyə ödənilmiş 101 manat rüsumdan 0,62 manat çıxıldıqda 100,38 manat ödənilmiş rüsum qalır ki, iddia qismən təmin edildiyindən iddianın qiymətinə uyğun cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməli 99,73 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmış 0,65 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Maqsud oğlu və Cavabdeh1 müştərək qaydada 7471,92 manat əsas borc, 469,17 manat faiz borcu, 43,59 manat dəbbə bоrcu və 99,73 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmış 0,65 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar