Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1187/2023 20.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “735,71 manat məbləğində kredit borcu, 113,09 manat məbləğində faiz borcu, 37,24 manat məbləğində cərimə borcu və ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “735,71 manat məbləğində kredit borcu, 113,09 manat məbləğində faiz borcu, 37,24 manat məbləğində cərimə borcu və ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015A********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bank ümumi məbləği 900 manat olan borc pulu aylıq 2,25 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana fərdi mikrokredit məqsədilə verilir. 4.1.3-cü bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. 4.2.3-cü bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqavilələrinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini hər ay 62 manat, sonuncu ay isə 61,97 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədi üzrə 900 manat pul vəsaiti Cavabdeh AZ97ACAB********************9 nömrəli hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcları qalmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh 735,71 manat məbləğində kredit borcu, 113,09 manat məbləğində faiz borcu, 37,24 manat məbləğində cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən bildiriş geri qaytarıldığından xx.xx.2023-cü il tarixdə cavabdehin istifadəsində olan mobil telefonun vatsapp sosial şəbəkə vasitəsilə məhkəmə sənədləri cavabdehə rəsmi qaydada təqdim edilmiş, o borcu tez bir müddətdə ödəyəcəyini bildirmiş, eyni zamanda cavabdehin Vergi orqanında olan elektron kabineti vasitəsilə də qeyd edilən sənədlər cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin baxılma müddətini nəzərə alıb hazırkı işə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri hesab etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015A********** nömrəli kredit razılaşmasına əsasən bank ümumi məbləği 900 manat olan borc pulu aylıq 2,25 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə kredit vəsaitini hər ay 62 manat, sonuncu ay isə 61,97 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Tərfələr arasında bağlanmış müqavilənin şərtlərinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən əsas və faiz borcu ilə bağlı əks arqument və ya dəlil irəli sürülmədiyindən məhkəmə öz təşəbbüsü ilə bağlı əlavə araşdırma aparmamış, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin “37,24 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən 37,24 manat cərimə məbləğinin 5 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən 735,71 manat məbləğində kredit borcu, 113,09 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləğinə münasibətdə tam təmin edildiyindən 40 manat mediasiya xərci, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 735,71 manat məbləğində kredit borcu, 113,09 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu və 40 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov