Məhkəmə qərarları › İş №e-2-2(117)-1130/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1130/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1130/2023 05.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “10234,17 manat əsas borc, 1556,63 manat faiz borcu, 1288,88 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2945,08 manat faiz məbləği olmaqla, cəmi 16024,76 manat kredit borcu və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunmuş vəsait kredit borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 312/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % məbləğində cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. xx.xx.2014-cü il tarixli 312/14/SKMF nömrəli kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq tərəflər arasında xx.xx.2014-cü il tarixli 312/14/SKMF nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti olaraq yüklü edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli borcun restrukturizasiya olunması və xx.xx.2022-ci il tarixli LM052200069 nömrəli sonrakı ipoteka müqaviləsi iş materiallarına əlavə olunsa da, həmin müqavilələr cavabdeh tərəfindən imzalanmamış və bununla bağlı iddiaçının cavabdehə müraciətini əks etdirən sübutlar iş materiallarında mövcud deyildir. Cavabdeh müxtəlif vaxtlarda ödənişlər etmiş və eyni zamanda xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 10234,17 manat əsas borc, 1556,63 manat faiz borcu, 1288,88 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2945,08 manat faiz məbləği olmaqla, cəmi 16024,76 manat kredit borcu və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri 33000 manat müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borcunun təminatı olaraq ona məxsus yeganə yaşayış yeri olan evi girov qoyulmuşdur. İddiaçı ilə aralarında bağladığı müqavilələrin müddəti xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür. Bundan əlavə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarının 1-ci hissəsinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bundan başqa banka olan borcu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanına əsasən güzəştə düşmüşdür. Göründüyü kimi müqavilələrin bitmə tarixindən 3 ildən yuxarı vaxt keçdiyindən (iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir) və girov qoyduğu yeganə yaşayış yeri olduğundan hesab edir ki, ona qarşı yönəlmiş hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. O, artıq üç ildir ki, ankoloji xəstəlikdən əziyyət çəkir və hazırda yataq xəstəsidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ASC-nin ona qarşı kredit borcunun qaytarılması və borcun tutulmasının fərdi yaşayış evinə yönəldilməsinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizədə Mülki Məcllənin 373.2, 375 və 375.2-ci maddələrinə istinad etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Hesabdan çıxarışlar, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 10234,17 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 312/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 10234,17 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1556,53 manat faiz borcu, 1288,88 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2945,08 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə Fərmanın qəbulundan 4 ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, cavabdeh borc məbləğinin restrukturizasiya olunmasına dair ərizə ilə iddiaçıya müraciət etməsinə baxmayaraq iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən restrukturizasiyaya dəvət məktubunu məhkəməyə təqdim etməmiş, borcun restrukturizasiyasına dair müqaviləni iş materiallarına əlavə etməsinə baxmayaraq həmin sənəddə cavabdehin imzası olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1556,53 manat faiz borcu, 1288,88 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2945,08 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Göründüyü kimi, iddia tələbi yalnız əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməli, iddia faiz, cərimə və s. borcların tutulması hissəsində isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi və iddia müddətinin tətbiq edilməklə rədd edilməsi ilə bağlı etiraz dəlilləri ilə razılaşmataraq qeyd edir ki, hazırki iş üzrə iddia müddəti keçməmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci madəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında yaranmış mübahisə müqavilə tələblərindən irəli gəldiyindən iddia müddəti 3 il təşkil edir və iddia müddətinin başlanğıcı xx.xx.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində iddia müddətinin kəsilməsinə dair hal baş verməyəcəyi təqdirdə iddia müddəti xx.xx.2020-ci il tarixdə bitməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin bank hesabından çıxarışlarla müəyyən edilmişdir ki, cavabdeh müqavilə müddətinin bitdiyi tarixdən etibarən davamlı olaraq iddia müddəti dövründə, yəni 2019, 2020, 2021 və 2022-ci il tarixlərdə banka etmiş və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Göründüyü kimi, cavabdeh iddia müddəti ərzində borcunu etiraf etməsinə dair hərəkətlər edərək iddiaçıya borcundan ödənişlər etmişdir ki, həmin ödənişlər edildiyi tarixlərdə iddia müddətinin axımı kəsilmiş və fasilədən öncəki müddətin nəzərə alınmaması ilə bağlı qanunvericiliyin imperativ göstərişi mövcuddur. Belə olan halda hazırki iddia tələbi üzrə müddətinin axımı bir necə dəfə kəsilmiş və iddia müddətinin axımı sonuncu ödəniş edildiyi xx.xx.2022-ci ilı tarixdən başlamışdır ki, bu halda da hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmədiyindən iddia müddətinin tətbiqi mümkün deyildir. Bundan başqa məhkəmə iddia tələbinin tutmanın cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracda satılması ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 33000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin ilkin satış dəyəri 33000 manat müəyyən edilməli, həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa iddia tələbinin “satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ilk növbədə ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Eyni zamanda iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırki vəziyyətdə iddiaçı bankın cavabdehlərə münasibətdə evin boşaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilməyəcəyi təqdirdə qeyd edilən daşınmaz əmlak açıq hərrac vasitəsilə satılacaq və əldə edilmiş vəsait kredit borcuna yönəldiləcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, daşınmaz əmlak hərrac vasitəsilə satılacağı təqdirdə mülkiyyətçi cavabdehə münasibətdə evin boşaldılması tələbini irəli sürülə bilər. Hazırki vəziyyətdə iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, cavabdehin ipoteka predmeti ilə yüklü edilmiş fərdi yaşayış evində yaşaması iddiaçının hazırki vəziyyətdə hər hansı hüquqlarına müdaxilə təşkil etmir. Bundan başqa məhkəmə iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsinə münasibətdə əlavə olaraq qeyd ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətləri xx.xx.2014cü il tarixdə əmələ gəldiyindən iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsinə mahiyyəti üzrə baxılmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli qanunu ilə İpoteka haqqında Qanunun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. xx.xx.2018-ci il tarixdən qüvvədə olan İpoteka haqqında Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən norma xx.xx.2018-ci il tarixdən etibarən tətbiq olunduğundan və tərəflər arasında hüquq münasibətləri xx.xx.2014-cü il tarixdə əmələ gəldiyindən Azərbaycan Respublikası Mülki prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə, iddianın qiymət verilən hissəsinə xitam verməmiş və mahiyyəti üzrə baxaraq rədd etmişdir. Sonda cavabdehin məhkəməyə müraciətində “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarının 1-ci hissəsinə istinad edərək “borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilməməsi” ilə bağlı dəlilləri ilə məhkəmə razılaşmır. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarının Qeyd hissəsinə əsasən, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə müəyyən edilmiş siyahı ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir ki, hazırki iş üzrə cavabdehin mülkiyyətində olan və satılaraq borcun ödənilməsi tələb olunan əmlak ipoteka predmetidir və ipoteka predmetinin satışına qadağa mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmiş və mediasiya xərcinin məbləği ödənilməli dövlət rüsumunun məbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (16024,76 manat) ödənilməli dövlət rüsumu 138,08 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən ödənilməmiş dövlət rüsumunun 49,90 manatı iddiaçıdan, 88,18 manatı cavabadehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 350 manat pul iddiaçı və cavabdehdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 88,18 manat dövlət büdcəsinə və iddiaçıdan 49,90 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 49,90 manat dövlət rüsumu və 175 manat mütəxəssis xərcinin 150,10 manat hissəsi çıxıldıqda ödənilməli olan medisiya xərci tamamlanmış olur ki, həmin vəsaitin qalan 49,90 manat və 150,1 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 88,18 manat dövlət rüsumuna və 150,1 manat mütəxəssis xərcinə əlavə edilməklə cəmi 138,08 manat dövlət rüsumu və 325,1 manat ekspertiza xərci cavabdeh olan əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilməmiş qalan 24,90 manat mütəxəssisə ödənilməli olan xərc iddiaçıdan tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10234,17 manat əsas borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 33000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 138,08 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə tutulsun. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat pulun 24,9 manatı İddiaçı ASC-dən və 325,1 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ035NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar