Məhkəmə qərarları › İş №e-2-2(117)-114/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-114/2024

06.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-114/2024 06.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “Ağsu şəhərinin ərazisində Bakı-Qazax yolunun 160-cı km-də yerləşən X2 fəaliyyəti ilə əlaqədar tərtib edilmiş 13.11. 2023-cü il tarixli 601703 saylı aktın qanunsuz və əsassız hesab edilərək bu haqda yazılmış 2052.00 manatlıq cərimənin abonent hesabından silinməsi, 51 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun, ən azı iki dəfə məhkəməyə maşın tutub gedib-gəlmə xərci olacaq 200 manat məbləğin cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh ASC arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmış və abonentə 320286 nömrəli abonent kodu verilmişdir. Cavabdeh ASC Ağsu şəhərinin ərazisində Bakı-Qazax yolunun 160-cı km-də yerləşən X1raşdırılmış smart tipli su sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və “Su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında” 13.11. 2023-cü il tarixli 601703 saylı akt tərtib edilmişdir və qeyd edilmişdir ki, sayğaca qanunsuz müdaxilə edildiyi üçün 2052 manat cərimə hesablanmışdır. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Bakı-Qazax yolunun 160-cı km-də yerləşən X4 2023-cü ilin may ayında bütün borclar ödənilməklə təhvil götürmüşdür. Ertəsi günü, yəni, xx.xx.2023-cü il tarixli su təchizatı və tullatının sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. xx.xx.2023-cü ildə saat 10:57 radələrində operator X6 iş yerində olarkən Cavabdeh ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu rayon sukanal idarəsinin adlarını sonradan bildiyi iki işçisi hamıdan xəbərsiz su sayğacı olan otağa girmişlər. Həmin vaxt yanacaq boşaltmaq üçün gəlmiş 42 tonluq qoşqusu olan “Mercedes” markalı yük maşını generatir otağının qarşısını kəsdiyindən ora həmin vaxtlarda işçilər üçün görünməz olmuşdur. Hansı ki, su sayğacı həmin otaqda quraşdırılmışdır. Odur ki, cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq müdaxilə edilmiş və akt tərtib edilmişdir. Odur ki, həmin borcun silinməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, Cavabdeh ASC iddia tələbinə etiraz rəsmi qaydada verilməmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq mübahisə edilən sayğaca müdaxiləni əks etdirən video və borcun hesablanmasına dair akt və qanunsuz istifadə fakturasını göndərmişdir. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 Reyestri”ndən çıxarışdan görünür ki, İddiaçı istifadəsində olan obyektdə hər hansı yoxlamanın aparılması qeydiyyatdan keçirilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli, 47158877 müqavilə nömrəli, 1001 marşrut nömrə ilə qanunsuz istifadə fakturasından müəyyən edilir ki, İddiaçı 2052 kub metr qanunsuz su sərfinə görə hər kub metr suyun dəyəri 1 manat olmaqla 2052 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə,abonent kartı, akt, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması;560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X5 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və X5 reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan X5 reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür . Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış Su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.10-cu bəndinə əsasən zədələnmiş su ölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. 6.13-cü bəndinə əsasən, hüquqi şəxs olan istehlakçılar tərəfindən su ölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. 6.15. Su ölçən cihaza müdaxilə və pozuntu (Su ölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM su ölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və : 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (su ölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablaşma aparır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan cavabdeh ümumiyyətlə akt tərtib etməkdə və iddiaçıya cərimə hesablanması haqlı olmamışdır. Beləliklə cavabdehin iddiaçıya borc hesablamaqla bağlı hərəkətləri qanuni olmadığından məhkəmə iddiaçıya sudan istifadə ilə bağlı vurulmuş ziyanla bağlı ödəməli olduğu vəsaitin məbləğinin hesablamasının qanunauyğun aparılmasını yoxlamalı deyilidir. Əgər cavabdehin iddiaçıdan tələbi tərəflər arasında bağlanmış müqavilə və qanunvericiliyin tələbinə uyğun olduğu təqdirdə həmin borcun hesablanmasının qanuniliyini yoxlaya bilərdir. İddiaçı üzərinə öhdəliyin cavabdeh tərəfindən qoyulması qanunun və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olmalıdır. MM-in: 6.1 Mülki qanunvericiliyin prinsiplərinə 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;6.1.4. mülkiyyətin toxunulmazlığı;6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi aiddir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi bir çox qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. İddia tələbinin “Ağsu şəhərinin ərazisində Bakı-Qazax yolunun 160-cı km-də yerləşən X2 fəaliyyəti ilə əlaqədar tərtib edilmiş 13.11. 2023-cü il tarixli 601703 saylı aktın qanunsuz və əsassız hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu tələbə müstəqil tələb kimi baxılması qanuni hesab olunmur. Belə ki, qeyd ediən akt özlüyündə hər hansı bir inzibati xarakterli məcburi göstərişi və ya hakimiyyət funksiyasını özündə əks etdirmədiyindən yalnız iddiaçıya itirilmiş suyun dəyərinin hesablanması faktını özündə əks etdirdiyindən cavabdehin arqumentlərini əsaslandıran sübut olaraq qiymət verilməlidir. Bu halda “həmin aktın etibarısız hesab edilməsi və ya ləğv edilməsi” tələbi əslində iddia tələbinin “borcun silinməsi tələbi” hissəsi ilə əhatə olunur. Odur ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və işinmüəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı ona qanunsuz olaraq hesablanmış 2052 manat cərimənin onun abonent hesabından silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 51 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilsə də, eyni zamanda dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. Bildiyimiz kimi mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə tutulmamalıdır. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 40,52 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, tələb əsas hissədə təmin edildiyindən və cavabdehdən mediasiya xərcinin əvəzinin tutulması barədə qərar qəbul edildiyindən ondan təkrarən 40,52 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qanunsuzdur. İddia tələbinin “200 manat digər məhkəmə xərclərinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından və tərəflər məhkəmə iclasına dəvət edilmədiyindən həmin xərcin ödənilməsi ilə bağlı tələb də əsaslandırılmadığından rədd edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 601703 saylı akta əsasən hesablanmış 2052 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh ASC-dən 51 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar