Məhkəmə qərarları › İş №e-2-2(117)-1182/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1182/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1182/2023 29.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, U-08- 07/22 №-li daşınmaz əmlakın icarəsi müqaviləsinin ləğv edilməsi, avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 12210 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, U-08- 07/22 №-li daşınmaz əmlakın icarəsi müqaviləsinin ləğv edilməsi, avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 12210 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə aralarında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Cavabdeh, onun mülkiyyətində olan Ağsu şəhəri, H.Əliyev prospekti 394 ünvanında yerləşən 333.9 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə verməyi, icarəçi isə həmin obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş aylıq icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə müddətin axımı və haqqın hesablanması mağazanın rəsmi açılış tarixindən etibarən başlayır və xx.xx.2027-ci il tarixinədək qüvvədədir. Mağazanın açılış tarixi tərəflər arasında imzalanmış akt ilə təsdiqlənməlidir. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavənin 2-ci bəndinə əsasən 1 ay üzrə icarə haqqı 2000 manat icarə haqqı = 325,58 manat ÖMV təşkil edir. Müqaviləyə 1 saylı Əlavənin 3-cü bəndinə əsasən, icarəçi ilk 6 ayın icarə haqqını icarəyə verənə avans şəklində öncədən ödəyəcəkdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq təqdim etdiyi bank hesabı vasitəsilə 6 aylıq icarə haqqı olan 12000 manat avans ödənilmişdir. Lakin avans ödənildikdən sonra mövcud şəraitin dəyişməsi, şirkətə məxsus mağazaların hamısında ard-arda fəaliyyətin dayandırılması səbəbindən icarə müqaviləsində göstərilən obyektdə mağazanın açılışı baş tutmamış və açılışla bağlı hər hansı akt da imzalanmamışdır. Beləliklə, açılış baş tutmadığından, müqavilə üzrə icarə müddətini axımının və icarə haqqının hesablanmasına başlanılmamışdır. Belə olan halda, avans qismində cavabdehə ödənilmiş 6 aylıq icarə haqqı müqavilə baş tutmadığı üçün geri qaytarılmalıdır. Qeyd olunan səbəblərdən, hazırda müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. Obyekt onlara təhvil veriləndə təmirsiz olub. O, obyekti icarəyə götürmək barədə müqavilə imzalasalar da obyekti bir gün belə olsa işlədə bilmədilər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, obyekt iddiaçıya veriləndə artıq təmir edilmişdir. Onlar qarşılıqlı iddia vermək istəyirdilər, lakin müddəti ötürdükləri üçün ayrıca iddia ilə məhkəməyə müraciət edəcəklər. Keçən məhkəmə iclasında iddiaçının nümayəndəsi obyekti açmamalarının səbəbinin maddi vəziyyətlə bağlı olduğunu bildirsə də, indi təmirlə bağlı olduğunu deyir. Tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. İddiaçı tərəf cavabdehə məxsus obyekti icarəyə götürməklə ona ziyan vurmuşdur. Cavabdeh obyekti icarəyə verməzdən əvvəl iddiaçıya məxsus malların satışına uyğun olaraq həmin obyekti təmir etdirmişdir. Bütün bunları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən Cavabdeh Əlavə 1-də yerləşən obyekti icarəyə götürən "xxxx" MMC-yə icarəyə verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu Müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə müddətin axımı və haqqın hesablanması obyekt icarəyə verən tərəfindən mağazanın rəsmi açılış tarixindən etibarən başlayır və xx.xx.2027-ci il tarixinədək qüvvədədir. Mağazanın açılışı tərəflər arasında imzalanmış akt ilə təsdiqlənəcəkdir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, əgər tərəflərdən hər hansı biri müddətin bitməsinə ən azından 30 gün almış müqavilənin ləğv olunması barədə yazılı bildiriş verməzsə, müqavilənin növbəti 5 il müddətinə bu müqavilədə müəyyən edilmiş eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir və həmin vaxt axımı bu Müqaviləinin şərtlərinə uyğun olaraq müddət kimi qəbul ediləcək. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, icarəyə verən obyekti bu Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavədə müəyyən olunan təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir. Hər tərtib edilmiş akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, obyekt istismar və təyinatı üzrə istifadə üçün minimum standartlara və tələblərə uyğun olmadıda icarəçi obyekti təhvil almamaq hüququna sahib olur. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəyə verən obyekti və avadanlıqları normal köhnəlmə və aşınma nəzərə alınmaqla heç bir əlavə haqq tələb etmədən 5 gün ərzində icarəçidən akt əsasında geri təhvil almalıdır. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə bu Müqavilə vaxtından əvvəl ləğv edilə bilər. Həmin Müqavilənin 13.3-cü bəndinə əsasən, icarəçi 2 ay öncədən icarəyə verəni xəbərdarlıq etməklə bu Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Həmin Müqavilənin 13.4-cü bəndinə əsasən, icarəyə verən bu Müqaviləni 6 ay əvvəlcədən icarəçini yazılı qaydada xəbərdar etməklə birtərəfli qaydada ləğv edə bilər. Həmin Müqavilənin 16.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6 aylıq 12000 manat avans məbləği "xxxx" MMC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsinə: 1 saylı Əlavəyə (obyekt və icarə haqqı) əsasən, Cavabdeh Ağsu şəhərində 333.9 kv.m torpaq sahəsində yerləşən H.Əliyev prospekti 394 ünvanında olan obyekti bir aylıq 2325,58 manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin Əlavənin 3-cü bəndinə əsasən, haqq hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq ödənilməlidir. İcarəçi ilk 6 ayın icarə haqqını icarəyə verənə avans şəklində öncədən ödəyəcəkdir. 2 saylı Əlavəyə (təhvil-təslim aktı) əsasən, obyekt icarəyə verən tərəfindən təmir edilməlidir. İcarəyə verən tərəfindən heç bir avadanlıq təhvil verilməyib. 3 saylı Əlavəyə əsasən, icarəyə verilən obyekt minimum standart və tələblərə cavab verir. 4 saylı Əlavəyə əsasən, 2000 manat məbləğində tikinti işlərinin aparılması icarəçi tərəfindən həyata keçiriləcəkdir. 5 saylı Əlavəyə əsasən, obyekt təhvil verilən zaman təmirsiz vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, həmin məktub icarə müqaviləsinin ləğvi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, həmin pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmışdır. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, icarəyə verən Cavabdeh ilə icarəyə götürən "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsi bağlayaraq Ağsu şəhərində 333.9 kv.m torpaq sahəsində yerləşən H.Əliyev prospekti 394 ünvanında olan obyekti bir aylıq 2325,58 manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin Müqavilə 01.20.27-ci il tarixədək bağlanılmış və tərəflərdən birinin 30 gün əvvəlcədən müqavilənin ləğvi ilə bağlı bildiriş verməyəcəyi təqdirdə 5 il müddətinə uzadılacağı barədə tərəflər razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən tərəflərin arasında bağlanmış Müqavilənin və həmin Müqaviləyə Əlavənin şərtlərinə uyğun olaraq 6 aylıq 12000 manat avans məbləği Cavabdeh hesabına köçürülmüş və icarəyə verən tərəfindən obyekt təmir edilərək icarəçiyə təhvil verilmişdir. Lakin mağazanın rəsmi açılışı olmamışdır. İddiaçı hazırki iddianı qaldıraraq həmin obyektdən istifadə etməsinin iddiçı hüquqi şəxsin maddi vəziyyətinin pisləşməsi səbəbindən mümkün olmadığına görə müqavilənin ləğv edilməsini və avans qismində ödədiyi 12000 manat pulun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərdən mövcuddur. Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanıb, icarə obyekti İcarəyəverən tərəfindən İcarəçiyə təhvil verilib. Təhvil verilərkən həmin mağaza binası təmirli olmamış, tərəflər aralarında olan razılaşmaya əsasən icarəçinin göstərdiyi parametrlər əsasında təmir olunacağını razılaşmışlar. Tərəflər arasında imzalanmış təhvil–təslim aktına əsasən obyekt İcarəçiyə təmirli formada təqdim edilib. Tərəflərin nümayəndələri məhkəmə iclasında etiraf edir ki, razılaşdırılmış vaxtda, yəni. nəzərdə tutulan müddətdə müqavilə bağlanan tarixdən 1-2 ay sonra təmir olunub və bu barədə şifahi olaraq bir-birini məlumatlandırılıblar. Lakin iddiaçı tərəfindən “Texnomart” tipli mağaza olaraq fəaliyyət göstərmələri maddi imkanlarının olmaması ucbatından açılış tarixi ləngimiş, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv etmək və ödədiyi avan vəsaitinin qaytarılması barədə cavabdehə pretenziya məktubu göndərmiş, cavabdehə həmin məktub xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İddiaçı maddi imkanın aşağı düşməsi səbəbindən müvafiq mağazanın açılışının edilməməsinə əsaslanaraq müqavilənin ləğv edilməsini və ödədiyi vəsaitin geri qaytarılmasını xahiş edir. Məhkəmə ilkin olaraq “icarə müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndindən də göründüyü kimi, müqavilə üzrə icarə haqqının hesablanması mağazanın açılışı tarixindən hesablanacaqdır. Müqavilənin həmin bəndinə əsasən, müqavilə üzrə müddətin axımı və haqqın hesablanması obyekt icarəyə verən tərəfindən mağazanın rəsmi açılış tarixindən etibarən başlayır və xx.xx.2027-ci il tarixinədək qüvvədədir. Mağazanın açılışı tərəflər arasında imzalanmış akt ilə təsdiqlənəcəkdir. Müqavilənin qeyd edilən bəndin məzmunundan və tərəflərin davranışlarından müəyyən edir ki, mağazanın açılış tarixi uzun müddət davam edə bilməzdi. Çünki bununla bağlı tərəflərin razılığı müqavilə şərtləri baxımından ağlabatan müddət ərzində baş verməli idi. Çünki cavabdeh gəlirdən məhrum olardı. Cavabdehin iddiaçı ilə müqavilə bağlamaqda maddi marağı olmuş, çünki iddiaçı maddi imkanlı şirkətdir, ona icarə haqqının vaxtında ödənilməsi və müqavilənin uzun müddət qüvvədə qalacağına əmin olmuşdur. Əslində hazırkı mübahisə üzrə əslində gözlədiklərindən məhrum olmuşdur. Cavabdehin mağazanın təmir etdirərək iddiaçıya təhvil verməsi faktı sübut edilir, lakin cavabdeh özü mağazanın açılış tarixini müəyyən səbəblərdən iddiaçı tərəfindən həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin rəsmi yazışmalarından və müqavilə üzrə davranışlarından müəyyən edilir ki, ən azı mağazanın açılış tarixi xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuşdur. Bunu iddiaçının nümayəndəsi də izahatında təsdiqləmişdir. MM-nin: 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Maddı 352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin şərt üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsi ağlabatan müddət ərzində icarəçi tərəfindən mağazanın açılışı ilə bağlı bütün tədbirlərin görüləcəyi, yalnız ondan asılı olmayan səbəblərdən açılışın baş tutmaması halında pozitiv əqdlə bağlanılmış əqd kimi qəbul edilə bilər. Ona görə hazırki vəziyyətdə müqavilənin etibarsızlığı halı əmələ gəlməmişdir. Mağazanın rəsmi açılışı baş tutmamışdır və iddiaçının nümayəndəsi tərəfindən buna səbəb kimi icarəyə verənin müqavilə üzrə hər hansı öhdəliklərini pozması halı deyil, iddiaçının maddi vəziyyətinin yaxşı olmaması göstərilmişdir ki, bu da icarəçinin iradəsindən asılı olan hal deyildir. İddia tələbinin digər hissəsi “avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat pulu qaytarılması”ndan ibarətdir. İddiaçı ən azı bun maddi vəziyyətin ağırlığını cavabdehə bildirməli, bu barədə məlumat təqdim etməli idi və ya müqaviləni ləğv edə bilərdi. Bununla bağlı qeyd edilən Müqavilənin əsas şərtləri ilə işin faktiki hallarını və həm icarəçinin, həm icarəyə verənin müqavilə öhdəliklərini icra etməsini və icra edə bilməməsi hallarının işin faktiki halları ilə uyğunluğunu və onların mənafeyini təhlil etməyi zəruri hesab edir: Müqavilənin 4.1-ci bəndi: İcarəyə verən obyekti bu Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavədə müəyyən olunan təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir. Hər tərtib edilmiş akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. İcarəyə verən obyekt təhvil-təslim aktı əsasında icarəçiyə verilməsi hər iki tərəfin izahatları və iş materialları ilə sübut olunur. xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsinə 1 saylı Əlavənin 3-cü bəndinə (obyekt və icarə haqqı) əsasən, haqq hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq ödənilməlidir. İcarəçi ilk 6 ayın icarə haqqını icarəyə verənə avans şəklində öncədən ödəyəcəkdir. xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsinə 2 saylı Əlavəyə (təhviltəslim aktı) əsasən, obyekt icarəyə verən tərəfindən təmir edilməlidir. İcarəyə verən tərəfindən heç bir avadanlıq təhvil verilməyib. Tərəflər obyekt icarəyə verərkən onun icarəyə verən tərəfindən təmir edilməsini təsdiq edirlər. Müqavilənin şərtlərinə əsasən, icarəçi bu şərtin 2 ay qabaqcadan icarəyə götürəni xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Mülki Məcəllənin: 689.1-ci maddəsinə əsasən Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı 2 aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6 aylıq 12000 manat avans məbləği "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən köçürülmüş və obyekt təmir edilərək icarəçiyə təhvil verilmişdir. Yəni, müqavilə üzrə tərəflər öhdəliklərini lazımınca icra etmişlər. İddiaçının avans məbləğinin qaytarılması üzrə tələbi onunla əsaslandırılır ki, mağazanın açılışı xx.xx.2022-ci ildə nəzərdə tutulduğundan, lakin bu mümkün olmadığından mağazadan istifadə edə bilməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı mağazanın açılışının olmamasını cavabdehin hər hansı təqsiri ucbatından baş tutmasına əsaslanmır. Belə ki, ən geci xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf mağazanın açılışının baş tutmayacağını bilirdi. Lakin iddiaçı tərəfindən ağlabatan müddətdə cavabdehə bu barədə məlumat verilməmiş və müqavilənin ləğvi ilə bağlı bildiriş 16 mart 2023-cü il tarixdə göndərilmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdeh tərəf mağazanın açılışının 01.10.22-ci ildə baş tutacağını haqlı səbəblərdən nəzərdə tutduğundan və həmin tarixdə və ya ondan sonra ağlabatan müddətdə icarəyə verənə məlumat verilmədiyindən, avans ödənişi həmin tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri sistemli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamış və obyektin istifadəyə verilməməsi yalnız bir səbəblə, iddiaçının maddi imkanının olmaması ilə bağlı olmuşdur. Bu isə cavabdehin təqsirini və avans məbləği geri qaytarmasında borclu olmasını istisna edir. Əksinə cavabdeh sahibkarlıqla məşğul olan fiziki şəxsdir və həmin məbləğin geri qaytarılması onun əsaslı mənafeləri ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, iddiaçı qeyd edilən icarə obyektindən hazırkı vaxta kimi istifadə etməmişdir, bu halda isə cavabdehin hər hansı bir təqsirli davranışı mövcud deyildir. Tərəflərin bildirdiyinə görə hazırkı vaxta kimi qeyd edilən obyekt başqa şəxsə icarəyə verilməmişdir. Tərəflər arasında müqavilənin 13.3-cü bəndinə əsasən İcarəçi tərəfindən İcarəyəverən xx.xx.2023-cü il tarixdə müqaviləni xəbərdar etmiş, xx.xx.2023-cü il tarixdən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qeyd edilən müqavilənin təkrarən ləğv edilməsi qanuna uyğun sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Beləliklə, iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilməmiş 126 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, U-08- 07/22 №-li daşınmaz əmlakın icarəsi müqaviləsinin ləğv edilməsi, avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 12210 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 126 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar