Məhkəmə qərarları › İş №e-2-2(117)-115/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-115/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-115/2024 09.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi üzrə 31 avqust 2023-cü il tarixə ödənilməli olan icarə haqqı borcu 1132 manat, ona hesablanmış cərimə borcu 58,25 manat olmaqla cəmi 1448,82 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “1522” nömrəli qeyri-yaşayış sahəsini uşaq geyimləri mağaza sahəsi kimi icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün aylıq 176 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayından etibarən aylıq 220 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3.4-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 11 ay müddətinə qüvvədədir. Tərəflər arasında imzalanmış 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsinə tərəflərin iradəsinə uyğun 31 avqust 2023-cü il tarixli sazişlə icarəçinin ərizə ilə müraciəti əsasında 1132 manat borc öhdəliyi istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. Həmin saziş tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş və sazişlə cavabdehin Bundan sonra tərəflər aralarında xx.xx.2023-vcü il tarixdə obyektin təhvil-təsliminə dair akt tərtib etmiş və həmin akt üzrə qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02-02/540 nömrəli maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ümumilikdə müxtəlif tarixlərdə 1156 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi üzrə 1132 ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, Obyektin əməliyyat tarixçəsi, Maliyyə arayışı, İcarə obyektinin təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2, 710.1, 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “1522” nömrəli qeyri-yaşayış sahəsini uşaq geyimləri mağaza sahəsi kimi icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün aylıq 176 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayından etibarən aylıq 220 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3.4-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 11 ay müddətinə qüvvədədir. Tərəflər arasında imzalanmış 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsinə icarəyə verən tərəfindən 31 avqust 2023-cü il tarixli sazişlə icarəçinin ərizə ilə müraciəti əsasında 1132 manat borc öhdəlikləri istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. Bundan sonra tərəflər aralarında xx.xx.2023-vcü il tarixdə obyektin təhviltəsliminə dair akt tərtib etmiş və həmin akt üzrə qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi üzrə 1132 ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2023-cü il tarixli 02-02/540 nömrəli maliyyə arayışı və müqaviləyə xitam verilməsi barədə sazişlə öz ilə təsdiqini tapır. Göründüyü kimi iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmetini cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə icarə müqaviləsi üzrə ödənilməmiş 1132 manat əsas və müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış 58,25 manat cərimə borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onun 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi üzrə isə 1132 manat icarə haqqı borcu və 58,25 cərimə borcu ödənilməmiş qalmışdır ki, həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1190,25) ödənilməli dövlət rüsumu 31,9 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 31,9 manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Pul tələbi ilə eyni zamanda iddiaçı onun tərəfindən 70 manat mediasiya xərci ödənildiyini iddia etsə də, iş materiallarına əlavə edilmiş mediasiya sənədindən müəyyən olunduğu kimi sonuncu tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Poçt kargüzarlıq xidməti ilə bağlı mediasiya təşkilatına ödədiyi 10 manat isə tutulmamalıdır. Belə ki, həmin xərc mediasiya sessiyası zamanı çəkilməli olan xərclərin dairəsinə aid deyildir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli, 557 nömrəli subicarə müqaviləsi üzrə 1132 manat əsas və 58,25 manat cərimə borcu, ödənilmiş 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilməmiş 31,9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar