Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-112/2024 03.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh xurma alverinə görə yaranmış 7000 manat pul, 6000 manat maddi ziyanın tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducusu vardır. İddiaçının iddiasına görə 2021-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuş, dekabr ayının sonunda məhsulu satmağa başlamışdır. Dekabr ayında tanışı Balakən rayonu Qular kənd sakini Cavabdeh onun evinə gələrək xurma məhsulu istədiyini bildirmişdir. Cavabdeh iddiaçıdan 4000 yeşik xurma alacağını bildirmiş. İddiaçı məhsulu nağd satdığını cavabdehə demiş, o da bununla razılaşaraq pulu nağd verəcəyini bildirmişdir. Cavabdeh 1 maşın xurma məhsulunu pulunu, yəni 13000 manat pulu nağd ödəməklə aparmış, 2-ci maşın xurma məhsulu doldurulduqdan sonra o bildirmişdir ki, məhsulun dəyəri olan 13000 manatı 1 saat ərzində tam ödəyəcəkdir. X7 vasitəsilə göndərilir və bir neçə saat ərzində gecikmə ola bilər. İddiaçı məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Nərimanla razılaşmışdır. Daha sonra Cavabdeh İddiaçı işlərinin orda yubandığını və borclu olduğu 13000 manat pulu ora getdikdən sonra göndərəcəyini, lakin hal-hazırda Ukraynaya getmək üçün pulunun olmadığını, ondan 6000 manat pul borca istəyərək Ukraynaya getməyinə yardımçı olmağını istəmişdir. Əvəzində isə xurma alveri zamanı borclu olduğu 13000 manat pulu və işlərini qaydasına salmaq üçün notarial qaydada borc aldığı 6000 manatı Ukraynaya getdikdən sonra tam şəkildə ödəyəcəyini bildirdi. İddiaçı cavabdehə olan etibarının azaldığını və pulu yalnız notarius qaydasında verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşaraq notarial qaydada onunla Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən 6000 manat və ödənilmiş 25 manat dövlət rüsumunun ona verilməsi ilə bağlı müqavilə imzalamışdır. Cavabdeh iddiaçıya 2-ci maşın xurma məhsulu üçün 6000 manat pulu 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyev ilə 3 dəfəyə (hər dəfəsində 2000 manat olmaqla) pul göndərməklə ödəmişdir. Qalan 7000 manat xurma alveri zamanı yaranan, 6000 manat Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən işlərini qaydasına salmaq üçün borc kimi verilmiş pulu isə yenə yaxın vaxtlarda ödəyəcini bildirmişdir. Bundan başqa iddiaçı ərizəsində göstərmişdir ki, cavabdehin ona xurma alverinə görə yaranmış 7000 manat pul, Ukraynaya getmək üçün ondan notarial qaydada aldığı 6000 manat borc pul olmaqla ümumilikdə 13000 manat borcu olmasına baxmayaraq bu günə qədər qaytarmamışdır. Mülkiyyətində olan avtomobilə həbs qoyulmasına və ölkədən çıxmaq hüququnun məhdudiyyət tətbiq edilməsinə baxmayaraq cavabdeh guya hissəhissə ödədiyi 6000 manat məbləğində pulu Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən aldığı borca görə ödədiyini bildirmiş və Balakən rayon Məhkəməsi də bu əsasla məhdudiyyətləri aradan qaldırmışdır. Məhkəmənin bu qərarından dərhal sonra cavabdeh adında olan avtomobili özgəninkiləşdirmiş və ölkə ərazisini tərk etmişdir. Bu səbəbdən Cavabdeh uzun zamandır ki, ölkəyə qayıtmamışdır. İddiaçıya borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır və gecikdirir. Alver ilə məşğul olduğu üçün cavabdehin ona yetirdiyi maddi zərər işlərində problemlər yaratdı. Cavabdehə satdığı məhsulun ödənişini ala bilmədiyi üçün təsərrüfatına və qazancına böyük zərər vurmuşdur. Bu səbəbdən Cavabdeh xurma alverinə görə yaranmış 7000(yeddi min) manat pul, Ukraynaya getmək üçün məndən notarial qayda da aldığı 6000(altı min) manat borc pul olmaqla ümumilikdə 13000(on üç min) manat borcdan əlavə olaraq 6000(altımin) manat məbləğində uzun zamandır ödənilməmiş pula görə faiz borcunu tələb etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində nöqsana yol verildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin ona yaranmış borcu uzun zaman qaytarmaması ucbatından ona maddi ziyan dəymiş və bu maddi ziyanı 6000 manat məbləğində tələb etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı “cavabdehdən 7000 manat xurma alverinə görə yaranmış borc, 6000 manat notarial qaydada verilmiş borc və 6000 manat maddi ziyan olmaqla cəmi 19000 manat pulun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu dəqiqləşmə əsas iddia tələbindən fərqli deyildir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 6000 manat məbləğində pul verilmiş və sonuncu götürülmüş krediti xx.xx.2022-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsi əsasında 6000 manat borcun və 25 manat dövlət rüsumunun tutulması tələbi üzrə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. Bundan sonra icra qeydi icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, daha sonra həmin icra qeydi üzrə icraata başlanılma haqqında qərar qəbul edilmiş və hal-hazırda həmin icra qeydi əsasında başlanılmış icraat Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmaqla icra hərəkətləri davam etdirilir. İddiaçı “Cavabdeh xurma alverinə görə yaranmış 7000 manat pul, Ukraynaya getmək üçün iddiaçıdan notarial qaydada alınmış 6000 manat borc pulun, 6000 manat maddi ziyanın tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 03 aprel 2024-cü il tarixli, e-2-2(117)-112/2024 nömrəli qərardadı ilə iddiaçının tələbinin “Ukraynaya getmək üçün iddiaçıdan notarial qaydada alınmış 6000 manat borc pulun tutulması” hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Şahid qismində dindirilmiş Şahid1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, İddiaçı yanında günə muzd fəhlə işləyir. İddiaçı xurma alıb satmaqla məşğul olur. Eşitdiyi qədər cavabdeh gəlib 2 fura xurma almışdır. 1-nin pulunu ödəmişdir. Digərinin pulunu ödəməmişdir. Aralarında mübahisə burdan yaranmışdır. Onlar xurma seçirdi. Əlinin onlara borcu var idi. Əli onlara bildirdi ki, işin sonunda pul alacaq və onlara borcunu ödəyəcək. Xurma yüklənəndən sonra Nəriman gəldi və Əliyə dedi ki, malın pulunu göndərəcəklər və bir saat yarıma pulu verəcəkdir. Əli onlardan soruşdu ki, malı buraxaq saat yarıma pulu verəcəyini demişdir. O, da dedi ki, yəqin pulu verər, malı saxlama burax getsin. Xurmanın tarası 6,50 manatdan verilib, cəmi maşına 2000 tara yüklənmişdir. Sonra eşitdilər ki, Nəriman malı aparıb lakin pulu verməmişdir. Şahid qismində dindirilmiş Şahid3 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə yaxın tanışlıq münasibətləri vardır. Cavabdeh onların kəndinin sakinidir, qonşudurlar, həyat yoldaşının qohumudur. İddiaçı ondan cavabdehi soruşmuşdur. O, da demişdir ki, yaxşı adamdır ondan heç bir pislik görməmişdir. Onlar arasında xurma satışı ilə bağlı münasibətlər oldu və sonradan eşitmişdir ki, bir maşın xurmanın pulunu Əliyə borclu qalmışdır. Bu hadisə 2021-ci ilin sonlarında olmuşdur. 2022ci ilin fevral-mart aylarında Nəriman onlara gəlib demişdir ki, ziyan edib, amma Əlinin pulunu verəcək. X4 getdi. 2022-ci ilin avqust-sentyabr aylarında iki dəfə iki min manat və sonra da hissə hissə 2000 manatı həyat yoldaşına göndərdi, həyat yoldaşı ona verdi və o, da Nərimanın göndərdiyi pulları Əliyə vermişdir. Əliyə cəmi 6000 manat pul vermişdir. Pulu xurmanın pulunun əvəzi kimi göndərdiyni demişdir. Şahid qismində dindirilmiş X2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, həyat yoldaşı Şahid1 ilə birlikdə iddaçının yanında günə muzd fəhlə işləyirdi. İşi xurmaları çeşidləməkdən ibarətdir. Cavabdeh bildirmişdir ki, ona xurma lazımdır. İddiaçı da dedi ki, cavabdeh deyir ki, malı ver aparım pulunu 1-2 saata kimi verəcəkdir. Onlardan soruşdu ki, nə deyirlsiz. Onlar da demişdir ki, malı ver hər halda gətirib pulunu verər. 10 ildən çoxdur iddiaçının yanında işləyirlər. İddiaçı onlara həmin gün 100 manat verməli idi. Lakin cavabdeh malı apardıqdan sonra iddiaçıya pulunu ödəməmişdir. Şahid qismində dindirilmiş X3 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçının işçisi olub, hazırda da onunla fındıq və xurma yığımında işləyirlər. Həmin gün orda işləyəndə 2021-ci il dekabr ayının sonları idi. Cavabdeh gəlmiş və onun maşını xurma ilə yüklənmişdir. O, Ceyranla, Eyvazla və başqa fəhlələrlə həmin gün soyuducunun içində işləyir, xurma seçirdilər. Maşın dolduqdan sonra iddiaçı və cavabdeh onların yanında söhbət edəndə eşitmişdir ki, xurmanı ona 6.50 manatdan verib. Ümumi 13000 manat pul edir. İddiaçı onlara dedi ki, hazırda onun pulu yoxdur 1-2 saata verəcəkdir. Onlar da razılaşmışdır. Lakin cavabdeh dediyi kimi pulu göndərməmişdir. Sonradan eşitmişdir ki, cavabdeh xurmanın bir hissəsinin pulunu verib, digər hissəsinin pulu qalmışdır. Onların borcunu ödəmək üçün iddiaçı gedib kreditə girmişdir. O, gündəlik 10-30 manat arası pula işləmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2021-ci ilin dekabr ayında cavabdehə 2 maşın xurma satmışdır. Hər maşının dəyəri 13000 manat təşkil edir. 1 maşın xurmanın pulunu verdi digər maşın xurmanın pulunu isə 1,2 saat ərzində Ukraynadan göndəriləcəyini bildirdi. O da razı olmuşdur. Sonradan o pulu verməmişdir. Növbəti ilin fevral ayında gəlib ondan 6000 manat borc almışdır. Onların şahidi dindirməkdə məqsədi o idi ki, notariusda verilən 6000 manat pul borcun əvəzinə verilən pul deyil. Həmin pul xurmanın puludur. 13000 manatdan 6000 manat ödəyib, 7000 manat da xurmanın pulundan borcu qalmışdır. Cavabdeh ona xurmanı satıb qızılı apara bilmədiyi üçün xurmanın pulunu qızıl aldığı yerə verdiyini demiş, 6000 manat da verdikdən sonra o qızılı da aparıb orda satmış, pulunu göndərəcəyini demişdir. O da insandır deyə inanıb vermişdir. Cavabdehə qeydiyyat ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İcra qeydi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və bu səbəbdən də tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı iddiaçının iddiasına görə tərəflər arasında şifahi qaydada alğı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə birinci dəfə 1 maşın xurma məhsulu satılmış və cavabdeh aldığı məhsulun qarşılığında 13000 manat pul ödəmişdir. Bu halı tərəflər mübahisələndirmir. İddiaçının ərizəsində qeyd etdiyi kimi o, 2021-ci ilin dekabr ayının sonunda xurma məhsulunun satışını həyata keçirmişdir. Dekabr ayında Cavabdeh 4000 yeşik xurma almaq üçün iddiaçı ilə görüşmüş və məhsulun nağd satışına dair cavabdehlə razılıq əldə olunmuşdur. Bundan sonra Cavabdeh 1 maşın xurma məhsulunun pulunu, yəni 13000 manat pulu nağd ödəməklə aparmış, 2-ci maşın xurma məhsulu doldurulduqdan sonra məhsulun dəyərini 1 saat ərzində tam ödəyəcəyini, pul Ukraynadan göndərildiyindən borcu bir neçə saat yubanmalar ola biləcəyini bildirmiş, iddiaçı isə məhsul artıq yüklənildiyindən bununla razılaşmışdır. Daha sonra Cavabdeh İddiaçı işlərinin orda yubandığını və borclu olduğu 13000 manat pulu ora getdikdən sonra göndərməli olmasına baxmayaraq hazırki vaxtadək borcunu ödəməmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən sonuncuya satılmış 1 maşın xurma məhsulunun dəyəri olan 13000 manat pulu nağd ödəməklə apardığını, lakin satılmış 2-ci maşın xurma məhsulunun dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia etsə də, cavabdehə nə qədər xurma məhsulu satıldığı, məhsulun dəyərinin nə qədər razılaşdırılması, cavabdeh tərəfindən borcun ödənilməməsini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı bu halın təsdiq edilməsi üçün şahidləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, şahidlər Şahid1, X2 və X1 ifadələrini məhkəmə faktı təsdiq edəcək sübut qismində qəbul etmir. Belə ki, şahid iş üçün əhəmiyyət kəsb edən halları bilə və işin nəticəsində maraqlı olmayan şəxsdir. Adı qeyd edilən şəxslərin dindlənilməsi zamanı müəyyən edilmişdir ki, hər üç şahid iddiaçının işçiləridir və onlar işin nəticəsində maraqlıdır. Şahid ifadələri biribirinə uyğun olmaqla yanaşı şahidlərin deməsinə görə iddiaçının onlara borcu vardır. Belə oan halda şahidlər işin nəticəsində maraqlıdır və onların bildikləri iş materialları ilə təsdiq olunmadığından məhkəmə həmin şıxslərin ifadələrini sübut qismində qəbul etmir. Bundan başqa məhkəmə Şahid3 ifadəsini sübut qismində qəbul etmir. Belə ki, iddiaçı ifadəsində iddiaçı ilə yaxın münasibətdə olduğunu, cavabdehin isə qonşusu və arvadının qohumu olduğunu bildirir. Göründüyü kimi, şahid iddiaçı ilə yaxın münasibətdə olan şəxsdir və onun ifadəsinin qərəzsizliyi şübhə doğurur. Cavabdehlə qohumluğunu təsdiq edən isə sübut mövcud deyildir. Belə olan halda şahidin ifadəsi hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə bu ifadəni də sübut qismində qəbul etmir. Bundan başqa, iddiaçı iddia edir ki, cavabdehlə aralarında olan xurma satışı 2021-ci ilin dekabr ayında baş tutmuş və cavabdehin ona 13000 manat məbləğində borcu qalmışdır. Bundan sonra cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 6000 manat borc almış və həmin borca dair notarial qaydada müqavilə bağlanmışdır. Göründüyü kimi iddiaçının bildirdiyi hallar bir-biri ilə uzlaşmır. Belə ki, cavabdehin iddiaçıya 13000 manat borcu ola-ola yenidən ona 6000 mant borcun verilməsi real görsənmir və hətta belə olmuş olsaydı belə tərəflər 6000 manata dair borc müqaviləsi bağladıqları zaman eyni zamanda 13000 manat xurmanın borcunu da sənədləşdirmiş olardılar. Bununla yanaşı iddiaçı ona borcun uzun müddət qaytarılmaması səbəbindən ona dəymiş ziyan kimi 6000 manat pulun tutulmasını da iddia edir ki, ziyan dəydiyi halda həmin ziyanın hansı əsaslardan yarandığını, həqiqətən ziyanın vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı 6000 manat maddi ziyanın vurulmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş və sonuncunun əsas iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə verilmiş borcu sübut edə bilməməklə yanaşı həmin borcun qaytarılmamasına görə dəymiş ziyan kimi 6000 manat tələb etmiş və bunu əsaslandıracaq sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddia tələbi əsassızdır və bu səbəbdən rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 147 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutulmalıdır. Lakin iddiaçı 37,60 manat dövlət rüsumu ödədiyindən ödənilməli 147 manat dövlət rüsumundan ödənilmiş 37,60 manat dövlət rüsumu çıxılmaqla 109,4 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddiaçı Cavabdeh qarşı “Cavabdeh xurma alverinə görə yaranmış 7000 manat pulun, 6000 manat maddi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 109,40 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-112/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-112/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver