Məhkəmə qərarları › İş №e-2-2(117)-1185/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1185/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1185/2023 14.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “3672,11 manat kredit bоrcu, 354,64 manat faiz bоrcu və 201,26 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4228,01 manat məbləğində bоrcun, ödənilmiş 2,29 manat dövlət rüsumunun və 60 manat məbləğində mediasiya xərcinin cavabdеhlərdən müştərək qaydada tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 026G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 026G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 3672,11 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 3672,11 manat kredit bоrcu, 354,64 manat faiz bоrcu və 201,26 manat cərimə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə məhkəmə bildirişləri və sənədləri ünvanları üzrə rəsmi qaydada xx.xx.2023-cü il tarixində çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubu, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 3672,11 manat əsas borcu və aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 354,64 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 3672,11 manat əsas və 354,64 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə 201,26 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 201,26 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 3672,11 manat əsas, 354,64 manat faiz və 50 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (4228,01) ödənilməli dövlət rüsumu 62,28 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna görə əsaslıdır, yalnız cərimə məbləğinə münasibətdə məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı tərəfindən 2,29 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ödənilmiş və bunu təsdiq edən sənədlər təqdim edilmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 2,29 manat dövlət rüsumunu və 60 manat medisasiya xərcini cavabdehlərdən tələb etdiyindən 2,29 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilməmiş 59,99 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3672,11 manat əsas, 354,64 manat faiz, 50 manat cərimə borcu və 60 manat məbləğində mediasiya xərci, 2,29 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 59,99 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar