Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1121/2024 10.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı “1016.59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 136.08 manat faiz borcu və iş üzrə ödənilmiş 31.61 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 122/1-USD nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 18 ay müddətinə ümumilikdə 5500 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsilə, aylıq isə 5.50 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin kredit müqaviləsi üzrə Əlavə Sazişdən göründüyü kimi bu müqaviləyə əsasən kreditorun borcalana 5500 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2944.31 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti isə xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bundan sonra kredit borcu restruktruzasiya edilərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış LM101901411 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 122/1-USD nömrəli kredit müqaviləsinə əsasən borclunun 1149,29 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 20 ay müddətinə bağlanır və borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il tarixidir. Borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla restrukturizasiya müddətinin 0,1 faizdən çox olmamalıdır. Borclunun xx.xx.2019-cu il tarixdə bağlanmış LM101901411 nömrəli restrukturizasiya müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı olaraq iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il LM101901411 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə sonuncu borclunun öhdəlikləri üçün bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 1149,29 manat, faiz borcu isə 10,09 manat təşkil edir. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 132,70 manat əsas borc, 1,20 manat faiz borcu, 37,10 manat isə cərimə borcundan ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə müqavilə üzrə yaranmış əsas borc 1016,59 manat, faiz borcu 6,95 manat, cərimə borcu 1,35 manat və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt illik 5%-lə hesablanmış faiz borcu 136,08 manat təşkil edir. Cavabdeh restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 1016.59 manat əsas, 6.95 manat faiz və 1.35 manat cərimə borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə pretenziya ilə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq olunmasına baxmayaraq, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********785 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 1160.97 manat təşkil edir. Bundan 1016.59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 136.08 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada ünvanı üzrə şəxsən xx.xx.2024cü il tarixdə Cavabdeh2, digər Cavabdeh1 ünvanı üzrə (Vəliyev) xx.xx.2024-cü il tarixdə çatdırılmasına baxmayaraq iddia tələbinə etirazını müəyyən olunmuş 10 iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2014-cü il tarixli 122/1-USD nömrəli kredit müqaviləsi, xx.xx.2019-cu il tarixdə bağlanmış LM101901411 nömrəli restrukturizasiya müqaviləsi, Kredit müqaviləsinə əlavə saziş, Zaminlik müqaviləsi, Ödəniş cədvəlləri, Hesabdan çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). İddia tələbinin restrukturizasiya olunmuş 1016.59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 122/1-USD nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 18 ay müddətinə ümumilikdə 5500 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə Əlavə Sazişlə kreditorun borcalana 5500 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2944.31 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti isə xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bundan sonra kredit borcu restruktruzasiya edilərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış LM101901411 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 122/1-USD nömrəli kredit müqaviləsinə əsasən borclunun 1149,29 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 1149,29 manat, faiz borcu isə 10,09 manat təşkil etmişdir. Cavabdeh2 restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 1016,59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə borcu qalmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən 132,70 manat əsas borc, 1,20 manat faiz borcu, 37,10 manat isə cərimə borcundan ödənişlər edilmiş, qalan borc məbləğləri ödənilməmişdir. Bu səbəbdən 1016,59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa tələbin “kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 136.08 manat faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı ərizəsində kredit müqaviləsi bitəndən sonra 136.08 manat faiz borcunun cavabdehdən tutulmasını iddia edir və tələbin bu hissəsinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına, eləcə də iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə 1016,59 manat kredit məbləğinə münasibətdə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən 37 ay 9 gün üçün illik 5 %-lə hesablanmış 157,95 manat faiz borcu (1016,59 x 5 % = 50,83 manat 12 ay üçün (1 illik), 50,83/12 = 4,235 manat aylıq, 4,235 x 37 = 156,69 manat (37 ay üçün), 4,235 / 30 = 0,141 günlük, 0,141 * 9 = 1,26 manat 9 gün üçün ümumilikdə 156,69 + 1,26 = 157,95 manat) təçkil edir. İddiaçı isə müqavilə müddəti bitdikdən sonra 136,08 manat faizin ödənilməsini tələb edir ki, məhkəmə iddiaçının tələbi həddində 136,08 manat faiz borcunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini qanuni hesab edir. Bundan başqa tələbin zamin Cavabdeh1 da tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi zaminə münasibətdə rədd edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 8.1-ci bəndinə əsasən bu müqavilə borclunun restrukturizasiya müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə restrukturizasiya müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə qurtarmış və zaminlik müqaviləsində konkret qüvvədə olma müddəti müəyyən olunmadığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da zaminə münasibətdə tələb üçün müəyyən edilmiş müddəti ötürmüşdür ki, hazırki vəziyyətdə zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1016,59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından əsas borca illik 5%-lə hesablanmış 136.08 manat faiz borcunun Cavabdeh2 tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 31,61 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, borc məbləği dəyişmədiyindən, iddia tələbi zaminə münasibətdə rədd edildiyindən və iddiaçı onun tərəfindən ödənilmiş 31,61 manat dövlət rüsumu cavabdehdən tələb etdiyindən 31,61 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1016,59 manat əsas, 6.95 manat faiz, 1.35 manat cərimə borcu, gecikdirilmiş borca illik 5%-lə hesablanmış 136,08 manat faiz borcu və 31,61 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1121/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1121/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver