Məhkəmə qərarları › İş №e-2-2(117)-1186/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1186/2022

20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1186/2022 20.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “barəsində tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2014-cü il tarixli 01283 nömrəli akt üzrə hesablanmış 1776,18 manat borcun hesabından silinməsi” tələbi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Fiziki şəxs (fərdi sahibkar) İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Şəki rayonu Dərəcənnət kəndində yerləşən qeyri-yaşayış sahəsinə (ferma) quraşdırılmış sayğaca xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, abonentin elektrik sayğacından kənar birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilərək 01283 nömrəli akt tərtib edilmişdir. İddiaçı enerji təchizatı müəssisəsinin (ETM) elektron bazasında adına qeydiyyatda olan **********1 (**********91001) nömrəli abonent kodu üzrə enerji hesabında 1734,12 manat məbləğində borcun olması, 153,37 manat borcun “Sayğac alınması və quraşdırılması” adı ilə əsassız olaraq hesabına daxil edilməsi, bundan sonra qeyd olunan borcların 111,31 manat hissəsinin ödənilməsi və nəticədə xx.xx.2021-ci il tarixə 1776,18 manat borcunun qalması Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən iddiaçıya ünvanlanan 25 yanvar 2022-ci il tarixli məktubla öz təsdiqini tapır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən barəsində tərtib edilmiş xx.xx.2014-cü il tarixli aktdan son vaxtlarda məlumatı olmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərini pozmuşlar və akt tərtib etməklə yanlışlığa yol vermişlər. Odur ki, barəsində tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 01283 nömrəli akt üzrə hesablanmış 1776,18 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış zamanı abonentin elektrik sayğacından kənar birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş, abonentə sayğacdan kənar keçən xəttən keçən yükə uyğun 0.06 manatla 27700 kvts dəyəri 1662 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı iddia tələbində silinəcək məbləği 1776,18 manat göstərsə də, iddiaçıya akt əsasında 1662 manat hesabat aparılmış, yerdə qalan 114,18 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. İddiaçının xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 1139,28 manat borcu vardır. Həmçinin, cavabdeh iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini, xx.xx.2014-cü il tarixli akta əsasən 3 illik tələbetmə müddətinin başa çatdığını bildirmiş və iddia tələbinin bu əsasla rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edlir ki, iddiaçıya xx.xx.2015-ci il tarixə ETAİS proqram təminatından keçən borc kimi 1734,12 manat qeyd edilmiş və abonentin hazırki vaxta 1139,28 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, Abonent haqqında məlumat cədvəlləri, Məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-nin əməkdaşları tərəfindən Şəki rayonu Dərəcənnət kəndində yerləşən qeyriyaşayış sahəsinə (ferma) quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı abonentin elektrik sayğacından kənar birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi müəyyən edilərək 01283 nömrəli akt tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli 01283 nömrəli akt əsasında abonentə 1776 manat məbləğində borc hesablanması Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən iddiaçıya ünvanlanan 25 yanvar 2022-ci il tarixli məktubla öz təsdqini tapır. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş etiraza əsasən, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış zamanı abonentin elektrik sayğacından kənar birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş, abonentə sayğacdan kənar keçən xəttən keçən yükə uyğun 0.06 manatla 27700 kvts dəyəri 1662 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı iddia tələbində silinəcək məbləği 1776,18 manat göstərsə də, iddiaçıya akt əsasında 1662 manat hesabat aparılmış, yerdə qalan 114,18 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. İddiaçının xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 1139,28 manat borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin ödəniş və sərfiyyatı barədə məlumat cədvəllərindən görünür ki, abonentin enerji hesabatında olan 1734,12 manat borc xx.xx.2015-ci il tarixdə ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Bundan başqa, cavabadeh tərəfindən təqdim edilmiş abunə haqqında məlumat cədvəlindən göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixə enerji hesabında 1139,28 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə olan 1139,28 manat borcu 2015-ci il tarixədək yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən son tələb etmə müddəti bitdiyi üçün silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, cavabdeh ASC yuxarıda qeyd edilən normaların müddəalarını nəzərə almamış, iddiaçıya hesablanmış borcu 2015-ci il tarixdən etibarən tələb etməyərək məhkəmə orqanlarına müraciət etməmiş və nəticədə silinməli olan borcu silməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, iddiaçının hesabında olan borc məbləği silinməlidir. Belə ki, iddiaçının hesabında ödənilməmiş borc tələb etdiyi kimi 1776,18 manat deyil hazırda ödənilməmiş borcu 1139,28 manatdır ki, məhz həmin borcda silinməlidir. Cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olmasına dair etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sadalanan normalardan göründüyü kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddəti, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş müddətdir ki, həmin müddətin keçməsindən asılı olmayaraq hüququn müdafiəsi haqqında tələb məhkəmə tərəfindən baxılmağa qəbul edilir və yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddətinin tətbiq edilməsi barədə ərizə, qanunvericiliklə cavabdehə verilmiş bir hüquqdur ki, o həmin hüquqdan yalnız ona qarşı tələb irəli sürüldüyündə və həmin müddət ötürüldüyündə istifadə edə bilər. Hazırki vəziyyətdə iddiaçı cavabdehdən pul tələb etmir və ondan hər hansı hərəkətin edilməsini arzulamır. İddiaçı ona hesablanmış borcu əsassız hesab edərək silinməsini tələb edir ki, hazırki iddia tələbinə müddət şamil edilə və iddia müddətinin tətbiq edilməsi ilə iddia rədd edilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya hesablanmış 1139,28 manat borc məbləği qanunsuz hesablandığından iddia qismən təmin edilməli, həmin borc məbləği iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 37,76 manat dövlət rüsumunun 13,54 manatı iddiaçıdan, 24,22 manat hissəsi isə cavabdehdən tutulmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı mediasiya xərci olaraq 60 manat mediasiya qurumuna ödədiyindən o, yalnız məhkəməyə müraciət etmək imkanını əldə etmək üçün dövlət rüsumundan azad edilmiş və buna görə ümumiyyətlə dövlət rüsumunu ödəməkdən azad edilməmidir. İddia tələbi qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar ödənilməmiş dövlət rüsumu tərəflər arasında bölünməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 1139,28 manat borc onun hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 37,76 manat Dövlət rüsumunun 13,54 manatı İddiaçı, 24,22 manat hissəsi isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar