Məhkəmə qərarları › İş №e-2-2(117)-118/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-118/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-118/2023 28.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi əsasında verilmiş 60397 manat məbləğində borcun ödənilməmiş 27903,29 manat məbləğinin, həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 4185,60 manat məbləğində penyanın və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi əsasında verilmiş 60397 manat məbləğində borcun ödənilməmiş 27903,29 manat məbləğinin və həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 4185,6 manat məbləğində penyanın və 200 manat mediasiya rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında bağlanan müqaviləyə əsasən 50 hektar ərazidə tütünün əkilməsi üçün cavabdehə 75000 manat pul köçürülməsi razılığa gəlinmişdir. Lakin, sonradan yoxlama zamanı məlum olmuşdur ki, həmin ərazi 50 hektardan azdır. Ona görə də cavabdehə 60397 manat pul ödənilmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə təhvil verməli olduğundan az tütün təhvil verməklə onların cəmiyyətinə ziyan vurmuşdur. Cavabdehin təqdim etdiyi video görüntülərin kimə aid olduğu, hansı sahə olduğu və tütün sahədə qalıb batma səbəbinin iddiaçı şirkətin qəbul etməməsu səbəbindən, yoxsa cavabdehin səhvi ucbatından baş verməsini təyin etmək olmur. Videolardan da görünür ki, cavabdeh tütünün hamısını yığdırıb, deməli tütünün hamısının qəbul edilməsinin mümkünlüyü ona bildirilibdir. Cavabdehin bildirdikləri əsassızdır. Həmin, Yapon İnvestoru tərəfindən cavabdheə hər hektara 300 manat olmaqla təxminən 10 000 manata yaxın pul vəsaiti hədiyyə olaraq verilmişdir. Həmin pulu cavabdehdən tələb etmirlər. Cavabdehə tütün əkilməsi üçün ödənilmiş vəsaiti tələb edirlər. Bundan əlavə cavabdeh qeyd edilən tütünü sonradan başqa şəxslərə satmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı şirkət müqavilənin şərtlərini pozduğundan iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixdə tərəflər müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə tütünün yığılması üçün işçi qüvvəsi və texnika göndərilməli olsa da, məhkəməyə tədqim edilən fotoşəkillərdən də göründüyü kimi, həmin işçi qüvvəsi və texnika göndərilməmiş, sahədən yığılmış tütünlər anbarlar şəklində torpaq üzərində qalaraq batırılmışdır. Digər fotoşəkillərdə olan onun tərəfindən göndərilən qazel maşını səhər saat 10-da tütün qəbulu məntəqəsinə çatsa da, günün altında gecə saat 11 radələrinə kimi səbəbsiz yerə saxlanılmışdır. Sonra da növbəti gün ona geri qaytarılmışdır. İsrafil məntəqə müdiri olaraq öz vəzifə səlahiyyətlərini aşaraq ilk öncə özünün əkdiyi tütün məhsullarını traktor qoşqusu və qazellər ilə məntəqəyə gətirib kameralara yerləşdirmiş, ona gəldikdə isə kameralarda yer olmamasını bəhanə etmişlər. Natiq və Ramazan adlı məntəqə işçiləri müqavilənin qiymət şərtini pozaraq, müəyyən etmədən qabaqcadan onun tütün məhsuluna 10-15 qəpikdən onlara satmağı təklif etsələr də, həmin dövrdə tütün 10 qəpik ətrafında heç vaxt olmayıb. Cavabdehin təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək sahələrdə qalan tütün məhsulunun işçi qüvvəsi göndərərək yığılması, daşınması və qəbulu həyata keçirilməmişdir. İddiaçı onun təqdim etdiyi yaş tütün məhsulunu qəbul etməli idi. Digər bir video-görüntüdə tütün yığılımasına baxmayaraq 1 ay sahədə qalmış, ondan təhvil alınmamışdır. Natiq adlı şəxslə danışıqları bunu tam sübut edir. Natiqə zəng edərək bugün 2 reys gətirəcəyini, Natiq cavabında isə bugün yox sabah gətirərsən demişdir. Səhərisi gün dekabr ayı olduğu üçün yağış yağmış, axşam isə şaxta olmuş, nəticədə 2 maşın tütün məhv olmuşdur. O, dəfələrlə şirkətin rəhbəri Tanio San ilə danışmış, məhsulun sahədə batıb getdiyini bildirmiş, lakin rəhbər hər dəfə məsələni İsrafilin üzərinə atmışdır. O, xəstə halı ilə İsrafilin yanına gedərək 32 hektar yerdə tütün əkdirdiyini, indi də məhsulunu sahədə batırdığını, tütünün batmaması üçün qəbul etmələrini xahiş etmiş, lakin qəbul etməmişlər. Onun 32 ha sahəsindən gündə 10 maşın olmaqla tütün yığılmalı və daşınmalı olsa da, gündə məcburən 1 və ya 2 maşın göndərə bilirdi. Daha artıq qəbul etmirdilər. Müqavilə üzrə borc vəsaitindən ilkin yığımdan əldə olunan 32493,71 manat ödənişi iddiaçının hesabına ödəmişdir. 2021-ci ilin son hesablaşmasında oktyabr ayında iddiaçı təşkilat sahədən əkdikləri tütün məhsulunu təhvil almaqdan yayınmışdır. Dəfələrlə rəhbərliyin qəbulunda olmuş, işçi qüvvəsi və texnika tələb tələb etmiş, bütün zəruri cəhdləri etməsinə baxmayaraq iddiaçı tərəf üzərinə düşən öhdəlikləri gecikdirməsi və icra etməməsi səbəbindən onun sahəsində əkilən tütün məhsulunu az miqdarda şaxta vurmuşdur. Odur ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair qismən əsassız olduğundan iddia tələbində olan məbləğin yarısını qəbul etdiyini digər hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tütünün becərilməsi üzrə xx.xx.2021-ci il il tarixinədək Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixli 2021-ci il mövsümü üzrə borc müqaviləsi və yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Yaşıl tütünün alqı-satqısına dair müqavilənin 2.1.3-cü bəndinin qeyd hissəsinə əsasən, ştil yarpaqları yan zoğlardan dərilən (bic), don vura gövdə üzərində quruyan (aşlak), tripsləsiyarətlənmiş yarpaqlar qəbula yararsızdır. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən yetişdirilmş yarpaqların yğılması və Sifarişçinin qurutma məntəqəsinə çatdırılması Sifarişçinin tapşırığı əsasında verilmiş qrafik əsasında həyata keçiriləcəkdir. Çatdırılma vaxtı gecikirsə, İcraçı Fermer əvvəlcədən rəsmi qaydada yazılı Sifarişçiyə məlumat verməlidir. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinə 2000-2500 kq-a qədər məhsul yığmalıdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı fermer olan Cavabdeh bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi yaşıl tütünün bütövlükdə xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin 2.1.3-cü bəndindəki şərtlərə uyğun şəkildə sifarişçiyə təhvil verir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Tütütnün daşınmazı İcraçı Fermer tərəfindən təmin edilir. Daşınma Sifarişçi tərəfindən əlavə xidmət olaraq bu Müqavilənin 4.3-cü maddəsinə uyğun tariflərlə icra edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Sifarişçi” sinfinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaşıl tütünü fermerdən İ sinif üzrə 0,27 AZN/kq, İİ sinif üzrə 0,25 AZN/kq, İİİ sinif üzrə 0,20 AZN/kq, İV sinif üzrə 0,10 AZN/kq qiymətə qəbul edilir. Həmin Müqavilənin 5.2-c bəndinə əsasən İcraçı Fermer məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Sifarişçinin tələbi ilə lazımi keyfiyyətdə malik olmayan məhsulun dəyişdirilməsi və qaytarılması zamanı daşınma xərclərini fermer ödəyir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “İcraçı Fermer” tərəfindən tütünün 3.1-ci maddədə razılaşdırılmış müddətdən gec çatdırılmasına “Sifarişçi” hər gecikdirilmiş gün üçün (üzürlü səbəbləri olmadan) 0,1% həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Tütün becərmə üzrə Cavabdeh ilə "X2" MMC arasında xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən İcraçı 2021-ci ilin dekabr ayından etibarən gecikdirilmiş borcun illik 15 %i həcmində dəbbə pulu ödəyir. İddiaçı borc müqaviləsi üzrə borcalana ümumilikdə 1 hektara 1500 manat olmaqla 50 ha üçün ümumilikdə 60397 manat pul vəsaitini borclunun hesabına köçürmüş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 27903,29 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Borc müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən sonradan əkin sahəsinin dəqiqləşdirilməsi aparılmış və ərazinin sahəsi 32 ha, borcun məbləği 53000 manat, xx.xx.2021-ci il tarixli 2 nömrəli əlavə razılaşmaya əsasən isə 25,5 ha, borcun məbləği isə 43250 manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, ümumilikdə 60397 manat yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında avans ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt” larından görünür ki, xx.xx.2021xx.xx.2021-ci il tarixlərini əhatə edən dövrdə ümumilikdə 22 537,11 manat məbləğində məhsul fermer Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və alqı-satqı müqavilələri, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568, 739.1 və 739.2-ci maddələri). Məhkəmə hesab edir ki, tərəflər arasında həm borc müqaviləsindən, eyni zamanda alqı-satqı müqaviləsindən əmələ gəlmiş hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə borc vermiş, cavabdeh isə borcu qəbul etsə də tərəflərin müəyyənləşdirdikləri tütün məhsulunu istehsal edib iddiaçıya tam həcmdə təqdim edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, 60 397 manat məbləğində avans ödənişi iddiaçı tərəfindən cavabdehə ödənilmiş və müqavilədə nəzərdə tutulmuş müddətin sonuna təhvil-təslim aktlarına əsasən 22 537,11 manat məbləğində müxtəlif növ yaşıl tütün təhvil verilmişdir. Lakin iddiaçı təhvil verilən tütünün təhvil-təslim aktları olan hissədən artıq yəni 32493,71 manat məbləğində qəbul etdiyini ərizəsində etraf etmişdir. Ona görə də məhkəmə iddiaçının qəbul etdiyi tütünün məbləğini əsas götürməli və iddiadan kənara çıxmamalıdır. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təhvil verilən məhsulun məbləğini də əhatə etdiyindən cavabdeh müqavilə üzrə öhdəliklərini 27 903,29 manat hissədə icra etməmişdir. Məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfin etirazlarını əsaslardıran halların müəyyən edilməsi ilə bağlı tədbirlər görülsə də, cavabdehin bildirdiyi arqumentləri təsdiq edən sübutların yetərli olmadığı müəyyən edilmiş, bununla bağlı X3 İnkişaf Mərkəzinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda həmin dövrdə müvafiq müraciətin olmadığı və sübutlar təqdim edilmədiyi əsası ilə məhkəmənin verdiyi suallara cavab verilməmişdir. Məhkəmə müəyyən edir ki, 2021-ci ilin iyul ayından başlayaraq cavabdeh tərəfindən yığılaraq təhvil verilən tütünlə bağlı tərəflər arasında hər hansı bir rəsmi yazışma, etiraz və digər mübahisə xarakterli danışıqlar olmamışdır. Məhkəməyə təqdim edilən cavabdehlə iddiaçının əməkdaşları olan şəxslərlə aparılan danışıqlar xx.xx.2021-ci il tarixdən sonra başlamışdır. Halbuki müqavilə tələblərinə görə cavabdeh xx.xx.2021-ci il tarixədək tütün məhsulunu tam formada yğaraq təhvil verməli idi. Bundan əlavə cavabdeh məhkəmədə bildirmişdir ki, ona məxsus 2 ədəd “Qazel” markalı avtomaşın dolu tütün yarpaqlarını iddiaçı 2021-ci ilin oktyabr ayının sonunda təhvil almamış, bundan sonra sahədə olan məhsulu şaxta vurmuş və iddiaçı həmin tütünü qəbul etməkdən imtina etmişdir. Xeyli tütünü yığılı formada yerdə qalmışdır. Cavabdeh etiraf edir ki, onun sahədə olan tütününü 2021-ci ilin noyabr və dekabr aylarında don (şaxta) vurmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Yaşıl tütünün alqısatqısına dair müqavilənin 2.1.3-cü bəndinin qeyd hissəsinə əsasən, ştil yarpaqları yan zoğlardan dərilən (bic), don vura gövdə üzərində quruyan (aşlak), tripsləsiyarətlənmiş yarpaqlar qəbula yararsızdır. Bundan əlavə cavabdeh etiraf etmişdir ki, 20 ildən çoxdur ki, tütün əkin bu sahəni bilir, artıq mütəxəssis səviyəsindədir. İddiaçı tərəfindən qəbul edilməyən don vuran tütün yarpaqlarını 2022-ci ilin yanvar ayında Şəki rayonundan olan “Tehran” adlı şəxsə satmışdır. Bildirdiyinə grə 7 ton məhsulu kiloqramın 50 qəpikdən satmış, təxminən 3500 manat əldə etmişdir. İş materiallarında olan təhvil-təslim aktlarından müəyyən etmək mümkündür ki, iddiaçı tərəfindən cavabdehin tütütn məhsullarını xx.xx.2021-ci il tarixədək qəbulunu aparmışdır. Lakin məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan da məlum olduğu kimi, iddiaçı şirkət tərəfindən cavabdehin 2 maşın tütünü qəbul etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp yazışmalarından aydın olur ki, cavabdeh 29 oktyabr 2021-ci il tarixdən dekabr və yanvar aylarında Yapon investor Tanio San ilə, həmçinin həmin dövrdə iddiaçı şirkətin əməkdaşları (Namiq müəllim) olmuş şəxslərlə danışıqlar aparmış və qeyd olunan 2 maşın tütünün təhvil alınması ilə bağlı cavabdeh tərəfindən lazımi tədbirlər görülmüşdür. Lakin heç bir hüquqi və faktiki əsas olmadan iddiaçı tərəfindən müqavilə öhdəlikləri icra edilməmiş, məntəqənin dolu olması səbəbi ilə məhsulu təhvil alınmamışdır. Eyni zamanda, iddiaçının məhkəmədə iştirak edən nümayəndəsi qeyd edilən maşınların cavabdehə geri qaytarılması əsası və səbəbinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Müqavilə şərtlərinə görə tütün qurutma anbarının dolu olması məhsulun qaytarılması üçün əsas deyildir. Cavabdehin irəli sürdüyü bu arqumentə iddiaçının nümayəndəsi konkret cavab verə bilməmiş, əsaslandırılmış arqument ortaya qoya bilməmiş, həmin dövrdə tütün qurutma anbarlarının dolu olmasının mümkünlüyünü bildirmişdir. Cavabdehin təqdim etdiyi yazışmalarda həmin 2 maşın dolu tütün yarpaqlarının qaytarılmasının əsassız olması ilə bağlı iddiaçı təşkilatın əməkdaşılarına etirazını bildirmişdir. Qeyd edilən şəxslərin iddiaçı təşkilatın əvvəlki əməkdaşları olmasını iddiaçının nümayəndəsi təsdiq etmişdir. Cavabdehin təqdim etdiyi digər vatsapp yazışmalarının isə konkret olmadığından, təqdim edilən fotoların hansı əraziyə aid olması və fotoları çəkilən yığılaraq yerə sərilmiş tütün yarpaqlarının hansı mövsümdə çəkildiyini müəyyən etmək mümkün olmadığından həmin arqumentlər məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə qeyd edilən yazışmaları dolayı sübut olaraq qəbul edərək digər sübutlarla birlikdə qiymətləndirib hesab edir ki, cavabdehin 2 maşın tütün məhsulunun iddiaçı tərəfindən qəbul edilmədiyi aşkar edilir. Cavabdehin bu hissədə göstərdiyi dəlillər ağlabatandır və tərəflər arasında bağlanmış müqavilə şərtlərinin pozulması ilə nəticələnmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, yararlı məhsul Sifarişçi tərəfindən təhvil alınmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarından müəyyən edilir ki, tərəflər arasında bütün hərəkətlər sənədləşdirilməli, aktlar tərtib edilməli və təsdiq edilməlidir. Belə sənədləşmə aparılmadığından cavabdehin bildirdiyi fakların tam əsaslı olmasını qəbul etmək mümkün deyildir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən, “Sifarişçi” sinfinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaşıl tütünü fermerdən İ sinif üzrə 0,27 AZN/kq, İİ sinif üzrə 0,25 AZN/kq, İİİ sinif üzrə 0,20 AZN/kq, İV sinif üzrə 0,10 AZN/kq qiymətə qəbul edilir. İddiaçı orta qiymət olaraq 1 kq tütn yarpağını orta qiymət olaraq 24 qəpik olmaqla qəbulunu aparmışdır. Bundan əlavə, tütün məhsulunun təhvil-təslim aktlarında cavabdeh tərəfindən təhvil verilən bir ədad maşının tütün yarpağı tutumu 1600-2200 kq təşkil edir. İddiaçının nümayəndəsi həmin maşınların tutumunun 2000 kq təşkil etdiyini bildirmişdir. 2 maşın üzrə hər maşında 2 ton olmaqla, 4 ton məhsul nəzərdə tutulur ki, bu da 4000 kq edir. 1 kq tütün yarpağının alış qiymətini müqavilədə qeyd edilən qiymətlərə əsasən orta qiymət olaraq 0,24 manat qəbul etsək, 4000 kq x 0,24 manat= 960 manat. Odur ki, iddiaçı 960 manat pulun ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 26 943,29 manat məbləğində əsas borcun ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə 4185,60 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı isə üzərinə düşən prosessual hərəkətləri vaxtında etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Tütün becərmə üzrə Cavabdeh ilə "X2" MMC arasında xx.xx.2020-ci il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən İcraçı 2021ci ilin dekabr ayından etibarən gecikdirilmiş borcun illik 15 %i həcmində dəbbə pulu ödəyir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 4185,60 manat deyil, 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi qismən təmin edilsə də əsas borca münasibətdə tam təmin edildiyindən, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 186,27 manat dövlət rüsumunun 29,29 manat hissəsi İddiaçı MMC-dən, 156,98 manat hissəsi isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 26 943,29 manat məbləğində əsas borc, 100 manat məbləğində penya və 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 186,27 manat dövlət rüsumunun 29,29 manat hissəsi İddiaçı MMCdən, 156,98 manat hissəsi isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar